ABŞ İrana zərbələr endirib
ABŞ ordusu İrana zərbələr endirib – bu barədə Mərkəzi Komandanlıq (CENTCOM) "X" platformasında məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun bu addımı Tehranın Sinqapur bayraqlı ticarət gəmisinə Hörmüz boğazında təşkil etdiyi hücuma cavabdır. Komandanlığın bəyanatında deyilir: "İran 'M/V Ever' (Ever Lovely) gəmisini hədəf aldıqdan sonra ABŞ hərbi təyyarələri bu ölkənin raket və dron anbarlarına, həmçinin sahil radarlarına zərbələr endirib."
CENTCOM vurğulayıb ki, "Tehranın hərəkətləri həyati əhəmiyyətli beynəlxalq ticarət dəhlizində gəmiçilik azadlığını təhlükə altına qoyur".
İran və ABŞ bir-birini atəşkəsi pozmaqda ittiham edir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi şənbə günü Birləşmiş Ştatları sülh sazişini pozmaqda ittiham edib. Bu açıqlama tərəflərin Hörmüz boğazında ticarət gəmisinə hücumdan sonra qarşılıqlı zərbələr endirməsi fonunda səsləndirilib.
"Al Jazeera"nın məlumatına görə, SEPAH iddia edir ki, ölkələrin iyunun 18-də imzaladığı anlaşma memorandumu Tehrana Hörmüz boğazından keçən gəmilər üzərində nəzarət hüququ verir.
Bildirilir ki, SEPAH İrandakı raket və dron anbarlarına, həmçinin sahil radarlarına edilən zərbələrə cavab olaraq ABŞ-nin Yaxın Şərqdəki bazalarını atəşə tutub.
Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır
İran və Qətər 12 milyard dollarlıq dondurulmuş aktivlərin 6 milyardının qaytarılmasına dair razılığa gəlib. Bu barədə İran mediası prezident Məsud Pezeşkiana istinadən məlumat yayıb.
"Razılaşmaya görə, Qətərdəki 12 milyard dollarlıq vəsaitin yarısı – 6 milyard dollar – azad olunacaq və ölkəyə qaytarılacaq. Qalan hissənin geri qaytarılması üçün də proses davam edir", - İran prezidenti bildirib.