İsrail: İranın müdafiə sistemlərinə 'irimiqyaslı zərbə' endirilib
İsrail ordusu İranın strateji müdafiə sistemlərinə qarşı "irimiqyaslı" zərbənin başa çatdığını açıqlayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) iyunun 8-də "X" sosial şəbəkəsində bildirib ki, "Hərbi Kəşfiyyatın rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin onlarla qırıcı təyyarəsi İran terror rejiminin strateji müdafiə sistemlərinə irimiqyaslı zərbəni tamamlayıb".
Məlumatda qeyd olunur ki, İran "Nərildəyən Şir" əməliyyatı nəticəsində zəifləmiş imkanlarını bərpa etmək məqsədilə son vaxtlar müxtəlif bölgələrində yenidən müdafiə sistemləri yerləşdirmişdi. Hücum nəticəsində həmin sistemlərin sıradan çıxarıldığı bildirilir.
Tramp İranı və İsraili atəşi dayandırmağa çağırır
ABŞ prezidenti Donald Tramp son 24 saat ərzində qarşılıqlı hava zərbələri endirən İran və İsraili gərginliyi azaltmağa çağırıb.
"İsrail və İran dərhal atəş açmağı dayandırmalıdır", – Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
İran İsrailə zərbələri dayandırdığını elan etdi
İran İsrailə qarşı hərbi əməliyyatlarını dayandırdığını bəyan edib.
Bu açıqlama İranla İsrail arasında bir neçə qarşılıqlı zərbədən sonra verilib.
İran mediasının yaydığı məlumata görə, ölkənin birgə hərbi komandanlığı olan "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı bildirib ki, gələcəkdə hər hansı hücuma, o cümlədən Livanın cənubundakı əməliyyatlara "daha sərt və sarsıdıcı" cavab veriləcək.
İsrail İrana qarşı əməliyyatları dondurdu – 'İran səhv etməsin'
İsrail baş naziri Binyamin Netanyahu Tehran hücumları dayandırdıqdan sonra İrana qarşı hərbi əməliyyatların müvəqqəti dondurulduğunu bildirib.
İranın iyunun 7-də İsrailə raket zərbələri endirməsindən sonra ilk videomüraciətində Netanyahu Tehrana ciddi xəbərdarlık edib: "Əgər Tehran hücumları bərpa etmək səhvinə yol versə, biz tam gücümüzlə cavab verəcəyik".
Netanyahu bildirib ki, İran İsrailin Livanda "Hizbullah" qruplaşmasını hədəf alan əməliyyatlarına cavab olaraq yeni şərtlər diktə etməyə cəhd göstərib: "Bu tənlik dözülməzdir və mənim üçün qəbuledilməzdir".
Baş nazir ABŞ prezidenti Donald Trampın İsrailə İrana qarşı hücumları dayandırmaq barədə əmr verdiyini təsdiqləməkdən yayınıb.
Trampla apardığı danışıqlara toxunan Netanyahu İsrailin özünümüdafiə hüququnu müdafiə etdiyini vurğulayıb: "İsrailin tam özünümüdafiə hüququ var və biz bundan zərurət yarandıqca istifadə edirik".