Keçid linkləri

2026, 04 İyun, cümə axşamı, Bakı vaxtı 21:33

Tehranda mebelini satan Məsud: 'Hamımız kasıblamışıq'

Tehranın Tacriş bazarında insanlar
Tehranın Tacriş bazarında insanlar

İranda iqtisadi böhranın dərinləşdiyi bir vaxtda Məsud dolanmaq üçün ev əşyalarını satmağa məcbur qalıb. ABŞ və İsrailin fevralın 28-də başlatdığı müharibə İranda infrastruktura və sənayeyə böyük zərbə vurub, inflyasiyanı və işsizliyi kəskin artırıb.

"Dolanmaq üçün mebellərimizi satdıq. Evdəki elektrik cihazlarını, xalçaları yığıb satdıq", – Tehranda yaşayan Məsud AzadlıqRadiosunun fars xidmətinə bildirib. O, təhlükəsizlik səbəbindən həqiqi adını açıqlamır.

Məsud hazırda işsizdir; əlavə qazanc əldə etmək üçün evdə sendviç hazırlayır və Tehran metrosunda satır: "Elektrik, telefon və bina xidmət haqlarını ödəmək üçün şirəçəkən aparatımı da satdım".

Pulsuzluq

Məsud kimi milyonlarla iranlı artıq üç aydır davam edən müharibənin ağır iqtisadi nəticələri ilə üz-üzə qalıb. Beynəlxalq sanksiyalar və hökumətin yanlış iqtisadi siyasəti İran iqtisadiyyatını onsuz da zəiflətmişdi; indi isə 90 milyon əhalisi olan ölkə tam iqtisadi çöküş həddinə çatıb.

"İnsanlar pullarının qurtaracağından narahatdırlar. Bir çoxu ehtiyat pullarını xərcləyir. Küçələrdə bunu açıq görmək mümkündür: hərəkətlilik azalıb, gəlirlər düşüb", – Tehrandan olan iqtisadçı Cavad Rəhimpur "Radio Fərda"ya bildirib.

İşsizliklə yanaşı, ərzaq məhsullarının, dərmanların və kommunal xidmətlərin qiymətləri də kəskin yüksəlib. Tehran sakini Məsud deyir ki, bir il öncə 80 milyon rial (47 dollar) olan onurğa inyeksiyaları kursu hazırda 400 milyon riala (234 dollar) başa gəlir. Bu isə təxminən altı dəfə artım deməkdir. Onun aylıq mobil telefon haqqı 300 min rialdan (18 sent) 1.7 milyon riala (1 dollar), elektrik enerjisi haqqı isə 1.2 milyon rialdan (70 sent) 6 milyon riala (3.5 dollar) yüksəlib.

"Hamımız kasıblamışıq. Bir vaxtlar orta təbəqəyə aid olan və ya ondan bir qədər yaxşı yaşayan insanlar indi maliyyə cəhətdən çox çətin vəziyyətə düşüblər", – deyə Məsud söyləyib.

Əmək nazirinin müavini Qulamhüseyn Məhəmmədi aprel ayında bildirib ki, hökumətin hesablamalarına görə, müharibə nəticəsində 1 milyon iş yeri itirilib, 2 milyon nəfər isə birbaşa və ya dolayısı ilə işsiz qalıb. Martda ərzaq məhsullarının qiyməti 2025-ci ilin eyni ayı ilə müqayisədə 110 faiz artıb.

İranda internet qismən açıldı, qorxu isə qalır: 'Susmağa və sağ qalmağa çalışırıq'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Alıcılıq qabiliyyətinin azalması iqtisadiyyatın bütün sahələrinə təsir edib. Xəzər dənizi sahilində restoran sahibi olan bir qadın "Radio Fərda"ya bildirib ki, müharibə dövründə biznesi, demək olar ki, dayanıb. ABŞ və İsrailin zərbələri başlayandan bəri minlərlə insan məhz bu bölgəyə köçüb: "İlk bir-iki həftə çox böyük canlanma var idi. İnsanlar əllərindəki az pulla şimala gəlirdilər. Sonradan müştərilərin sayı azalmağa başladı. Üç-dörd nəfərlik ailələr gəlib qiymətlərə baxır, sonra isə çıxıb gedirdilər. Yaxud ikinəfərlik bir yemək sifariş edib bölüşürdülər".

Müharibədən əvvəl onun restoranında 10 nəfər işləyirdisə, hazırda cəmi üç nəfər qalıb. Onun sözlərinə görə, ərazidəki bir çox biznes tamamilə qapanıb.

ABŞ-nin iqtisadi təzyiqi

Münaqişə dövründə ABŞ və İsrail İrana qarşı iqtisadi təzyiqləri daha da artırıblar. Hava zərbələri ölkənin əsas enerji və nəqliyyat infrastrukturunu, körpüləri, yolları, eləcə də neft və qaz anbarlarını dağıdıb və ya ciddi zədələyib.

Aprelin 13-də ABŞ İran limanlarına və gəmilərinə dəniz blokadası tətbiq edib; nəticədə ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi olan neft ixracı tamamilə pozulub. ABŞ bu embarqonu İranın Hörmüz boğazına nəzarəti ələ keçirmək cəhdlərinə cavab olaraq reallaşdırıb. İran təhdid və hücumlarla beynəlxalq gəmiçiliyi faktiki olaraq iflic edib, enerji bazarlarında ciddi narahatlıq yaradıb.

İranın əsas sənaye müəssisələrinin dağıdılması əhalinin böyük narazılığına səbəb olub. Hədəflərdən biri də İranın ən iri sənaye müəssisələrindən sayılan və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri olduğu bildirilən Mübarəkə Polad Zavodu olub. Müəssisə bir neçə hava zərbəsindən sonra apreldə istehsalı tam dayandırıb.

"Düşünmürəm ki, Mübarəkə zavodu, hətta sanksiyalar olmasa belə, yaxın 10 və ya 20 il ərzində əvvəlki vəziyyətinə qayıda bilsin", – restoran sahibi bildirib. Onun sözlərinə görə, ölkənin sənaye bazasına vurulan zərbələr "uzunmüddətli yara" buraxıb.

Daha bir iqtisadi silah – internetin kəsilməsi

İran hakimiyyətinin daxildə tətbiq etdiyi internet blokadası müharibənin iqtisadi təsirlərini daha da ağırlaşdırıb. Bu, müasir tarixdə ən uzunmüddətli internet məhdudiyyətlərindən biri hesab olunur. Tam 88 gün ərzində milyonlarla iranlı rəqəmsal təcrid şəraitində yaşayıb. Mayın 26-da başa çatan bu blokada yerli iqtisadiyyata nəhəng zərər vurub.

İran Ticarət Palatasının rəsmisi Əfşin Kolahi aprelin 12-də bildirib ki, internetin kəsilməsi ölkəyə gündəlik 40 milyon dollaradək birbaşa ziyan vurub. Onun sözlərinə görə, dolayı itkilər isə gündə 80 milyon dollara çata bilər.

"İnternet üzərindən qazanc əldə edən çox insan hər şeyini itirdi. Mən də onlardan biri idim, gəlirlərimiz sıfıra düşdü", – Məsud vurğulayıb.

Yanvarda ölüm halları ilə müşayiət olunan kütləvi etirazlar məhz bu iqtisadi problemlərdən qaynaqlanmış, sonradan isə İranın dini rəhbərliyinə qarşı aksiyalara çevrilmişdi.

"İqtisadi narazılıq həddindən ziyadə yuxarıdır. Bunu nə sözlərlə, nə də yazılarla gizlətmək mümkündür", – iqtisadçı C.Rəhimpur vəziyyəti xülasə edib.

Onun fikrincə, hazırda kütləvi etirazlar üçün müvafiq şərait olmaya bilər, amma bu, dövlətlə xalq arasında yaxınlaşma anlamına gəlmir və həyəcan siqnalı artıq verilib: "İnsanlar bir çox sahədə ciddi narahatlıq keçirirlər. Xərcləri artır, imkanları azalır və övladlarının gələcəyinə qoyduqları sərmayə risk altına düşür".

XS
SM
MD
LG