Keçid linkləri

2026, 01 İyul, çərşənbə, Bakı vaxtı 13:34
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İrandan Vaşinqtona üç şərt: Tehran dondurulmuş aktivlərin 50 faizini tələb edir

Tehran müharibəyə son qoymaq üçün ABŞ ilə potensial saziş bağlanarkən dondurulmuş vəsaitlərinin yarısının geri qaytarılmasında israr edir. Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

İyunun 4-də dövlətə bağlı "Mehr" agentliyinə açıqlamasında Qəribabadi əlavə edib ki, qalan dondurulmuş vəsaitlər də "ağlabatan müddətdən sonra" İranın istifadəsinə verilməlidir. Tehranın fikrincə, bu müddət bir və ya iki aydan çox olmamalıdır.

Nazir müavini deyib ki, İranın sazişi imzalamaq üçün üç şərti var: Livan daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması, ABŞ-nin dəniz blokadasının ləğvi və İranın dondurulmuş vəsaitlərinin geri qaytarılması.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, hər hansı razılaşma müqabilində İrana pul verilməyəcək.

Vaşinqton danışıqlarla paralel olaraq İrana qarşı sanksiyalar paketini dəfələrlə genişləndirib və "İqtisadi Qəzəb" əməliyyatının məqsədinin İran iqtisadiyyatını sarsıtmaq olduğunu açıq şəkildə bəyan edib.

Qəribabadi vurğulayıb ki, Tehranın mövqeyinə görə, sanksiyaların ləğvi və nüvə məsələləri danışıqların ikinci mərhələsində müzakirə olunmalıdır.

Tramp isə "Truth Social" sosial şəbəkəsində bildirib ki, İranla razılaşma mətninin, demək olar ki, bütün hissəsi Tehranın nüvə fəaliyyəti ilə bağlıdır. O, Vaşinqtonun İranın zənginləşdirilmiş uran ehtiyatlarını öz nəzarətinə götürməsinin vacibliyini dəfələrlə vurğulayıb.

İran nüvə fəaliyyəti ilə bağlı ABŞ-nin tələblərini "həddindən artıq" adlandırıb.

İsrail ordusu iyunun 8-i səhər saatlarında İran rejiminə məxsus obyektləri hədəfə aldığını bildirib. Ordu bu zərbələri İranın İsrailə son hücumlarına cavab olaraq endirdiyini açıqlayıb. Bundan az əvvəl isə ABŞ prezidenti Donald Tramp baş nazir Binyamin Netanyahuya belə zərbələr endirməməyi tövsiyə etmişdi.

İsrail Yəməndən raket buraxıldığını bildirib

İsrail ordusu iyunun 8-də Yəməndən buraxılmış raketi zərərsizləşdirmək üçün tədbirlər gördüyünü bildirib. İranın müttəfiqi olan husi üsyançıları Yəməndə qərarlaşıb.

Martda husilər Tehrana dəstək məqsədilə Yaxın Şərqdəki münaqişəyə qoşulduqlarını elan ediblər. Onlar bundan əvvəl də İsrail istiqamətinə raket zərbələri endiriblər.

İsrail Müdafiə Qüvvələri (IDF) Telegram-kanalında bildirib ki, "Yəməndən İsrail ərazisinə doğru raket buraxıldığı qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri təhlükənin zərərsizləşdirilməsi üçün fəaliyyət göstərir".

Bundan əvvəl İsrail ordusu səhər saatlarında İranın son hücumlarına cavab olaraq bu ölkənin hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.

Son hadisələr Yaxın Şərqdə onsuz da kövrək olan atəşkəsin yenidən təhlükə altına düşdüyünü göstərir.

SEPAH İraq Kürdüstanına zərbələr endirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında "terrorçu" adlandırdığı qruplaşmaların bazalarını hədəfə alıb. Bu barədə məlumatı İranın dövlət mediası iyunun 8-də yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu İraqın Süleymaniyyə şəhərində terrorçu qrupların qərargahlarına zərbələr endirib", – İranın İRNA dövlət xəbər agentliyi Telegram-kanalında bildirib.

Tehran İraqın Kürdüstan regionundakı İran kürdlərinin siyasi-hərbi qruplarını rejimi devirmək planlarında, Qərb və İsrailin maraqlarını güdməkdə günahlandırır.

İran hakimiyyəti bu kürd qruplaşmalarına qarşı mütəmadi olaraq hərbi əməliyyatlar keçirir. Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələrə başlamasından sonra həmin qruplaşmaların mövqelərinin və düşərgələrinin böyük hissəsi təxliyə edilib.

İranın kürd mühacir qruplarının ölkə ərazisinə silahlı müdaxilə planlaşdırdığı barədə müxtəlif vaxtlarda iddialar yayılsa da, sonradan bu məlumatların həqiqəti əks etdirmədiyi məlum olub.

İran kürd qrupları ABŞ-nin müttəfiqi sayılan İraq kürd qruplaşmalarından, əsasən, ayrı fəaliyyət göstərir.

Davamı

XS
SM
MD
LG