İsrail ordusu iyunun 8-i səhər saatlarında İran rejiminə məxsus obyektləri hədəfə aldığını bildirib. Ordu bu zərbələri İranın İsrailə son hücumlarına cavab olaraq endirdiyini açıqlayıb. Bundan az əvvəl isə ABŞ prezidenti Donald Tramp baş nazir Binyamin Netanyahuya belə zərbələr endirməməyi tövsiyə etmişdi.
"İsrail Hərbi Hava Qüvvələri az əvvəl İranın qərb və mərkəzi bölgələrində ölkənin terror rejiminə məxsus hərbi hədəflərə zərbələr endirib", – İsrail Müdafiə Qüvvələri (IDF) "X" platformasında yazıb.
İran dövlət televiziyası ölkənin müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Təbriz və İsfahanda partlayış səslərinin eşidildiyini bildirib. Hadisələrlə bağlı hələlik əlavə məlumat verilməyib.
Bu zərbələrdən əvvəl İran 8 aprel atəşkəsindən bəri ilk dəfə İsrailə raket hücumları həyata keçirib. Tehran bu hücumların Təl-Əvivin Beyruta endirdiyi hərbi zərbələrə cavab olduğunu bəyan edib.
Tramp isə İranın bu addımına baxmayaraq, Tehranla razılaşmanın hələ də "çox yaxın" olduğunu deyib. O, İranın raket hücumlarının sülh prosesini pozmasını istəmədiyini vurğulayıb.
Tramp "Fox News"a açıqlamasında İsrailin Livandakı hücumlarından narazı olduğunu bildirib. Daha sonra "Axios" nəşri ona istinadən yazıb ki, İranın hücumları "heç kimə zərər vurmayıb. Ümid edirəm ki, İsrail cavab verməyəcək".
"Mən indi Bibiyə zəng vurub ona cavab verməməyi deyəcəyəm", – Tramp "Axios"un jurnalisti Barak Ravidə telefon müsahibəsində İsrail lideri barədə danışarkən qeyd edib.
Ravidin sözlərinə görə, Tramp: "İsrail öz zərbəsini endirdi, İran da cavabını verdi. Daha birinə ehtiyac yoxdur", – deyə əlavə edib.
Tramp "Fox News"a müsahibəsində İranla razılaşma əldə etməyə "çox yaxın" olduqlarını söyləyib: "Düşünürəm ki, razılaşma gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü imzalana bilərdi. İndi isə bu hadisə baş verdi".
Prezident bildirib ki, "İran yenidən danışıqlar masasına qayıtmalı və razılığa gəlməlidir".
O, daha sonra "The Financial Times" qəzetinə müsahibəsində İranın son raket hücumlarının Tehranla danışıqlara təsir göstərməyəcəyini və razılaşma üzrə işlərin davam etdiyini bildirib.
Ağ ev son zərbələr, həmçinin onların ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilib-keçirilməməsi barədə şərh sorğularını cavablandırmayıb.
Hudson İnstitutunun milli təhlükəsizlik üzrə baş elmi işçisi Lyuk Koffinin dediyinə görə, İran və İsrail arasındakı son gərginlik "İranla uzunmüddətli sülh sazişinə heç də yaxın olmadığımızın indiyədək ən aydın göstəricisi ola bilər".
"Bu, həm də onu xatırladır ki, İsrail ABŞ prezidentinin istəklərinə zidd olsa belə, öz milli maraqlarını qorumaq üçün zəruri saydığı hər şeyi edəcək", – o, “AzadlıqRadiosuna bildirib.
SEPAH hücumu təsdiqləyir
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 7-də İsrailə raketlər atdığını təsdiqləyib və bunu İsrailin həmin gün Livanda həyata keçirdiyi hücumlara cavab adlandırıb.
SEPAH bəyan edib ki, əgər Təl-Əviv Livandakı əməliyyatlarını dayandırmasa, onu "daha sarsıdıcı və peşmanedicı zərbələr" gözləyir.
ABŞ və İran arasındakı danışıqlar əsasən Hörmüz boğazının yenidən açılması və Tehranın nüvə proqramına yönəlib. Amma İran rəsmiləri İsrail-Livan münaqişəsini regional müharibənin dayandırılması üçün əsas amil kimi önə çəkirlər.
SEPAH Hayfanın cənub-şərqində yerləşən "Ramat David" aviabazasını ballistik raketlərlə vurduğunu bildirib
İsrail Müdafiə Qüvvələri (IDF) İsrail ordusu İrandan atılan raketlərə görə ölkədə hava həyəcanı elan edildiyini və hücumun qarşısının tam alındığını açıqlayıb.
Ordu rəsmiləri əlavə ediblər ki, Tehran bu raket hücumları ilə "ağır səhvə yol verib".
İsrail Livandakı əməliyyatları davam etdirəcəyini bildirir
İsrail martın 2-dən bəri Livanda "Hizbullah" qruplaşmasına bağlı silahlılara zərbələr endirir. Bundan iki gün əvvəl ABŞ və İsrail İrana qarşı müharibəyə başlamışdı. Həmin vaxt "Hizbullah" qüvvələri Tehrana dəstək məqsədilə atəş açmışdı.
Vaşinqton "Hizbullah"ı terror təşkilatı kimi tanıyır, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını qara siyahıya salıb. "Hizbullah" Livanın cənubunun böyük hissəsinə nəzarət edir.
İsrail ordusu şimal sərhədində hərbi kampaniyanın davam etdiriləcəyini və "Hizbullah" hədəflərinə qarşı hücumların artırılacağını bildirib.