İsrail: İranın müdafiə sistemlərinə 'irimiqyaslı zərbə' endirilib
İsrail ordusu İranın strateji müdafiə sistemlərinə qarşı "irimiqyaslı" zərbənin başa çatdığını açıqlayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) iyunun 8-də "X" sosial şəbəkəsində bildirib ki, "Hərbi Kəşfiyyatın rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin onlarla qırıcı təyyarəsi İran terror rejiminin strateji müdafiə sistemlərinə irimiqyaslı zərbəni tamamlayıb".
Məlumatda qeyd olunur ki, İran "Nərildəyən Şir" əməliyyatı nəticəsində zəifləmiş imkanlarını bərpa etmək məqsədilə son vaxtlar müxtəlif bölgələrində yenidən müdafiə sistemləri yerləşdirmişdi. Hücum nəticəsində həmin sistemlərin sıradan çıxarıldığı bildirilir.
SEPAH İraq Kürdüstanına zərbələr endirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında "terrorçu" adlandırdığı qruplaşmaların bazalarını hədəfə alıb. Bu barədə məlumatı İranın dövlət mediası iyunun 8-də yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusu İraqın Süleymaniyyə şəhərində terrorçu qrupların qərargahlarına zərbələr endirib", – İranın İRNA dövlət xəbər agentliyi Telegram-kanalında bildirib.
Tehran İraqın Kürdüstan regionundakı İran kürdlərinin siyasi-hərbi qruplarını rejimi devirmək planlarında, Qərb və İsrailin maraqlarını güdməkdə günahlandırır.
İran hakimiyyəti bu kürd qruplaşmalarına qarşı mütəmadi olaraq hərbi əməliyyatlar keçirir. Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələrə başlamasından sonra həmin qruplaşmaların mövqelərinin və düşərgələrinin böyük hissəsi təxliyə edilib.
İranın kürd mühacir qruplarının ölkə ərazisinə silahlı müdaxilə planlaşdırdığı barədə müxtəlif vaxtlarda iddialar yayılsa da, sonradan bu məlumatların həqiqəti əks etdirmədiyi məlum olub.
İran kürd qrupları ABŞ-nin müttəfiqi sayılan İraq kürd qruplaşmalarından, əsasən, ayrı fəaliyyət göstərir.
İsrail Yəməndən raket buraxıldığını bildirib
İsrail ordusu iyunun 8-də Yəməndən buraxılmış raketi zərərsizləşdirmək üçün tədbirlər gördüyünü bildirib. İranın müttəfiqi olan husi üsyançıları Yəməndə qərarlaşıb.
Martda husilər Tehrana dəstək məqsədilə Yaxın Şərqdəki münaqişəyə qoşulduqlarını elan ediblər. Onlar bundan əvvəl də İsrail istiqamətinə raket zərbələri endiriblər.
İsrail Müdafiə Qüvvələri (IDF) Telegram-kanalında bildirib ki, "Yəməndən İsrail ərazisinə doğru raket buraxıldığı qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri təhlükənin zərərsizləşdirilməsi üçün fəaliyyət göstərir".
Bundan əvvəl İsrail ordusu səhər saatlarında İranın son hücumlarına cavab olaraq bu ölkənin hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.
Son hadisələr Yaxın Şərqdə onsuz da kövrək olan atəşkəsin yenidən təhlükə altına düşdüyünü göstərir.
İsrail ordusu iyunun 8-i səhər saatlarında İran rejiminə məxsus obyektləri hədəfə aldığını bildirib. Ordu bu zərbələri İranın İsrailə son hücumlarına cavab olaraq endirdiyini açıqlayıb. Bundan az əvvəl isə ABŞ prezidenti Donald Tramp baş nazir Binyamin Netanyahuya belə zərbələr endirməməyi tövsiyə etmişdi.