İranı onillər boyu bir nəfər – ali rəhbər Əli Xamenei idarə edib. O, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilk günü öldürülüb. Ekspertlər indi Tehranda qərarvermə prosesinin əvvəlkindən daha mərkəzsizləşdiyini deyirlər.
Müctəba Xamenei martın əvvəlində atasının yerinə keçdikdən sonra ictimaiyyət qarşısında hələ də görünməyib. Onun yoxluğunda ölkəni yüksəkvəzifəli İran rəsmilərindən ibarət qrup idarə edir.
Ekspertlərin qənaətinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) siyasi sistemdə həlledici qüvvəyə çevrilib. İslahatçılar və mötədillər siyasi arenadan sıxışdırılıb, daha sərt xətt tərəfdarlarının hakim olduğu və ideoloji cəhətdən daha qapalı sistem formalaşıb.
Bəzi müşahidəçilər bu yeni mərhələni "İslam Respublikası 3.0" adlandırır. Əsas güc mərkəzləri və fiqurların çoxu mövqelərini qorusa da, müəyyən fikir ayrılıqları getdikcə daha çox üzə çıxmağa başlayıb.
Müctəba Xamenei: Yeni ali rəhbər
56-yaşlı Müctəba Xamenei ali rəhbər kimi bütün dövlət məsələlərində son söz sahibidir. Ancaq onun hakimiyyəti lap əvvəldən nüfuzdan salınıb.
Belə ki, Xameneinin ali rəhbər seçilməsi mübahisəli qərar sayılırdı. O, heç vaxt dövlət vəzifəsində çalışmamışdı. Hakimiyyətin irsi olaraq ötürülməsini 1979-cu il İslam İnqilabının monarxiya əleyhinə yönəlmiş fundamental prinsiplərinə zidd sayanlar var idi.
Xamenei atasının həlak olduğu hava hücumunda ağır yaralanıb. Onun baş, bel və ayaq nahiyəsindən aldığı yaraların indi tamamilə sağaldığı bildirilir.
ABŞ kəşfiyyatının məlumatına görə, Xamenei müharibə strategiyasının hazırlanmasında və Vaşinqtonla sülh danışıqlarının idarə edilməsində mühüm rol oynayır. Əvvəlki ali rəhbər audiomüraciətlər və videoçıxışlarla hər yerdə varlığını göstərirdisə, Müctəbanın bu mənada yoxluğu gözə çarpır.
"İran, Əli Xameneinin ölümü və onun 36 illik hakimiyyətinin sona çatmasından sonra yeni bir keçid dövrünə daxil olub. Bu, son dərəcə çətin bir mərhələdir və müharibədən sonrakı qüvvələr balansı proseslərdə həlledici rol oynayacaq”, — deyə Vaşinqtonda yaşayan iranlı siyasi təhlilçi Əli Əfşari AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) bildirib.
Hüseyn Taib: Pərdəarxası fiqur
Sərt xətt tərəfdarı olan nüfuzlu ruhani Hüseyn Taib 2009–2022-ci illərdə SEPAH-ın kəşfiyyat bölməsinə rəhbərlik edib. O, təhlükəsizlik sistemində aparılan genişmiqyaslı struktur islahatları çərçivəsində vəzifəsindən uzaqlaşdırılmışdı.
2009-cu ildə SEPAH kəşfiyyatının rəhbəri təyin olunmazdan əvvəl Taib ölkənin ali rəhbərinin ofisində çalışıb. ABŞ və Avropa İttifaqı daxili repressiyalardakı roluna görə onu sanksiya siyahısına daxil edib.
M.Xameneinin ən yaxın adamlarından biri olan Taib İran siyasətinin pərdəarxası əsas fiqurlarından sayılır. Ekspertlərin fikrincə, o, Xameneinin sistem daxilindəki digər güc mərkəzləri və əsas oyunçularla münasibətlərinin idarə edilməsində mühüm strateji rol oynaya bilər.
Əhməd Vahidi: SEPAH rəhbəri
İran Silahlı Qüvvələrinin elit qanadı olan SEPAH ölkə siyasətində hər zaman mühüm rol oynayıb. Lakin ali rəhbər Əli Xameneinin öldürülməsindən sonra bu qurum İslam Respublikasında əsas dominant siyasi qüvvəyə çevrilib. Baxmayaraq ki, ABŞ və İsrail hərbi elitaya ağır zərbələr endirilib və SEPAH-ın baş komandanı Məhəmməd Pakpur qətlə yetirilib, idarəetmə aparatındakı boşluqlar korpus tərəfindən sürətlə doldurulub.
Pakpurun müavini, keçmiş daxili işlər və müdafiə naziri Əhməd Vahidi martın əvvəlində SEPAH rəhbərliyinə gətirilib. Ancaq ekspertlər Vahidinin təşkilat daxilindəki rəqib qruplaşmaları vahid cəbhədə birləşdirə biləcək nüfuza və siyasi çəkiyə malik olub-olmadığını hələ də şübhə altına alırlar.
Təhlilçilər bildirirlər ki, müharibə və Ə.Xameneinin ölümündən sonra İranda təhlükəsizliyin ön plana çıxması SEPAH-a ölkənin daxili və xarici siyasətində mərkəzi rol qazandırıb.
"Əli Xameneidən sonrakı dövr hələ də qeyri-müəyyəndir. Bircə həqiqət ortadadır: İslam Respublikasının idarə olunmasında SEPAH-ın rolu və gücü durmadan artır", - Fransada yaşayan iranlı siyasi şərhçi Müctəba Nəcəfi "Radio Fərda"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın idarəçiliyi, demək olar ki, tamamilə SEPAH-ın əlində cəmləşib. İqtisadi, siyasi, mədəni və ictimai həyatın hərbiləşdirilməsi isə artıq yekun mərhələyə qədəm qoyub.
Məhəmməd Baqir Qalibaf: Vasitəçi
Mühafizəkar siyasətçi və keçmiş hərbçi Məhəmməd Baqir Qalibaf illər boyu İranın ali rəhbərliyi və SEPAH ilə sıx əlaqələr qurub.
Onun siyasi karyerası mütəmadi olaraq korrupsiya qalmaqalları və uğursuz prezidentlik kampaniyaları ilə müşayiət olunub. Bununla belə, o, hazırda İslam Respublikasında ayaqda qalan ən güclü fiqurlardan sayılır. Qalibaf həm parlamentin sədri, həm də İranın ABŞ ilə danışıqlarda əsas təmsilçisidir.
Ekspertlər Qalibafın ölkədəki müxtəlif hakimiyyət qanadları arasında əsas vasitəçi rolunu oynadığını deyirlər. O, yeni ali rəhbərə yaxın şəxs sayılır.
Əvvəllər bu kritik balansı İranın nüfuzlu təhlükəsizlik rəhbəri Əli Laricani təmin edirdi. O, martda öldürüldü. Laricani bir-biri ilə rəqabət aparan siyasi qrupları bir araya gətirən, həmçinin SEPAH, kəşfiyyat strukturları və dini establishment ilə sıx əlaqələri olan birləşdirici fiqur idi.
"Qalibaf həmişə rəhbərliyin ehtiyac duyduqca istifadə etdiyi fiqurlardan biri olub. Digər əsas fiqurlar aradan götürüldükcə, onun sistem daxilində oynadığı rol daha çox ön plana çıxır", - deyə Almaniyada yaşayan siyasi təhlilçi Hüseyn Rəzzaq mövzunu şərh edir.
Məhəmməd Baqir Zülqədr: Təhlükəsizlik rəhbəri
Keçmiş SEPAH komandiri Məhəmməd Baqir Zülqədr Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin olunub.
Laricani çevik və praqmatik siyasətçi kimi tanınırdısa, Zülqədr sərt xətt tərəfdarı olan təhlükəsizlik və hərbi fiqur sayılır.
Rəzzaqın fikrincə, generalın bu posta gətirilməsi Xameneinin hakimiyyət rıçaqlarını özünə sadiq adamlar arasında bölüşdürmək cəhdidir. Bu təyinat həm də İranın bütün əsas idarəetmə və güc strukturlarında SEPAH-ın dominantlığını növbəti dəfə nümayiş etdirir.
Məsud Pezeşkian: Gücsüz prezident
İslahatçı prezident Məsud Pezeşkian ölkədə böyük siyasi çəkiyə malik fiqur hesab olunmur. Sistemdə dominant mövqedə olan sərt xətt tərəfdarları onu təhlükə kimi görmür.
Pezeşkianın rolu əsasən inzibati xarakter daşıyır – hökumətin gündəlik fəaliyyətini idarə etməklə məşğuldur. Müharibə və diplomatiya da daxil olmaqla, əsas qərarlar isə birbaşa olaraq ali rəhbərlik və SEPAH mərkəzlərində verilir.
Pezeşkian xarici işlər naziri Abbas Əraqçi ilə birlikdə yeni hakimiyyət strukturunda üzdə olan yeganə mötədil və islahatçı siyasətçilərdir. Pezeşkian kimi, Əraqçinin də müstəqil qərarvermə səlahiyyəti yoxdur – o, yuxarının təlimat və göstərişlərini icra edir.
Bununla belə, ABŞ ilə pərdəarxası danışıqlarda hər hansı güzəştə qarşı çıxan SEPAH generalları ilə Qərblə diplomatiya tərəfdarı olan Pezeşkian- Əraqçi tandemi arasında fikir ayrılıqları artıq özünü büruzə verməyə başlayıb.