Prezident Əliyev: 'Silahlı Qüvvələrimiz... bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib'
Altıncı günündə ABŞ-İsrail-İran müharibəsinin sədası Qafqazdan eşidildi. Martın 5-də Naxçıvan şəhər aeroportu və yaxınlığında yerləşən məktəbə dron zərbələri endirildi.
Azərbaycan prezidenti İlham Əliyev bunu İranın törətdiyini deyərək qonşu ölkənin üzr istəməli olduğunu bildirib: "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib. Bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
Martın 5-də Təhlükəsizlik Şurasının iclasında prezident vurğulayıb ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Bununla yanaşı o, Silahlı Qüvvələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini də deyib.
Tramp: İranın potensial yeni liderlərinin sonu ölümlə bitir
ABŞ prezidenti Donald Tramp deyir ki, İranın yeni lideri olmaq istəyən rəsmilərin "sonu ölümlə bitir". Prezident ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatları davam etdirməyə and içib.
"Hazırda çox güclü mövqedəyik, onların rəhbərliyi sürətlə yoxa çıxır. Lider olmaq istəyən hər kəsin sonu ölümlə bitir", – Tramp martın 4-də Ağ evdə texnologiya sektorunun rəhbərləri ilə görüşdə deyib.
"Müharibə cəbhəsində işimiz, yumşaq desək, yaxşı gedir. Kimsə soruşdu ki, 10 ballıq şkala ilə bunu necə qiymətləndirərdiniz? Dedim ki, təxminən 15", – Tramp bildirib.
O, Tehranın ballistik raket arsenalının sürətlə məhv edildiyini vurğulayıb.
ABŞ prezidenti bir daha qeyd edib ki, fevralın 28-də başlayan hücumun əsas səbəblərindən biri Tehranın nüvə silahı hazırlamaq imkanını aradan qaldırmaqdır.
"Dəli adamların əlində nüvə silahı olanda pis şeylər baş verir", – Tramp deyib.
Tramp, İsrailin baş naziri Binyamin Netanyahu, Qərbdə digərləri İranı nüvə silahı hazırlamaq cəhdində ittiham etsələr də, Tehran nüvə proqramının dinc məqsədi olduğunu bildirir.
Vaşinqton və Tehran Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparıb iştirak edirdi. Trampın dediyinə görə, Tehranın razılaşmanı qəbul etməyəcəyi qənaətinə gəldiyi üçün İrana qarşı genişmiqyaslı hava kampaniyasına başlamaq qərarı verib.
'Azərbaycanlıları 'pis' ilə 'daha pis' arasında seçimə məcbur edirlər' – Sorğu
İranın Ali lideri Əli Xameneinin ölümünə bəzi iranlılar kədərlənir, bəziləri sevinir. ABŞ rəhbərliyi İrana hücumun İran xalqına rejimi dəyişmək imkanı tanıdığını deyir. Bəs İrandan olan etnik azərbaycanlılar nə düşünür?