Pezeşkian Əliyevə zəng edib
Martın 8-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC-ın xəbərinə görə, Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək hadisənin araşdırılacağını bildirib.
Xəbərə görə, Əliyev də hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycanla İran, əsasən, nəqliyyat, energetika və iqtisadi sahələrdə birgə layihələr həyata keçirir. Əsas layihələrə Araz çayı üzərində Xudafərin, Qız Qalası hidroqovşağının tikintisi, "Şimal-Cənub" nəqliyyat dəhlizi daxildir.
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edir
"İranla heç bir razılaşma olmayacaq - yalnız qeyd-şərtsiz kapitulyasiya!", - bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, İran hakimiyyəti təslim olub yeni "böyük və məqbul" bir lider seçdikdən sonra ABŞ və tərəfdaşları "İranı uçurumun kənarından geri çəkmək, iqtisadiyyatını əvvəlkindən daha böyük, daha yaxşı və daha güclü etmək üçün yorulmadan çalışacaqlar".
SAXAL Xameneinin bunkerinin vurulmasının görüntülərini yayıb
İsrailin Müdafiə Qüvvələri (SAXAL) fevralın 28-də İranın ali rəhbəri Əli Xameneini qətlə yetirən zərbələrin görüntülərini yayıb.
SAXAL bildirib ki, 50 İsrail qırıcısı Xameneinin İran rəhbərliyinin Tehrandakı iqamətgahının altındakı yeraltı hərbi bunkerini məhv edib.
Ermənistana qaçan iranlılar ölkədəki real vəziyyətdən danışırlar.