Canlı şəbəkə məlumatları İranda 88 günlük internet blokadasından sonra internetə çıxışın qismən bərpa olunduğunu göstərir. Bunu NetBlocks qlobal internet monitorinq təşkilatı bildirib.
NetBlocks X sosial şəbəkəsində yazıb ki, 2 min 093 saatdan çox davam edən kəsinti “müasir tarixdə bir ölkə boyunca ən uzunmüddətli internet kəsintisidir”.
Qurum internetin bərpasının davamlı olub-olmayacağının aydın olmadığını da qeyd edib.
Prezident Məsud Pezeşkian hökumətinin rəsmiləri bundan əvvəl yaxın 24 saat ərzində internetin tam bərpasına doğru prosesin başladığını açıqlamışdılar. Amma bir neçə saat sonra İnzibati Ədalət Məhkəməsi internetə çıxışın bərpası qərarını vermiş hökumət komitəsinə qarşı icranın dayandırılması qərarı çıxardığını elan edib.
NetBlocks-un paylaşımından az sonra İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif X sosial şəbəkəsində yazıb ki, “prezidentin göstərişinə və hökumətin vədinə uyğun olaraq kiberməkana azad və tənzimlənmiş çıxış istiqamətində ilk addım atılıb”.
İranda bəzi istifadəçilər dövlət telekommunikasiya provayderinin ev və sabit xətt internet xidmətinin yenidən açıldığını bildiriblər. Bu haqda İranın islahatyönümlü “Ham-Mihan” qəzeti məlumat yayıb.
İran məhkəməsi internetin açılmasına icazə vermədi
İranın İnzibati Ədalət Məhkəməsi kiberməkan siyasətinə nəzarət edəcək yeni dövlət qurumunun fəaliyyətə başlaması ilə bağlı qərarın icrasını dayandırıb. Bu, hökumətin aylardır tətbiq olunan məhdudiyyətlərdən sonra internetə tam çıxışı bərpa etmək planlarını çətinləşdirib.
Məhkəmə mayın 26-da bildirib ki, hüquqi şikayətlərdən sonra "Kiberməkanın Təşkili və İdarə Edilməsi üzrə Xüsusi Qərargah"ın yaradılmasını dondurub. "Şikayətlərə yekun baxış bitənədək həmin qurumun qərar və qətnamələri icra oluna bilməz", - məlumatda bildirilir.
Bu qərardan əvvəl prezident Məsud Pezeşkian hökumətinin rəsmiləri bildirmişdilər ki, bir neçə saat ərzində qlobal internetlə əlaqə, 24 saat içində isə tam çıxış bərpa olunacaq.
Hökumətin sözçüsü Fatimə Mühacirani bildirib ki, yeni kiberməkan qərargahı internetin yenidən açılmalı olduğu qənaətinə gəlib.
İranda fevralın 28-dən bəri, demək olar ki, tam internet blokadası hökm sürür. Hakimiyyət ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra internetə çıxışı dayandırıb. Bəzi rəsmilər isə məhdudiyyətləri tənqid edir, bunun ağır iqtisadi və sosial nəticələrə səbəb olduğunu deyirlər.
Pezeşkian interneti açır, yoxsa 'Çin səddi' çəkir?
İran prezidenti Məsud Pezeşkian qlobal internetə çıxışın bərpasına göstəriş verib. Bu barədə dövlət mətbuatı məlumat yayıb.
ABŞ və İsrail fevralın 28-də İslam Respublikasına qarşı bombardmanlara başlayandan bəri hakimiyyət orqanları ölkə üzrə interneti bloklayır. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" və "Fars" agentlikləri mayın 25-də bildiriblər ki, "prezidentin göstərişi Rabitə Nazirliyinə çatdırılıb". Qlobal internetə çıxışın tam bərpa olunub-olunmayacağı və bunun nə vaxt baş verəcəyi isə, hələlik, məlum deyil.
Rəsmi şəxs hökumətin arqumentlərini rədd edir
Bundan əvvəl isə İranın yüksək vəzifəli rəsmilərindən biri Tehranın qlobal internetə çıxışı daimi məhdudlaşdırmaq məqsədilə Çindən qabaqcıl texnologiya idxal etdiyini bildirib. İranın Ali Kiberməkan Şurasının üzvü, IRIB dövlət televiziyasının keçmiş rəhbəri Məhəmməd Sərəfraz mayın 23-də "Faraz" onlayn qəzetinə müsahibəsində Çin avadanlıqlarının artıq ölkəyə gətirildiyini qeyd edib. Onun sözlərinə görə, məqsəd qlobal internetin daimi bloklanmasının əsasını yaratmaqdır. Bildirildiyinə görə, təxminən 90 milyon əhalisi olan ölkədə yalnız seçilmiş istifadəçilər üçün ciddi nəzarət altında internetə məhdud çıxış imkanı saxlanılacaq.
AzadlıqRadiosunun İran üzrə eksperti Kian Şərifi ölkədəki internet blokadasının artıq üçüncü aydır ki, davam etdiyini diqqətə çatdırır. Bu, 2011-ci ildə "Ərəb baharı" etirazları zamanı Liviyada təxminən altı ay çəkən kəsintidən sonra ən uzunmüddətli blokada sayılır. İran əhalisinin Liviyadan təxminən 15 dəfə çox olduğunu vurğulayan ekspertlər bunu tarixdə hökumət tərəfindən ən böyük kommunikasiya blokadası hesab edirlər.
Hakimiyyət internet blokadasını xarici kiberhücumların qarşısını almaq, müharibə dövründə rəsmiləri sui-qəsdlərdən qorumaq və ictimaiyyətdə ruh yüksəkliyini saxlamaq zərurəti ilə əsaslandırmağa çalışıb.
Sərəfraz isə hökumətin əsas arqumentlərini rədd edib. O bildirib ki, ölkəyə qarşı ən ciddi kiberhücumların bəziləri məhz internet kəsintiləri zamanı baş verib. Rəsmi şəxs onu da qeyd edib ki, internetin bağlanması ABŞ və İsrailin münaqişə dövründə onlarla yüksək vəzifəli şəxsi öldürməsinin qarşısını ala bilməyib.
O, internet blokadasının ictimai ruh yüksəkliyini qoruması fikri ilə də razılaşmayıb. Sərəfrazın dediyinə görə, uzunmüddətli rəqəmsal təcrid iranlılara xarici onlayn məzmunun mümkün təsirindən daha çox psixoloji zərər vurub. İnternet blokadası dövründə rejimə yaxın şəxslər üçün "ağ internet" kimi xüsusi çıxış imkanları, varlı istifadəçilər üçün isə "Internet Pro" xidmətləri təklif olunub.
Çin modeli İrana yarayarmı?
İranın rabitə nazirinin müavini Ehsan Çitsaz mayın 9-da mətbuat konfransında bildirib ki, Çinin qapalı daxili internet modelinin İranda təkrarlanması "heç bir şəkildə mümkün deyil". Onun sözlərinə görə, Çin sistemi 1 milyarddan çox əhali və nəhəng daxili rəqəmsal bazar üzərində qurulub və İran bunu təkrarlaya bilməz. Çitsaz xəbərdarlıq edib ki, uzunmüddətli internet kəsintiləri özlüyündə milli təhlükəsizliyə birbaşa təhdid yaradır.
"Çinlə müqayisədə Tehranın sistemi xeyli sadədir", — bunu ABŞ-də yerləşən və İran üzrə rəqəmsal təhlükəsizlik sahəsində ixtisaslaşan "Miaan Group" təşkilatının eksperti Əmir Rəşidi bildirib. Onun dediyinə görə, İran onilliklər ərzində böyük maliyyə və texnoloji xərclərlə nəhəng sistem qurmaq əvəzinə, mövcud internet infrastrukturuna əlavə məhdudiyyətlər tətbiq edir. Bu isə digər avtoritar hökumətlərin İran modelini daha ucuz və asan şəkildə təkrarlamasına imkan yaradır.
"Onlar şəbəkələri sıfırdan yenidən qurmadan İranın internet blokadası və senzura sistemini tətbiq edə bilərlər", – deyə Rəşidi AzadlıqRadiosunun fars xidmətinə söyləyib.
Şəbəkə tədqiqatçısı Aryan İqbalın fikrincə, İranda internetə nəzarəti dəstəkləyənlər güman edirlər ki, Çinin iqtisadi yüksəlişi ölkədəki rəqəmsal məhdudiyyət modelinin doğru olduğunu göstərir.
"Çin qapalı internetə görə inkişaf etməyib. Bunun başqa səbəbləri var idi və bu qapanma, əslində, onun inkişafına mənfi təsir göstərib", – deyə İqbal İranın "Zoomit" texnologiya saytına bildirib.
İqbalın sözlərinə görə, İranda nəzarətin sərtləşməsini istəyənlər Çin modelinin yalnız repressiv qatını təkrarlamağa çalışırlar. Lakin onlar Pekinin bu xərcləri qarşılamasına imkan verən iqtisadi əsaslardan məhrumdurlar. Onilliklərlə davam edən iqtisadi idarəetmə problemləri və beynəlxalq sanksiyalar səbəbindən İran iqtisadiyyatı belə bir modelin davamlılığı üçün zəruri miqyasa sahib deyil.
İranın internet blokadası indiyədək ölkəyə böyük iqtisadi ziyan vurub. Ölkənin Ticarət Palatasının rəsmisi Əfşin Kolahi aprelin 12-də bir iclasda bildirib ki, internetin bağlanması ölkəyə gündə təxminən 40 milyon dollar zərər vurur. Onun sözlərinə görə, dolayı itkilər isə aprelin ortalarınadək gündə 80 milyon dollara çatıb.