ABŞ prezidenti Donald Tramp İranla razılığa gəlmək üçün diplomatik təmasların davam etdirildiyini bildirib. O, "Truth Social" platformasındakı paylaşımında "İran İslam Respublikası ilə danışıqlar sürətlə davam edir" yazıb.
Prezident iyunun 1-də "NBC News"a qısa açıqlamasında qeyd edib ki, İran danışıqları dayandırmaqla bağlı Vaşinqtona rəsmi məlumat verməyib. Bununla belə, o, CNBC-yə müsahibəsində "Doğrusu, vecimə deyil. Heç vecimə də deyil", – deyə münasibət bildirib.
İyunun 1-də İranın "Tasnim" xəbər agentliyi rəsmi Tehranın vasitəçilərin apardığı qarşılıqlı təklif mübadiləsində iştirakını dayandıracağını bəyan edib. Bu addım İsrailin Livanda İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasına qarşı hücumlarını gücləndirməsi ilə əlaqələndirilib. ABŞ "Hizbullah"ı terrorçu təşkilat kimi tanıyır. İran Xarici İşlər Nazirliyi isə bəyanatında İsraili atəşkəsi pozmaqda ittiham edib və yaranmış vəziyyətin nəticələrinə görə Vaşinqtonun məsuliyyət daşıdığını vurğulayıb.
Tramp daha sonra "Truth Social" platformasında etdiyi ayrıca paylaşımda İsrailin baş naziri Binyamin Netanyahu və vasitəçilərin iştirakı ilə "Hizbullah"la danışıqlar apardığını bildirib. O, "İsrail onlara, onlar da İsrailə hücum etməyəcəklər", – deyə yazıb.
Həftəsonu ABŞ qüvvələri İran hədəflərinə "özünümüdafiə məqsədli" hücumlar reallaşdırdığını, İran isə Küveytdəki ABŞ bazasına zərbə endirdiyini açıqlayıb.
1 iyun
İran ABŞ ilə danışıqları dayandırır
İsrail Livandakı əməliyyatları genişləndirdiyinə görə İran ABŞ ilə dolayı danışıqları dayandırır. Xəbəri İranın "Tasnim" agentliyi yayıb.
Xəbərdə deyilir ki, Livandakı hücumlarla əlaqədar İranın danışıqlar qrupu Vaşinqtonla vasitəçilər vasitəsilə mesaj mübadiləsini dayandırır.
Bu məlumatdan sonra neftin bir barelinin qiyməti 5 dollardan çox artıb.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl sosial şəbəkədə Tehranın saziş əldə etmək istədiyinə inandığını bildirmişdi. İran rəsmiləri isə ABŞ-nin "daim dəyişən" mövqeyini tənqid ediblər.
İranın xarici işlər naziri Abbas Əraqçi də Livandakı vəziyyəti danışıqlar qarşısında maneə adlandırıb.
"Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir. ABŞ və İsrail hər hansı pozuntunun nəticələrinə görə məsuliyyət daşıyır", – o, X sosial şəbəkəsində yazıb.
"Tasnim" yazır ki, İran və onun Yəmən, Livan və İraqdakı şiə müttəfiqlərini birləşdirən "Müqavimət Cəbhəsi" Hörmüz boğazını tam bağlamağa razılaşıblar. İsraili və onun tərəfdarlarını cəzalandırmaq üçün Bab əl-Məndəb boğazı da daxil olmaqla, digər cəbhələrin də aktivləşdirilməsi plana daxildir.
Tehran Vaşinqtonu 'ziddiyyətli tələblər' irəli sürməkdə ittiham edir
Tehran ABŞ-ni sülh danışıqlarında ziddiyyətli tələblər irəli sürməkdə günahlandırıb. Bu bəyanat tərəflərin qarşılıqlı yeni hücumlar fonunda verdiyi bəyanatlarla üst-üstə düşüb. ABŞ ordusu iyunun 1-də İrandakı hədəflərə qarşı növbəti "özünümüdafiə" zərbələri endirdiyini açıqlayıb. Buna cavab olaraq İran Birləşmiş Ştatların Körfəzdəki müttəfiqi Küveyti raket və dronlar ilə hədəf alıb.
Son zərbələrə baxmayaraq, aprelin 8-də əldə edilmiş atəşkəs ümumilikdə qüvvədə qalır.
Tehran isə Vaşinqtonu bu razılaşmanı pozmaqda ittiham edir. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi iyunun 1-də keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, "ABŞ bu səhər də daxil olmaqla atəşkəsi pozmağa davam edir". O, Tehranın milli təhlükəsizliyi qorumaq üçün hər bir addımı atacağını bəyan edib. Bəqayi ABŞ ilə təmasların davam etdiyini, amma bunun son dərəcə böyük şübhə və pessimizm şəraitində baş verdiyini vurğulayıb: "Qarşı tərəf davamlı olaraq mövqeyini dəyişir, yeni, yaxud bir-birinə zidd tələblər irəli sürür".
Sazişin son layihəsi
"Axios" nəşrinin 30 may tarixli məlumatına görə, hazırlanan saziş layihəsi atəşkəsin 60 gün uzadılmasını, Hörmüz boğazının açılmasını və nüvə danışıqlarının bərpası üçün çərçivə yaradılmasını nəzərdə tutur. Diplomatik irəliləyiş əldə olunarsa, sanksiyaların yumşaldılması qarşılığında İran dondurulmuş milyardlarla dollar vəsaitinə yenidən çıxış əldə edə bilər.
ABŞ mediası mayın 31-də xəbər verib ki, prezident Donald Tramp İranla nəzərdə tutulan saziş layihəsinə dəyişikliklər tələb edib. Düzəlişlərin Hörmüz boğazının statusu və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı olduğu bildirilir. Tramp iyunun 1-də sosial şəbəkədə yazıb ki, "İran gerçəkdən saziş bağlamaq istəyir və bu, ABŞ və bizim tərəfdaşlarımız üçün yaxşı saziş olacaq".
Bəqayi mətbuat konfransında deyib ki, Livanda atəşkəsin qorunması ABŞ ilə hər hansı saziş üçün vacib şərtdir. Onun sözlərinə görə, İsrail Livanda "Hizbullah" üzvlərinə qarşı əməliyyatları genişləndirir. Vaşinqton bu silahlı qruplaşmanı terror təşkilatı hesab edir. İran parlamentinin sədri, nüvə danışıqlarında İranın əsas təmsilçisi Məhəmməd Baqer Qalibaf da "X" sosial şəbəkəsində paylaşdığı mesajda Tehranın bu mövqeyini təkrarlayıb. O bildirib ki, ABŞ-nin İran limanlarını dənizdən blokadaya alması və İsrailin Livandakı hərbi əməliyyatlarını genişləndirməsi Vaşinqtonun atəşkəs öhdəliklərinə riayət etmədiyini göstərir.
ABŞ İranı üçüncü dəfə vurdu, Tehran müttəfiqə hücum etdi
Yaxın Şərqdə gərginlik yenidən artıb. ABŞ ordusu İrandakı hədəflərə üçüncü dəfə "özünümüdafiə" zərbələri endirdiyini açıqlayıb. Tehran isə iyunun 1-nə keçən gecə ABŞ-nin Körfəzdəki müttəfiqi Küveytə raket və dronlarla hücum edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, həftəsonu İranın Goruk bölgəsində və Qeşm adasında yerləşən radar sistemləri, eləcə də dronların idarəetmə və komanda məntəqələri vurulub. Aprelin əvvəlində ABŞ və İran arasında atəşkəs qüvvəyə minəndən bəri artıq üçüncü dəfədir ABŞ İranda hədəflərə "özünümüdafiə" zərbəsi endirdiyini bəyan edir.
Bu arada ABŞ və İran rəsmiləri mövcud atəşkəsin 60 gün uzadılmasını, Hörmüz boğazının açılmasını və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın ləğvini nəzərdə tutan çərçivə sazişi üzrə təkliflər mübadiləsi aparırlar. Ağ ev məsələ ilə bağlı şərh verməkdən imtina edərək AzadlıqRadiosunun müxbirini CENTCOM-a yönləndirib.
"İranın aqressiv hərəkətlərinə cavab"
CENTCOM zərbələrin qismən İran qüvvələri tərəfindən ABŞ dronunun vurulmasına cavab xarakteri daşıdığını bildirib: "Ölçülü və məqsədyönlü zərbələr şənbə və bazar günləri İranın aqressiv hərəkətlərinə cavab olaraq endirilib. Həmin hərəkətlərə beynəlxalq sular üzərində ABŞ-yə məxsus MQ-1 dronunun vurulması da daxildir".
ABŞ qırıcılarının cavab olaraq regional sulardakı gəmilərə birbaşa təhlükə yaradan İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqəsini və iki kamikadze dronunu məhv etdiyi vurğulanır. Vaşinqton əməliyyat zamanı hərbçilər arasında hər hansı itkinin olmadığını bəyan edib.
İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən bildirib ki, qurum ABŞ qüvvələrinin son hücumları həyata keçirdiyi hərbi bazalardan birini hədəf alıb, amma həmin obyektin hansı ölkədə yerləşdiyi açıqlanmayıb.
Küveyt "düşmən hücumlarını zərərsizləşdirir"
Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin düşmən raketləri və dron hücumlarının qarşısını aldığını açıqlayıb. Bu kiçik Körfəz ölkəsində hava həyəcan siqnalları verilib. Ordunun "X" sosial şəbəkəsindəki hesabında deyilir ki, "Partlayış səsləri eşidilərsə, bunlar hava hücumundan müdafiə sistemlərinin düşmən hücumlarını zərərsizləşdirməsi ilə bağlıdır".
Küveyt rəsmiləri mərmilərin İrandan atıldığını rəsmən təsdiqləməyiblər. Bununla belə, Tehran əvvəllər də ABŞ hücumlarının Küveyt ərazisindən təşkil olunduğunu iddia edərək bu ölkəni hədəf almışdı.
ABŞ qüvvələri mayın 7-də İran raketləri, dronları və kiçik qayıqlarının ABŞ gəmilərinə hücumlarına cavab olaraq da zərbələr endirmişdi. Vaşinqtonun məlumatına görə, ABŞ ordusu daha sonra mayın 25-də və 27-28-də Hörmüz boğazında ABŞ hərbçiləri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan raket mövqelərinə, mina yerləşdirən qayıqlara və digər hərbi hədəflərə qarşı əlavə əməliyyatlar keçirib.