'Reuters': Təhqiqatçılar İranda məktəbin vurulmasına görə ABŞ-nin məsuliyyət daşıdığına inanır
İranın qızlar məktəbində onlarla şagirdin həlak olduğu zərbəyə böyük ehtimalla ABŞ hücumu səbəb olub. ABŞ hərbi təhqiqatçılarının bu versiyaya inandığı bildirilir.
"Reuters" anonim ABŞ rəsmilərinə istinadla yazıb ki, araşdırma hələ tamamlanmayıb, yekun nəticə çıxarılmayıb.
Rəsmilərin dediyinə görə, yeni sübutların ortaya çıxacağı, Birləşmiş Ştatların məsuliyyətdən azad olacağı da istisna deyil.
İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbi fevralın 28-də vurulub. Həmin gün ABŞ və İsrail İrana irimiqyaslı zərbələr endirməyə başlayıb.
İran rəsmiləri 150-dək şagirdin həlak olduğunu bildiriblər. Ancaq bu rəqəmi müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ordusunun bu zərbə ilə bağlı araşdırma apardığını demişdi.
"The New York Times" sosial şəbəkə paylaşımlarına, peyk görüntülərinə istinadla məktəbə dəqiq zərbə endirildiyini yazıb. Bu hücumla eyni vaxtda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaxınlıqdakı bazası vurulmuşdu.
Tehranda 'Azadi' stadionu dağıdılıb
İran xəbər agentlikləri Tehranda 12 min nəfərlik "Azadi" İdman Kompleksinin tamamilə dağıldığını göstərən görüntülər yayıb. Bundan bir neçə saat öncə Azadi stadionu yaxınlığına hücum barədə məlumat yayılmışdı.
"Bu gün səhər ABŞ və İsrailin raket hücumu nəticəsində Tehrandakı 12 min nəfərlik Azadi stadionunun bütün hissələri və ətrafdakı binalar məhv edilib", – agentliklər yazır.
"Azadi" stadionu İranda ən böyük qapalı idman zalıdır. 1979-cu il inqilabından öncə, 1974-cü il Asiya Oyunları zamanı istifadəyə verilib. Futzal, voleybol, güləş, basketbol, konkisürmə və at tullanması üzrə yarışların çoxu bu stadionda keçirib.
Bu idman məkanında dini və siyasi tədbirlər də keçirilirdi.