İran Xameneini dəfn edir - birhəftəlik matəm elan olunub
İran rəsmiləri sabiq ali lider Əli Xamenei üçün vida və dəfn mərasimlərinə başlayıb. O, ABŞ-İsrail koalisiyasının İrana hücum etdiyi ilk gündə bir neçə silahdaşı və ailə üzvü ilə birlikdə həlak olub. Hadisədən dörd ay keçir. Xameneinin nəşi iyulun 3-ü səhər paytaxtın Böyük Müsəlla məscidinə gətirilib.
Günün ikinci yarısında xarici qonaqların da buraya gələcəyi gözlənilir. Onlar sabiq liderə ehtiram bildirəcəklər. İran rəsmiləri birhəftəlik proqram hazırlayıb. Bu proqrama vida mərasimi, matəm yürüşü və dəfn daxildir. Onlar bu mərasimlərə milyonlarla insanın qatılacağına ümid edirlər.
Ə.Xamenei İranı 30 ildən artıq idarə edib. Bu dövr bir çox iranlının yaddaşında kütləvi repressiyalar, qorxu mühiti, həbslər, eləcə də sərt siyasi və sosial məhdudiyyətlərlə qalıb.
İrandan BAEA-ya cavab: Müfəttişlər yalnız iki obyektə buraxılacaq
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf nüvə yoxlamalarında yeni güzəştlərin olacağı xəbərlərini yalanlayıb.
O, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə zədələnmiş obyektlərə giriş verilməyəcəyini deyib.
Qalibaf iyulun 1-də dövlət televiziyasında çıxış edib. O bildirib ki, parlament və Ali Milli Təhlükəsizlik Şurasının qanunlarına görə, müfəttişlərin bombalanmış və ya zədələnmiş obyektlərə girməsi heç bir halda mümkün deyil.
Yoxlamalar yalnız Buşəhr atom stansiyası və Tehran reaktoru ilə məhdudlaşacaq.
Qalibaf ABŞ ilə gözlənilən danışıqlar öncəsi sərt mövqe nümayiş etdirib. O vurğulayıb ki, İran daxili qanunlardan kənara çıxmayacaq. Bu da Vaşinqtonun geniş nəzarət tələblərinin rədd edilməsi deməkdir.
Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır
İran və Qətər 12 milyard dollarlıq dondurulmuş aktivlərin 6 milyardının qaytarılmasına dair razılığa gəlib. Bu barədə İran mediası prezident Məsud Pezeşkiana istinadən məlumat yayıb.
"Razılaşmaya görə, Qətərdəki 12 milyard dollarlıq vəsaitin yarısı – 6 milyard dollar – azad olunacaq və ölkəyə qaytarılacaq. Qalan hissənin geri qaytarılması üçün də proses davam edir", - İran prezidenti bildirib.
İran və ABŞ bir-birini atəşkəsi pozmaqda ittiham edir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi şənbə günü Birləşmiş Ştatları sülh sazişini pozmaqda ittiham edib. Bu açıqlama tərəflərin Hörmüz boğazında ticarət gəmisinə hücumdan sonra qarşılıqlı zərbələr endirməsi fonunda səsləndirilib.
"Al Jazeera"nın məlumatına görə, SEPAH iddia edir ki, ölkələrin iyunun 18-də imzaladığı anlaşma memorandumu Tehrana Hörmüz boğazından keçən gəmilər üzərində nəzarət hüququ verir.
Bildirilir ki, SEPAH İrandakı raket və dron anbarlarına, həmçinin sahil radarlarına edilən zərbələrə cavab olaraq ABŞ-nin Yaxın Şərqdəki bazalarını atəşə tutub.