Keçid linkləri

2026, 03 İyun, çərşənbə, Bakı vaxtı 21:33

Tramp Müctəba Xamenei ilə bağlı: 'Onunla nə vaxtsa görüşəcəyik'

Müctəba Xamenei və Donald Tramp
Müctəba Xamenei və Donald Tramp

ABŞ prezidenti Donald Tramp "The New York Post" qəzetinə müsahibəsində deyib ki, Tehran böyük güzəştə gedərək nüvə silahı düzəltməyəcəyini bildirib. O, regionda vəziyyətin sürətlə dəyişdiyini əlavə edib.

Müsahibədə Tramp İranın ali lideri Müctəba Xameneinin danışıqlarda şəxsən iştirak etdiyini və Tehranın mövqeyini təsdiqlədiyini deyib. M.Xamenei atası Əli Xamenei və ailəsinin bir neçə üzvü fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürüldükdən sonra ictimaiyyət qarşısında görünməyib.

M.Xamenei martın 8-də ölkənin yeni ali lideri elan edilib. Onun da həmin zərbələr zamanı ağır yaralandığı bildirilir ki, bu da hazırda İrana faktiki olaraq kimin rəhbərlik etdiyi ilə bağlı ciddi suallar yaradır.

"Onunla görüşmək istərdim və yəqin ki, nə vaxtsa görüşəcəyik. Bu, gedişatdan asılı olacaq", – deyə Tramp bildirib.

İran rəsmiləri Trampın nüvə silahı ilə bağlı bu açıqlamalarını hələlik təsdiqləməyiblər. Həftənin əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların davam etdiyini bildirsə də, spekulyasiyalardan çəkinməyə çağırıb. Nazirin sözlərinə görə, Tehran konkret və aydın nəticə əldə olunmadan danışıqlar prosesini qiymətləndirə bilməz.

ABŞ mediasının yazdığına görə, iki ölkə arasında mümkün razılaşmanın son layihəsində atəşkəsin 60 gün uzadılması, Hörmüz boğazının yenidən açılması və nüvə danışıqlarının bərpası üçün yeni çərçivənin yaradılması nəzərdə tutulur. Bu saziş həmçinin diplomatik irəliləyiş əldə olunacağı halda, sanksiyaların yumşaldılması hesabına İranın dondurulmuş milyardlarla dollarlıq vəsaitə çıxışını təmin edə bilər.

Amma ABŞ mediası sonradan Trampın təklif olunan sazişə ciddi dəyişikliklər tələb etdiyini yazıb. Məlumata görə, bu düzəlişlər birbaşa Hörmüz boğazının statusu və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlıdır.

XS
SM
MD
LG