Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi agentlik müfəttişlərinin yaxın günlərdə İranın uranı zənginləşdirmə obyektlərinə səfər edəcəyini açıqlayıb.
Yaponiyanın Fukuşima şəhərindəki "Dayiçi" atom elektrik stansiyasında keçirilən mətbuat konfransında çıxış edən Qrossi deyib: "Siyasi bəyanatları anlayıram, onlar reallığın bir parçasıdır. Amma mən diqqəti əsas məqama — həm İran, həm də ABŞ prezidentinin imzaladığı Anlaşma Memorandumuna çəkmək istəyirəm".
O, sənəddə nüvə obyektlərindəki bütün fəaliyyətə birbaşa BAEA-nın nəzarət edəcəyinin açıq-aydın yazıldığını bildirib.
"Təbii ki, bu nəzarəti təmin etmək üçün yoxlamalar aparmalıyıq. Prosesin birisigün, bir həftə, yoxsa 10 gün sonra başlaması vacib olsa da, həlledici deyil. Əsas odur ki, bu səfərlər mütləq baş tutacaq", — agentlik rəhbəri vurğulayıb.
Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Tramp da BAEA müfəttişlərinin zərər görmüş nüvə obyektlərini yoxlamaq üçün "münasib vaxtda" İrana gedəcəyini bəyan etmişdi.
Müfəttişlərin İrana qayıtmayacağı ilə bağlı iddiaları rədd edən Tramp İran rəsmilərinin yanıldığını və Vaşinqtonun Tehranla "100 faizlik yoxlama" barədə razılığa gəldiyini bildirib. Yoxlamaların dəqiq vaxtı barədə suala isə ABŞ prezidenti belə cavab verib: "Tələsməyə ehtiyac yoxdur, amma onlar lazımi vaxtda mütləq orada olacaqlar".
Ötən il İsrail və İran arasında baş vermiş 12 günlük müharibədən bəri Tehran BMT agentliyinin uranı zənginləşdirmə obyektlərinə girişini tamamilə bağlayıb. Buna görə də BAEA müfəttişlərinin geri dönüşü Vaşinqtonla Tehran arasında ötən həftə bağlanan və İrandan uran ehtiyatlarının zənginləşdirilmə səviyyəsini aşağı salmağı tələb edən sazişin icrasında həlledici rol oynayır.
İran Omanın Hörmüz marşrutunu rədd edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi yalnız Tehranın müəyyənləşdirdiyi marşrutla mümkündür. Açıqlamaya görə, İranla razılaşdırılmayan istənilən alternativ marşrut qəbuledilməz sayılır və ciddi təhlükəsizlik riski yaradır.
SEPAH həmçinin vurğulayıb ki, rəsmi Tehranla əlaqələndirilmədən bu strateji su yolundan keçməyə cəhd edən gəmilərə qarşı qəti tədbirlər görüləcək.
İyunun 24-də Oman gəmilərin Hörmüz boğazından tranziti üçün müvəqqəti marşrut müəyyən edib. Bəzi məlumatlara görə, bir sıra gəmilərin bu yeni marşruta yönləndirilməsində ABŞ-nin "pərdəarxası" dəstəyi var.
Hörmüz boğazında 11 min dənizçinin təxliyəsi dayandırılıb
Beynəlxalq Dəniz Təşkilatı (BDT) Hörmüz boğazında sıxışıb qalmış gəmi və dənizçilərin təxliyə əməliyyatını müvəqqəti dayandırıb. Təşkilatın baş katibi Arsenio Dominqes bu qərarın Oman körfəzində bir yük gəmisinə edilən hücumdan sonra verildiyini bildirib. O vurğulayıb ki, gəmiçiliyin təhlükəsizliyi və koordinasiyanı təmin etmək məqsədilə təxliyə planı əlavə məlumat daxil olana qədər dondurulub.
İyunun 25-də "The Wall Street Journal" (WSJ) qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Oman sahillərində Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum etdiyini yazıb. Hadisə nəticəsində gəminin kapitan körpücüyü zədələnsə də, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, heyət üzvlərindən xəsarət alan olmayıb.
WSJ-nin yazdığına görə, hücumdan bir neçə saat əvvəl İran hərbi-dəniz qüvvələri gəmilərə yalnız Tehranla razılaşdırılmış marşrutlarla üzmək barədə xəbərdarlıq edib. Rəsmi Tehran gəmilərin İran sahillərinə yaxın keçməsini və Hörmüz boğazı işləri üzrə xüsusi idarədən icazə almasını tələb edir. ABŞ və bəzi Qərb sığorta şirkətləri isə bunun əksinə, Amerika qüvvələrinin mühafizəsi altında Oman sahilləri boyunca uzanan marşrutdan istifadəni tövsiyə edir.
İyunun 24-də Beynəlxalq Dəniz Təşkilatı dənizçilikdə yaranan məhdudiyyətlərə görə Hörmüz boğazı regionunda blokadada qalan təxminən 11 min dənizçinin təxliyəsi üçün genişmiqyaslı əməliyyata başladığını elan etmişdi.
Tramp İranı atəşkəsi 'axmaqcasına' pozmaqda günahlandırır
ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazında dörd dronla gəmilərə hücum etdiyini bildirərək, Tehranın bu addımını "atəşkəs sazişinin axmaqcasına pozulması" adlandırıb.
Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, PUA-lardan biri quru yük gəmisinin (konkret ad çəkilməyib) üst göyərtəsinə ciddi ziyan vurub. Ağ ev rəhbərinin sözlərinə görə, zədələnməsinə baxmayaraq gəmi yoluna davam edə bilib, digər üç dron isə ABŞ hərbçiləri tərəfindən vurulub.
Görünür, Tramp bir gün əvvəl Sinqapur bayrağı altında üzən "Ever Lovely" Tayvan gəmisi ilə baş vermiş insidenti nəzərdə tutur. Gəmi Oman sahilləri yaxınlığında – İranın təkid etdiyi marşrutdan fərqli bir dəniz yolu ilə Hörmüz boğazından keçərkən "naməlum obyekt"in hücumuna məruz qalmışdı. ABŞ rəsmiləri "Reuters" agentliyinə təsdiqləyiblər ki, hücumun arxasında məhz İran dayanır. Hadisə zamanı xəsarət alan olmayıb və gəmi hərəkətini davam etdirib.
İnsident göstərir ki, İranla ABŞ və müttəfiqləri arasındakı atəşkəs sazişinə baxmayaraq, Hörmüz boğazının açılması şərtlərinin təfsiri ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır. Tehran tələb edir ki, boğazdan keçən gəmilər öz hərəkətlərini onunla əlaqələndirsin. Hal-hazırda bu prosedur üçün rüsum almayan İran gələcəkdə ödəniş sisteminə keçidi istisna etmir. Eyni zamanda, şərtlərinə əməl etməyən gəmilərin təhlükəsizliyinə zəmanət vermir.