Yaxın Şərqdəki böhranı cilovlamaq üçün göstərilən diplomatik səylərlə paralel olaraq gərginlik də yüksəlməkdədir. İyunun 2-də Vaşinqtonda İsrail və Livan rəsmiləri arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqların dördüncü raundu keçirilib. ABŞ dövlət katibi Marko Rubio həmin gün Konqresdəki çıxışında Tehranla nüvə danışıqlarının bərpa olunacağına ümid etdiyini bildirib. Amma onu da əlavə edib ki, Hörmüz boğazının yenidən açılması qarşılığında İrana qarşı sanksiyalar yumşaldılmayacaq və belə bir addım yalnız İranın nüvə proqramındakı addımları ilə əlaqələndiriləcək.
Region yeni strateji düzənə doğrumu gedir? AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu İran danışıqlarındakı mövcud durumu "New Lines" Strategiya və Siyasət İnstitutunun baş analitiki Daniya Arayssi ilə müzakirə edib.
"Livan İsrail ilə kəşfiyyat məlumatlarını bölüşəcək"
D.Arayssinin qənaətincə, Tehran Livanı Vaşinqtonla aparılan istənilən danışıqlarda vasitəyə çevirməyə çalışır. Livan hökuməti uzun illərdir ölkənin suverenliyini və sərhəd nəzarətini təmin etməyə can atsa da, İranın təlimatları ilə idarə olunan "Hizbullah" qruplaşması İsrailə qarşı hücumları dayandırmır. ABŞ bu qruplaşmanı bütövlükdə, Avropa İttifaqı isə yalnız hərbi qanadını terror təşkilatı kimi tanıyır.
"Tehran İsrailə qarşı təzyiqi saxlamaq üçün "Hizbullah"dan Livanda bir vasitə kimi istifadə edir. Livan hökuməti mövcud problemlərin həlli və "Hizbullah"ın silahsızlaşdırılması üçün İsraillə əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib... Gözləntim budur ki, Livan hökuməti və İsrail ABŞ-nin köməyi ilə “Hizbullah” barədə, xüsusilə də onun Livandakı silah-sursat anbarları haqqında kəşfiyyat məlumatlarını bir-biri ilə bölüşəcəklər. Bu, hər iki tərəf üçün faydalı nəticələrin əldə olunmasına kömək edə bilər. Həmçinin Livan və İsrail arasında atəşkəsin davam edəcəyini, hətta genişləndirilə biləcəyini gözləyirəm. Bu prosesdə ABŞ əsas vasitəçi rolunu oynayacaq", –təhlilçi bildirir.
D.Arayssi İranla danışıqlarda ciddi nəticənin nüvə proqramı ilə bağlı irəliləyişdən asılı olduğunu qeyd edir. ABŞ administrasiyası İranın nüvə fəaliyyətinin 20 il müddətinə dondurulmasını təklif etsə də, Tehran bu təklifi rədd edib. Onun sözlərinə görə, gələcək razılaşmalarda İsrailin təhlükəsizliklə bağlı narahatlıqları da mütləq nəzərə alınmalıdır.
Daxili ziddiyyətlər
Təhlilçi "Hizbullah" daxilində fikir ayrılıqlarının olduğunu bildirib. Bir tərəfdən qruplaşma İrandan göstərişlər alır, digər tərəfdən isə Livanda müharibədən yorulan şiə əhalinin təzyiqi ilə üzləşir. Onun qənaətincə, "Hizbullah"ın maliyyə və siyasi imkanları əvvəlki səviyyədə deyil və təşkilat sonda atəşkəsi qəbul etməyə məcbur olacaq.
D.Arayssi vurğulayır ki, İranın qərarvermə prosesində qeyri-müəyyənlik artır və hakimiyyət daxilində fikir ayrılıqları yaranır. Bir qrup beynəlxalq ictimaiyyətlə daha praqmatik münasibətlərin tərəfdarı olduğu halda, digər qrup İranın nüvə proqramını qorumaqda israrlıdır. Bu amil də danışıqlar prosesini çətinləşdirir.
"Nüvə texnologiyası təhdidə çevrilməməlidir"
Bütün bu böhranlar yeni regional nizamın formalaşdığını göstərir, yoxsa hər bir məsələyə ayrıca yanaşmaq lazımdır? Təhlilçinin fikrincə, ABŞ yeni regional nizamın formalaşdığını qəbul etməlidir. İran öz maraqları və dünyagörüşü olan mühüm regional aktordur. Əsas iş riskləri azaltmağa və münaqişələrin qarşısını almağa xidmət edən etimad, eləcə də kommunikasiya mexanizmlərinin yaradılmasıdır: "Biz artıq regionun digər ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında mülki nüvə imkanları ilə bağlı müzakirələrin şahidi oluruq. Bu isə o deməkdir ki, nüvə texnologiyasının başqa ölkələrə qarşı təhdid vasitəsinə çevrilməməsini təmin edən çərçivələr yaradılmalıdır".
Müsahibənin tam mətnini burada oxu: Can Diplomacy Survive? Analyst Dania Arayssi On Iran, Hezbollah, And The Struggle For A Deal