Müctəba Xamenei atasının dəfnində görünmədi – səhhəti ilə bağlı şübhələr artır
İranın yeni Ali rəhbəri Müctəba Xamenei iyulun 5-də atasının və sələfinin keçirilən dəfn mərasiminə qatılmayıb.
Əli Xamenei Yaxın Şərq müharibəsinin əvvəlində ABŞ və İsrailin birgə zərbələri nəticəsində həlak olub. Bu dəfn mərasimi isə onun ölümündən dörd aydan çox vaxt keçdikdən sonra təşkil edilib.
Mərasimdə cənazə namazına İranın ən nüfuzlu şiə din xadimlərindən biri, Böyük Ayətullah Cəfər Sübhani rəhbərlik edib.
Atasının ölümündən dərhal sonra ölkənin yeni rəhbəri elan edilən və İran mediasında "Ayətullah" kimi təqdim olunan M.Xameneinin mərasimdə görünməməsi diqqət çəkib. Halbuki rəsmi ənənəyə görə, hər bir yeni xələf öz sələfinin cənazə namazına şəxsən rəhbərlik etməlidir. Analitiklər bu dini ritualları həm də yeni liderin legitimliyinin əsas təsdiqi kimi görürlər.
Fevralın 28-də atasının ölümü ilə nəticələnən həmin hava hücumunda M.Xameneinin də ağır yaralandığı bildirilir. O, həmin vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb və ötən aylar ərzində onun iştirakı ilə heç bir səs və ya video yazı yayımlanmayıb. Bu sirli sükut onun səhhəti və dövləti idarə etmək qabiliyyəti ilə bağlı ciddi suallar doğurur.
İran hakimiyyətinin bu addımı rəsmən təhlükəsizlik mülahizələri ilə əsaslandıracağı gözlənilir. Amma dəfndə İslam Respublikasının, demək olar ki, bütün rəhbər heyətinin iştirakı göstərir ki, İsrail və ya ABŞ-nin mümkün zərbə təhlükəsinə baxmayaraq, Tehran təhlükəsizlik tədbirlərinə tam əmin olub.
Mərasimə ölkənin üç hakimiyyət qolunun rəhbərləri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı və qurumun xarici əməliyyatlara baxan "Qüds" qanadının yüksəkrütbəli zabitləri qatılıb.
Donald Tramp iyulun 3-də deyib ki, ABŞ çərçivə sülh sazişinin tətbiqi ilə bağlı İranla dolayı danışıqları bərpa etməzdən öncə dəfn mərasimi üçün Tehrana bir həftə vaxt verib.
Ə.Xameneinin müharibə başlayandan bəri kölgədə qalan digər üç oğlu – Mustafa, Məsud və Meysəm isə iyulun 5-də atasının tabutu başında dayanıblar.
Xamenei basdırılır: Azərbaycanlılar onu 'uğursuz lider' kimi xatırlayır
İran dörd aydan sonra keçmiş ali lideri Əli Xameneini dəfn edir. Xamenei fevralın sonunda ABŞ və İsrailin birgə zərbəsi ilə həlak olmuşdu. Onun 40 illik hakimiyyəti dini rejimin möhkəmlənməsi, amma eyni zamanda dərin böhranlarla yadda qaldı. Azərbaycanlı fəal Mahmud Bilgin bildirir ki, Xamenei insan hüquqları, mədəniyyət və iqtisadiyyat baxımından uğursuz lider olub. Onun dövründə İran Azərbaycanında sənaye və kənd təsərrüfatı tənəzzül edib: "Sosial rifahın kəskin pisləşməsi fonunda yerli işçi qüvvəsi iş tapmaq üçün digər fars bölgələrinə köç etmək məcburiyyətində qaldı".
İsrail Tacikistan vətəndaşını İrana casusluqda ittiham edir
İsraildə Rusiya və Tacikistan vətəndaşı Behruz Sobircon İranın xeyrinə casusluq etmək şübhəsi ilə saxlanılıb. "The Times of Israel" və "Haaretz" qəzetləri bu barədə İsrail polisi, Şabak və Müdafiə Nazirliyinin birgə bəyanatına istinadən xəbər verib.
İstintaqın məlumatına görə, Sobircon 2026-cı ilin yanvarından iranlı kuratorla əlaqə saxlayıb. Onun fəaliyyəti İranla müharibə dövrünə təsadüf edir. O, "İranın operativ uğurlar qazanmasına və beynəlxalq məqsədlərinə çatmasına kömək etməyə çalışıb".
Bəyanatda bildirilir ki, Sobircon təklifin İran agentindən gəldiyini bilib, amma əlaqəni davam etdirib.
Onun vəzifələrinə İran raketlərinin düşdüyü yerlərin koordinatlarını, Təl-Əvivdəki "Azrieli" qüllələri barədə məlumatları və Hayfa limanının fotoşəkillərini ötürmək daxil olub. O, həmçinin İsrailin şimalındakı strateji obyektin şəklini çəkməyə cəhd göstərib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıb. İran cavab olaraq Hörmüz boğazını bağlayıb. Tehran ABŞ-nin Fars körfəzindəki müttəfiqlərinə – Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və BƏƏ-yə zərbələr endirib. İyunda ABŞ və İran anlaşma memorandumu imzalayıb. Hazırda tərəflər yekun saziş üçün texniki danışıqlar aparır.
Diktatora çevrilən 'azadlıq döyüşçüsü' – Xamenei əslində kimdir?
Şah rejiminə və Qərb dəyərlərinə qarşı mübarizə aparan Əli Xamenei altı dəfə həbs olunub. 1979-cu ildə sadə xalqdan daha çox elit təbəqənin maraqlarını qoruyan şah rejimi devrilir və Ruhullah Xomeyni Parisdən Tehrana qayıdır. Bununla da Xameneinin hakimiyyətdə yüksəliş dövrü başlayır. 1981-ci ildə ona qarşı törədilən sui-qəsd cəhdindən sağ çıxsa da, sağ qolunu işlədə bilmir. Elə həmin il o, İranın prezidenti seçilir...