Keçid linkləri

2026, 01 İyul, çərşənbə, Bakı vaxtı 15:54
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp Netanyahudan İrana əlavə zərbələri dayandırmasını istəyib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya xəbərdarlıq edib ki, əgər İsrail İranla münaqişəni daha da genişləndirsə, beynəlxalq aləmdən təcrid olunmaq riski ilə üzləşə bilər.

Mediada yayılan məlumatlara görə, Tramp iyunun 7-də gecə İsrailin “Channel 12” telekanalına telefon söhbəti zamanı Netanyahudan İranın ballistik raket hücumlarına cavab verməməyi xahiş etdiyini söyləyib.

“Axios” nəşri də eyni vaxtda yazıb ki, Tramp Netanyahuya belə deyib: “Bibi, ehtiyatlı olmalısan, yoxsa tezliklə tək qalarsan”.

“Channel 12”nin məlumatına əsasən, Trampın telefon söhbətində iştirak edən bir neçə müşavirinin fikrincə, prezident ABŞ-İran danışıqlarının davam etməsi üçün daha bir neçə gün vaxt qazana bilib. Amma Netanyahu daha sonra ABŞ dövlət katibi Marko Rubioya İsrailin İran ərazisinə zərbələr endirəcəyini bildirib.

Trampın “Channel 12”yə dediyinə görə, Vaşinqtona əməliyyat barədə yalnız son anda, raketlər artıq buraxılandan sonra məlumat verilib. Prezident əməliyyatın miqyasını məhdudlaşdıra bildiyini iddia edib.

O həmçinin bildirib ki, vasitəçilik prosesinə qatılan beş regional ölkə ondan İsrailə təzyiq göstərərək gərginliyi azaltmağı xahiş edib, çünki həmin ölkələr “üzərində danışıqlar apardığımız sazişi bəyənirlər”.

Trampın sözlərinə görə, sonradan İran rəsmiləri Vaşinqtona deyiblər ki, əlavə hücumlar olmayacaq və İsraildən də İrana zərbələri dayandırmağı istəyiblər.

ABŞ prezidenti deyib ki, bundan sonra Netanyahu ilə danışaraq onu hücumları dayandırmağa razı sala bilib və ABŞ ilə İran arasında razılaşmanın hələ də mümkün olduğunu düşünür.

Netanyahu iyunun 8-də bildirib ki, Tehran İsrailə hücumları dayandırdığını açıqlayandan sonra İrana qarşı “atəş açılması dayandırılıb”.

Vens: ABŞ və İsrailin İran məsələsində maraqları üst-üstə düşmür

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İran məsələsində Birləşmiş Ştatlar və İsrailin məqsədləri tam üst-üstə düşmür.

O, iyunun 8-də "Fox News" telekanalına müsahibəsində deyib ki, ABŞ və İsrailin bir çox ortaq maraqları olsa da, bəzi məsələlərdə, xüsusilə İranla bağlı maraqları bir-birindən fərqlənir.

Vens qeyd edib ki, İsrailin öz məqsədləri var, ABŞ isə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa fokuslanıb.

Vitse-prezidentin dediyinə görə, son diplomatik səylər uzunmüddətli razılaşma üçün "zəruri imkan yaradıb". O əlavə edib ki, gələcək razılaşma 2015-ci il sazişindən fərqli olacaq, çünki həmin razılaşmada "iranlıların heç vaxt nüvə silahı hazırlaya bilməyəcəyinə təminat verəcək təftiş sistemi yox idi".

Vens ABŞ-nin əsas məqsədinin uzunmüddətli perspektivdə Tehranın öz öhdəliklərinə əməl etməsini yoxlamaq olduğunu vurğulayıb: "İranlılar bu müharibənin davam etməsini istəmirlər; bu, onların maraqlarına uyğun deyil".

Onun sözlərinə görə, uğurlu razılaşma "Amerika xalqı üçün böyük qələbə" olacaq.

Tramp: 'İran 'Apache'mizi vurub – cavab verəcəyik'

ABŞ prezidenti Donald Tramp İranın Amerikanın "Apache" helikopterini Hörmüz boğazı üzərində patrul xidməti zamanı vurduğunu bildirib. O əlavə edib ki, Vaşinqton bu addıma cavab vermək məcburiyyətində qalacaq.

"Böyük ordumuz mənə iranlıların Hörmüz boğazı üzərində patrul zamanı yüksək texnologiyalı "Apache" helikopterlərimizdən birini vurduğunu bildirdi. Pilotlar sağ-salamatdır. Hər bir halda, ABŞ bu hücuma cavab verməlidir", — Tramp iyunun 9-da "Truth Social" platformasında yazıb.

Həmin gün səhər saatlarında Tramp pilotların vəziyyətinin "yaxşı" olduğunu desə də, helikopterin qəzaya uğrama səbəblərini şərh etməmişdi.

ABŞ İranda 20 hədəfi vurdu, İran isə ABŞ bazalarını hədəfə aldı

ABŞ ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq, İran ərazisindəki təxminən 20 hərbi obyektə zərbə endirilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi əməliyyatın artıq başa çatdığını bəyan edib.

İyunun 9-da gecə saatlarında prezident Donald Trampın əmri ilə ABŞ döyüş təyyarələri Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və müşahidə radarlarını hədəf alıb. CENTCOM bu əməliyyatı "proporsional cavab" kimi qiymətləndirib.

Buna cavab olaraq İran tərəfi bir neçə raket və dron buraxsa da, ABŞ rəsmilərinin bildirdiyinə görə, onların "demək olar ki, hamısı" zərərsizləşdirilib. ABŞ hərbçiləri və obyektləri arasında hər hansı itki və ya dağıntı qeydə alınmayıb.


Davamı

XS
SM
MD
LG