Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 15:11

ABŞ İranın 'əsassız' hücumlarından sonra hərbi obyektlərini vurduğunu deyir

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) 'USS Truxtun' raket esminesi
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) 'USS Truxtun' raket esminesi

İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə raket, dron və sürətli qayıqlarla hücumundan sonra ABŞ qüvvələri təhdidləri zərərsizləşdirib və İranın hərbi obyektlərinə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu açıqlamanı mayın 7-də yayıb.

Məlumata görə, ABŞ-nin idarəolunan raketli esminesləri Hörmüz boğazından Oman körfəzinə keçərkən İran tərəfinin "əsassız" hücumlarına məruz qalıb. Bildirilir ki, Amerika gəmiləri özünümüdafiə məqsədilə dərhal cavab zərbələri endirib.

Vurğulanır ki, İran qüvvələri "USS Truxtun", "USS Rafael Peralta" və "USS Mason" da daxil olmaqla, ABŞ-nin bir sıra hərbi gəmilərinə doğru raketlər, dronlar və sürətli qayıqlar buraxıb. Rəsmi məlumata görə, Amerika gəmilərinin heç birinə zərər dəyməyib.

CENTCOM-un bəyanatına əsasən, ABŞ qüvvələri hücuma cavab olaraq İranın hərbi obyektlərini, o cümlədən raket və dron buraxılış məntəqələrini, komanda-idarəetmə mərkəzlərini, habelə kəşfiyyat, müşahidə və nəzarət qovşaqlarını hədəfə alıb.

Tramp atəşkəsin qüvvədə qaldığını deyir

ABŞ prezidenti Donald Tramp sonradan "ABC News" telekanalına verdiyi açıqlamada İrana endirilən cavab zərbələrini sadəcə "yüngül toxunuş" kimi qiymətləndirib. O, baş verən insidentə baxmayaraq, aprelin 7-də elan edilmiş atəşkəsin hələ də qüvvədə olduğunu və tərəflər arasında danışıqların davam etdiyini vurğulayıb.

Tramp sosial şəbəkə hesabındakı paylaşımında ABŞ gəmilərinə heç bir zərər dəymədiyini, ancaq qarşı tərəfə məxsus çoxsaylı sürətli qayıqlara ciddi ziyan vurulduğunu qeyd edib.

Onun sözlərinə görə, İranı "dəli adamlar idarə edir və nüvə silahına sahib olsaydılar, ondan tərəddüd etmədən istifadə edərdilər... Biz bu gün onlara növbəti zərbəni endirdik. Əgər sazişi TEZLİKLƏ imzalamasalar, gələcəkdə onları daha ağır və şiddətli zərbələr gözləyir!".

Pentaqon bir gün əvvəl ABŞ qüvvələrinin İran limanlarına blokadanı yarmağa cəhd göstərən İran bayraqlı gəmiyə zərbə endirdiyini açıqlamışdı. Tehran bunu atəşkəs rejiminin pozulması kimi qiymətləndirmişdi.

İran agentlikləri nə yazıb

İranın yarırəsmi "Fars" xəbər agentliyi Hörmüz boğazındakı Qeşm adasında yerləşən Bəhmən limanının bəzi hissələrinin naməlum mənbələrdən hücumlara məruz qaldığını bildirib.

SEPAH-a yaxın "Fars" agentliyinin məlumatına görə, "İran silahlı qüvvələri ilə düşmən arasında atışma zamanı Bəhmən limanının kommersiya bölmələri hədəfə alınıb".

Sahilboyu ərazilərin sakinləri də güclü partlayış səsləri eşitdikləri barədə sosial şəbəkələrdə məlumat paylaşıblar. Qeşm adasındakı şahidlərin bildirdiyinə görə, bölgədə ardıcıl partlayışlar baş verib və dəniz üzərində parlaq işıq parıltıları müşahidə olunub.

"Fars" atışma nəticəsində Qeşm adasındakı körpülərdən birinin zədələndiyini iddia edib.

"Tasnim" isə Bəndər-Abbas liman şəhərində bir neçə güclü partlayış səsinin eşidildiyi barədə məlumat yayıb.

Tramp daha əvvəl demişdi ki, Tehran rejimi Pakistanın vasitəçiliyi ilə təqdim olunan ABŞ sülh sazişini qəbul etməsə, İran yeni zərbələrə məruz qala bilər.

Tehran isə Vaşinqtonun təkliflərini nəzərdən keçirdiyini və rəsmi cavabını pakistanlı vasitəçilərə təqdim edəcəyini bildirib.

XS
SM
MD
LG