Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 15:20

İrandan internet təhdidi: Ya ödəyin, ya da kabellər kəsiləcək

Dünyanın okean suları altında uzanan qlobal rabitə kabellərinin ümumi uzunluğu 1 milyon kilometrə çatır.
Dünyanın okean suları altında uzanan qlobal rabitə kabellərinin ümumi uzunluğu 1 milyon kilometrə çatır.

İran həftələrdir bildirir ki, Hörmüz boğazından keçən beynəlxalq gəmilərdən ödəniş tələb etmək hüququ var. İran sahilləri yaxınlığında yerləşən Hörmüz dünya neft və mayeləşdirilmiş qazının əsas marşrutlarından sayılır.

İndi isə Tehranın boğazın altından keçən fiber-optik xətlərin operatoru olan qlobal texnologiya nəhənglərindən rüsum tələb etməsi məsələsi gündəmə gəlib. Təklifi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli iki agentlik irəli sürüb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə başlayandan bəri Tehran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Tehran bu strateji su yoluna görə suverenlik iddiası irəli sürsə də, beynəlxalq ictimaiyyət bunu qəbul etmir.

Ekspertlər İranın sualtı kabellərə görə rüsum tələbini praktiki layihədən daha çox, siyasi təzyiq və təhdid xarakterli gediş kimi qiymətləndirirlər.

"Sualtı kabellərə kənar müdaxilə riski həmişə olub. Amma İran kimi bir dövlətin bunu açıq şəkildə təhdid vasitəsinə çevirməsi vəziyyətin ciddiliyini daha da artırır", – Londonda yerləşən "NetBlocks" internet monitorinq qrupunun araşdırmalar üzrə direktoru Işık Mater AzadlıqRadiosuna bildirib.

Kabellər kəsilərsə, nə baş verər?

Sualtı kabellərin böyük hissəsi "Google", "Meta", "Microsoft" və "Amazon" kimi qlobal texnologiya nəhənglərinə məxsusdur və birbaşa onlar tərəfindən idarə olunur. Bu infrastrukturlar Asiya ilə Avropanı və Fars körfəzi regionunu birləşdirərək SWIFT tranzaksiyalarını, bulud platformalarının məlumat axınını və ümumi internet şəbəkəsini təmin edir. AzadlıqRadiosunun İran üzrə jurnalisti Kian Şərifi qeyd edir ki, Hörmüz boğazından keçən sualtı kabellər sıradan çıxarsa, bunun Asiya, Yaxın Şərq və Avropa əhalisi üçün dərhal və genişmiqyaslı fəsadları ola bilər:

Striminq platformaları: Yayım xidmətləri tamamilə dayana və ya ciddi ləngimələrlə üzləşə bilər;

Messencerlər: Mesajlaşma tətbiqlərinin fəaliyyəti iflic ola və ya ötürmə sürəti kəskin azala bilər;

Rəqəmsal rabitə: Videozənglər və onlayn konfranslar tamamilə kəsilə bilər;

Maliyyə sektoru: Onlayn bankçılıq sistemlərində və kart ödənişlərində ciddi axsamalar yaranar;

Bulud texnologiyaları: Elektron poçt və korporativ iş platformaları daxil olmaqla, bulud əsaslı xidmətlərin fəaliyyəti minimuma enər.

İnternet provayderləri trafiki digər kabellər və ya peyklər vasitəsilə yönləndirə bilər. Lakin alternativ xətlərin potensialı məhdud olduğundan bu addım əlaqənin kəsilmədiyi bölgələrdə belə internetin xeyli yavaşlamasına səbəb olar. Üstəlik, sualtı infrastrukturun təmiri adətən həftələr, bəzən isə aylarla çəkir.

HÖRMÜZ DATA BOĞAZI

Nə təklif olunur?

İranın "Tasnim" və "Fars" agentliklərinin yaydığı məlumatda qeyd olunur ki, Tehran boğazdan keçən sualtı kabel şəbəkəsindən həm gəlir əldə etməli, həm də onun üzərində suverenlik hüquqlarını təsdiqləməlidir.

Təkliflərin hüquqi əsaslandırılması İranın imzaladığı, lakin ratifikasiya etmədiyi BMT Dəniz Hüququ Konvensiyasına (UNCLOS) söykənir. "Tasnim" iddia edir ki, konvensiyanın 34-cü maddəsi yalnız gəmilərin boğazdan keçidinə icazə vermir, eyni zamanda İrana dəniz dibi üzərində də söz sahibi olmaq haqqı tanıyır.

Hörmüz boğazının ən dar hissəsində İran və Omanın ərazi suları kəsişir. Bu səbəbdən sualtı kabellər fiziki olaraq İranın iddia etdiyi dəniz zonasında yerləşir. Agentliyin şərhinə görə, sözügedən ərazidə icazəsiz kabel çəkilməsi "İran torpağının sualtı işğalı" deməkdir və buna görə mütləq lisenziya alınmalı, rüsum ödənilməlidir.

Təklif olunan gəlir modeli qismən Misir təcrübəsinə əsaslanır. "Tasnim"in iddiasına görə, Misir Süveyş kanalından keçən sualtı kabellərdən hər il yüz milyonlarla dollar gəlir əldə edir.

Bu arqumentlər əsaslıdırmı?

Ekspertlər bu hüquqi arqumentlərin ciddi zəif tərəflərinin olduğunu bildirirlər.

Sahil dövlətləri öz ərazi suları altındakı dəniz dibi üzərində suveren hüquqlara malikdir. Lakin "Tasnim" UNCLOS-un 79-cu maddəsini nəzərdən qaçırır. Həmin maddə beynəlxalq rabitə operatorlarının sualtı kabellər çəkmək və onlara texniki xidmət göstərmək hüququna açıq şəkildə təminat verir.

"NetBlocks" qrupunun rəsmisi I.Materin sözlərinə görə, Misirlə müqayisənin "hüquqi çəkisi olduqca məhduddur". Çünki Qahirə öz ərazisində tranzit və sahilə çıxış nöqtələrini lisenziyalaşdırır – və bu razılaşmalar tərəflər arasında könüllü şəkildə bağlanıb.

"İranın mövqeyi isə bu məsələdə daha zəifdir. Tehran ərazi sularına nəzarət etsə də, sözügedən marşrutların əhəmiyyətli hissəsinin hüquqi sahibi deyil", – o vurğulayıb.

ABŞ aprelin ortalarında Hörmüz boğazında dəniz blokadası tətbiq edib. Bundan əvvəl isə İran boğazdan keçən kommersiya gəmilərindən 2 milyon dollara qədər ödəniş tələb edirdi, lakin həmin dövrdə buradan onsuz da az sayda gəmi keçirdi. ABŞ blokadasından sonra isə boğazda gəmilərin hərəkəti, demək olar ki, tamamilə dayanıb.

Digər tərəfdən, İran fevralın 28-dən etibarən ölkə daxilində interneti kəsib və aprelin 8-də atəşkəs qüvvəyə mindikdən sonra da bərpa etməyib.

XS
SM
MD
LG