ABŞ və İsrailin İranla münaqişəsi artıq dördüncü aya keçib. Tərəflər arasında müvəqqəti razılaşma ilə bağlı təkliflər mübadiləsi aparılır. 60 günlük atəşkəsə və diplomatiyanın bərpası barədə müzakirələrə baxmayaraq, sanksiyalar, İranın nüvə proqramı və Hörmüz boğazına nəzarət məsələlərində ciddi fikir ayrılıqları qalmaqdadır.
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu "Fordham Global Foresight" şirkətinin təsisçisi, geosiyasi strateq Tina Fordhem ilə danışıqların gedişi barədə söhbət edib.
"Onların yanaşmasına görə, Trampın razılaşmaya daha çox ehtiyacı var"
İnvestorlar və iri şirkət rəhbərlərinə geostrategiya üzrə məsləhətlər verən təhlilçi tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğunu bildirir: "Müsbət məqam odur ki, nə İran, nə də ABŞ hazırkı mərhələdə münaqişəni daha da genişləndirmək istəyir. Təhlükəsizlik baxımından bu, əlbəttə ki, müsbət haldır. Amma İran hələ də Hörmüz boğazına nəzarəti əlində saxlayır və bundan gəlir əldə edir. Məncə, bazar iştirakçıları problemin tezliklə həll olunacağı barədə həddindən artıq nikbindirlər".
"Bu, artıq güzəştlərdən çox, kimin ilk geri çəkiləcəyi məsələsinə çevrilib?" - AzadlıqRadiosunun bu sualına cavabında T.Fordhem bildirir ki, danışıqlarda tərəflər qarşı tərəfin zəif nöqtələrini müəyyən etməyə çalışırlar: "İran bu sahədə 47 illik təcrübəyə malikdir və vaxt udmaq taktikasında həmişə uğur qazanıb. Onların yanaşmasına görə, ABŞ-də noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Trampın razılaşmaya onlardan daha çox ehtiyacı var".
"İran Hörmüzdən gəlir əldə edir"
Təhlilçi diplomatik baxımdan çıxılmaz vəziyyət yarandığını qeyd edir. Onun sözlərinə görə, tarix İran kimi kök salmış rejimləri yalnız hava zərbələri ilə devirməyin çox çətin olduğunu göstərir. Bu arada ABŞ hələ də maksimum tələblərini saxlayır: yüksək zənginləşdirilmiş uranın təhvil verilməsi və nüvə proqramının inkişafına moratorium. İran isə bu tələblərə qarşı çıxır.
"Ancaq Vaşinqtonun ritorikasında dəyişiklik var. Müharibənin əvvəlində Tramp İranın kapitulyasiyasından danışırdısa, indi bu ifadələr xeyli azalıb. Məncə, Körfəz ölkələri də İranı problemlər yaradan dövlət hesab etsələr də, rejimi devirmək üçün genişmiqyaslı hərbi əməliyyatları dəstəkləməyə hazır deyillər", – deyə T.Fordham vurğulayır.
O əlavə edib ki, rəsmi Tehran iqtisadi rıçaqları da əlində saxlayır: "İran hazırda təkcə Hörmüz boğazına nəzarət etmir, həm də bundan mənfəət götürür. Hesablamalara görə, ölkə kriptovalyuta şəklində gündə 1-2 milyon dollar gəlir qazanır. Bu amil artıq nüvə proqramından daha təsirli bir təzyiq vasitəsinə çevrilib".
Müsahibənin tam versiyasını burada oxu: Expected Iran Deal Comes With Difficult Choices, Says Geopolitical Strategist Tina Fordham