2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 03:22
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran təmsilçiləri Qətəri tərk ediblər

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranın neft naziri istefa verib

Möhsün Paknejad
Möhsün Paknejad

İranın neft naziri Möhsün Paknejad oktyabrın 4-də istefa verib. Prezident Məsud Pezeşkian onun istefasını qəbul edib, dövlətə məxsus İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bovardı neft naziri vəzifəsinin müvəqqəti icrası təyin edib. İran rəsmilərinin bildirdiyinə görə, Paknejad bir müddət əvvəl şəxsi səbəblərdən istefa ərizəsi yazsa da, Pezeşkian əvvəlcə bunu qəbul etməyib.

Bu istefa İranın neft sənayesinin ciddi təzyiq altında olduğu bir dövrə təsadüf edir. ABŞ iyulda İran limanlarına qarşı dəniz blokadası elan edib.

ABŞ-nin maliyyə naziri Skot Bessent oktyabrın 1-də bildirib ki, sentyabrda İranda tankerlərə bircə barel də olsun xam neft yüklənməyib. Onun sözlərinə görə, bu, Vaşinqtonun təzyiq kampaniyası nəticəsində Tehranın ən mühüm gəlir mənbələrindən birinin kəsildiyini sübut edir.

"Bloomberg"in tankerlərin hərəkətinin izlənilməsinə dair topladığı ilkin rəqəmlər, "Kpler" və "Vortexa" analitik şirkətlərinin hesabatları da sentyabrda İran neftinin tankerlərə yüklənmədiyini təsdiqləyib. Avqustda bu göstərici gündəlik təxminən 250 min barel təşkil edirdi.

Bessent sentyabrda bildirib ki, əsasən Çinə göndərilən təxminən 15 milyon barel İran nefti hələ də dənizdədir. O, həmin yüklər çatdırıldıqdan sonra İranın satmaq üçün çox az neftinin qala biləcəyini proqnozlaşdırıb.

ABŞ avqustda başlatdığı "İqtisadi təcrid" əməliyyatı çərçivəsində Tehrana qarşı sanksiyaları daha da sərtləşdirib. Maliyyə Nazirliyi İranın qalan aviaşirkətlərini də qara siyahıya salaraq, ölkənin maliyyə, sənaye və neft şəbəkələrini hədəf alıb.

İranın ixracındakı bu axsamalara baxmayaraq, Fars körfəzinin digər neft istehsalçılarının tədarükü kəskin artıb. Sentyabrda onların ixracı müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb və ya həmin həddi ötüb.

ABŞ Yaxın Şərqdə qüvvələrini artırır

İranla gərginliyin yüksək olaraq qaldığı bir vaxtda ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır. Bu arada prezident Donald Tramp Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edib-etməməyi nəzərdən keçirdiyini bildirib.

“Axios” ABŞ rəsmilərinə və regiondakı bir mənbəyə istinadla bildirib ki, ABŞ hərbçiləri əsas enerji obyektlərini İranın mümkün hücumlarından qorumaq üçün bu yaxınlarda Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdiriblər. Bir sistem Səudiyyə Ərəbistanında neft obyektini, digəri isə Qətərdə təbii qaz obyektini qorumaq üçün göndərilib.

ABŞ regiona əlavə hərbi dəniz qüvvələri də göndərir. Bunlara USS Theodore Roosevelt aviadaşıyıcısının zərbə qrupu və USS Makin Island gəmisinin başçılıq etdiyi amfibiya hazırlıq qrupu daxildir. “Financial Times” və “Wall Street Journal”ın məlumatına görə, bu qüvvələrin göndərilməsi ilə regiondakı ABŞ aviadaşıyıcı zərbə qruplarının sayı üçə çata bilər.

Bu arada İran xəbərdarlıq edib ki, ABŞ-nin hücumları bərpa etməsi daha geniş cavaba səbəb ola bilər. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mühibbi bildirib ki, döyüşlər yenidən başlayarsa, İran “müharibənin coğrafiyasını”, istifadə etdiyi silahları və hədəfləri dəyişəcək.

“Reuters” oktyabrın 1-də üç yüksəkvəzifəli İran rəsmisinə və müzakirələrdən xəbərdar bir mənbəyə istinadla yazıb ki, ABŞ genişmiqyaslı hücumları bərpa edərsə, İran “daha geniş və daha güclü cavab” verməyə hazırlaşır. İran komandirləri mümkün hədəflərin dairəsini ABŞ ilə əlaqəli obyektlərdən kənara çıxarmaq planlarını nəzərdən keçirirlər. Bu planlar ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və ehtimal ki, Yaxın Şərqdən kənardakı məkanları da əhatə edir.

İki rəsmi bildirib ki, İran Livan, Yəmən və İraqdakı müttəfiq qruplaşmalara da koordinasiyalı cavaba hazırlaşmaq göstərişi verib. “Reuters”in məlumatına görə, hələ yekun qərar qəbul edilməyib.

Xamenei: 'ABŞ regionu tərk etməyə məcbur olacaq'

İran və ABŞ arasında danışıqların bərpası xəbərləri fonunda ali lider Müctəba Xameneinin ofisi bəyanat yayaraq, Tehranın "müqəddəs" Hörmüz boğazını qorumağa davam edəcəyini bildirib.

Bu ilin fevralında ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan az sonra İran ticarət gəmilərinə hücum edərək Hörmüzü blokadaya alıb. Yüzlərlə yük gəmisi orada hərəkətsiz qalıb.

Xameneinin sözlərinə görə, İran cəmiyyətinin müxtəlif təbəqələri strateji Hörmüz boğazını qorumaq məsələsində həmrəydirlər.

Son həftələrdə yayılan məlumatlar ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının cənub marşrutu vasitəsilə daşınan neftin həcminin artdığını göstərir. ABŞ prezidenti Donald Tramp sentyabrın 27-də "Axios"a bildirib ki, həftəsonu Hörmüz boğazından 20 milyon bareldən çox neft daşınıb.

Digər tərəfdən, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası Tehranın neft ixracını kəskin azaldıb. "Reuters"in məlumatına görə, İranda ixrac üçün tankerlərə yüklənən xam neftin həcmi kəskin azalaraq martdakı gündəlik 2 milyon bareldən avqustda 220-255 min barelə düşüb.

M.Xamenei martda ali lider seçiləndən bəri ictimaiyyət qarşısına çıxmayıb. Ona aid edilən bəyanatda Birləşmiş Ştatların "ağrılı" zərbələrdən sonra Yaxın Şərqi tərk etməyə məcbur qalacağı iddia olunur. Onun sözlərinə görə, ABŞ qüvvələri tezliklə Ərəbistan dənizindən də sıxışdırılıb çıxarılacaq. Ərəbistan dənizi Ərəbistan yarımadası ilə Hindistan arasında yerləşir və bu bölgəni İran sahilləri, eləcə də Hörmüz boğazı ilə birləşdirir.

Tramp: İranla bu həftə yeni danışıqlar keçirilə bilər

ABŞ prezidenti Donald Tramp İranın bir neçə gün əvvəl Hörmüz boğazı ilə bağlı irəli sürdüyü təklifi rədd edib. Bununla belə, o, Tehranla danışıqların bu həftə bərpa olunacağını gözlədiyini bildirib.

"Onlar razılığa gəlmək istəyirlər, amma təklif etdikləri variant mənim istədiyim deyil", – Tramp sentyabrın 27-də "Axios"a telefonla müsahibəsində deyib. O, təklifin detallarını açıqlamayıb.

"Buna, bəlkə də, bir il əvvəl razılaşa bilərdik", – Tramp əlavə edib.

Tramp sentyabrın 25-də Tehranın Hörmüz boğazını yenidən açmaq barədə təklifini geri çevirmişdi. O, İranın bu adımı "çox ağır" məğlubiyyətə uğradığı üçün atdığını demişdi.

"Onlar öz imkanlarını olduğundan artıq qiymətləndirdilər", – Tramp "Axios"a deyib.

"Axios" danışıqlardan agah mənbələrə istinadən yazır ki, sentyabrın 28-də Qətər vasitəçilərinin köməyi ilə dolayı danışıqlar bərpa oluna bilər.

Ötən həftə Nyu-Yorkda, BMT Baş Assambleyasının iclasları çərçivəsində ABŞ elçiləri Stiv Uitkoff və Cared Kuşner İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüblər. Görüşdə hər hansı irəliləyiş əldə olunduğu barədə məlumat verilməyib.

"The Wall Street Journal"ın yazdığına görə, Tramp 3 noyabr aralıq seçkilərindən sonra İrana hava zərbələrini bərpa etməyi nəzərdən keçirir. Müharibə ABŞ-də və dünya miqyasında yanacağı kəskin bahalandırıb, ABŞ-də münaqişəyə qarşı ictimai etirazlar artır.

İran tərəfi isə sentyabrın 27-də bəyan edib ki, Hörmüz boğazının yenidən açılması üçün şərtləri dəyişməz qalır. Bu şərtlərə İranın dondurulmuş aktivlərinin qaytarılması, İran neftinə sanksiyaların ləğvi və ABŞ-nin dəniz blokadasına son qoyulması daxildir.

"Şərtlərimiz aydındır. Hörmüz boğazının açılması yönündə istənilən addım bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Biz öz mövqeyimizdən geri çəkilməyəcəyik", – IRIB dövlət yayımçısı Əraqçinin belə dediyini xəbərləyib.

Davamı

​
XS
SM
MD
LG