İranın rəsmi dövlət xəbər agentliyi sevgi, müharibə və arzuolunmaz körpə haqqında insan hekayəsi paylaşıb. Agentlik bir neçə saat sonra reportajının bir hissəsini silib. Bir neçə gün sonra isə agentliyin rəhbəri məhkəməyə çağrılıb.
Hekayədə rəsmi standartlar baxımından heç bir nöqsan olmayıb.
IRNA-nın "40 günlük ana sevgisi" fotoreportajında Tehranda yaşayan 37 yaşlı yazıçı və rəssam Sara Kənanidən bəhs edilirdi. O, İranın ABŞ və İsraillə apardığı 40 günlük müharibə zamanı yeni doğulmuş və atılmış körpəni himayəyə götürüb. Bu, "Behrəviş" sosial rifah təşkilatının müvəqqəti himayədarlıq proqramı çərçivəsində gerçəkləşib.
IRNA bir neçə fotonu silib
Qadın körpəyə Hafizin şeirindən götürülmüş "Ahu" adını verib. O, uşağı daimi övladlığa götürmək istəyib, amma ona subay qadınlara üstünlük verilmədiyi bildirilib. 40 gündən sonra körpəni geri qaytarmalı olub.
IRNA bu hekayəni könüllülük, sosial rifah institutları və "ailə mərkəzli mədəniyyət" nümunəsi kimi təqdim edib. AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifinin qeyd etdiyinə görə, bu, hər mənada dövlətin təsdiqlədiyi məzmun olub.
Problem fotolarda imiş. Bir neçə şəkildə Kənani öz evində hicabsız görünür. İranda hicab məcburi olsa da, 2022-ci ildəki "Qadın, Həyat, Azadlıq" hərəkatından sonra daha çox qadın hakimiyyətə meydan oxuduğu üçün qaydalar davamlı şəkildə tətbiq olunmur.
Paylaşımın dərcindən bir neçə dəqiqə sonra sosial şəbəkələrdə təzyiqlər başlayıb. IRNA heç bir izah və düzəliş vermədən bir neçə şəkli səssizcə silərək fotoreportajı yeniləyib.
Məsələ özünüsenzura ilə bitməyib.
Baş direktor məhkəməyə çağrılıb
İran məhkəmə sistemi mayın 20-də bildirib ki, IRNA-nın baş direktoru "islam qanun və qaydalarına riayət etməyən" qadının görüntülərinin yayımlanması ilə bağlı izahat vermək üçün Mətbuat və Media Məhkəməsinə çağırılıb.
Fotoların müəllifi Mərziyə Musəvi "Instagram"da buna etiraz edib: "Görünür, hekayənin mahiyyəti mübahisələrin içində itib. Bu fotosessiyanın mövzusu geyim deyil. Bu, qadının mühakimə olunması haqqında deyil. Bu, analıq, qayğı və heç kimi olmayan bir körpəyə ürəyini vermək barədədir".
Tənqidçilər bu məsələdə açıq ziddiyyətə diqqət çəkiblər. İslam Respublikasının özünün təşviq etdiyi və dəstək verdiyi tədbirlərdə hicabsız qadınların şəkilləri daxili platformalarda sərbəst şəkildə yayılıb. Jurnalist Əli Xaliq yazıb ki, "hakimiyyəti dəstəkləyən gecə tədbirlərində baş örtüyü olmayan qadınların görüntüləri yerli sayt, şəbəkələrdə rahatlıqla yayımlanır və yenidən paylaşılır".
Tənqidçilərin fikrincə, məsələ baş örtüyündə deyil. Dövlətin təşkil etdiyi aksiyada başıaçıq qadının olması lazımlıdır. Adi məişət şəraitində başıaçıq qadın isə lazımlı deyil.