Keçid linkləri

2026, 05 Mart, Cümə axşamı, Bakı vaxtı 01:55

Xameneinin oğlu sağdır və atasını əvəzləməyə əsas namizəddir – 'Reuters'

Müctəba Xamenei
Müctəba Xamenei

İranın qətlə yetirilmiş Ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei sağdır və bu vəzifədə atasını əvəzləməyə əsas namizəddir. "Reuters" bunu İrandan iki mənbəyə istinadla yazır.

Mənbələrə görə, 56 yaşlı Müctəba atasının iqamətgahını dağıdan zərbə vaxtı Tehranda olmayıb. Zərbədə ali liderlə yanaşı, onun həyat yoldaşı, digər oğlu, bir sıra yüksəkrütbəli hərbi və siyasi fiqurların da həlak olduğu bildirilir.

Müctəbanın yeni ali lider seçilməsi xəbəri rəsmən təsdiqlənməyib

Martın 3-də Böyük Britaniyada yerləşən "Iran International" nəşri və DW mənbələrə istinadla xəbər veriblər ki, qətlə yetirilən Ə.Xameneinin oğlu 56 yaşlı Müctəba İranın yeni ali lideri seçilib. DW-nin mənbələrinə görə, M.Xameneinin seçilməsi qərarı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi altında verilib. Bu məlumat rəsmən təsdiqlənməyib.

"The New York Times" qəzeti isə İranda üç mənbəsinə istinadla yazıb ki, Ekspertlər Məclisinin iclasından sonra M.Xamenei ali lider vəzifəsinə əsas namizəd kimi ortaya çıxıb. Ruhanilər martın 3-də səhər Xameneinin oğlunu onun varisi elan etmək istəyiblər, amma qurumun bəzi üzvləri onun ABŞ və İsrailin hədəfinə çevrilə biləcəyindən narahatlıq bildiriblər.

Qəzet M.Xameneinin İranda nüfuzlu şəxs sayıldığını yazır. Üç mənbənin "The New York Times"a dediyinə görə, SEPAH onun təyinatını tələb edib, böhran dövründə İrana rəhbərlik üçün lazımi keyfiyyətləri olduğunu iddia edib. Media Xameneinin oğlunun SEPAH rəhbərliyi ilə əlaqələri olduğunu, ölkədəki etirazların yatırılmasına rəhbərlik etdiyini bildirib.

İsrail: İranın istənilən yeni lideri məhv ediləcək

"İran terrorçu rejiminin İsraili məhv, ABŞ, azad dünya, regiondakı ölkələri təhdid etmək və İran xalqına zülmün davamı üçün təyin etdiyi hər hansı bir lider qeyd-şərtsiz məhv olunacaq. Adından və harada gizlənməsindən asılı olmayaraq", – İsrailin müdafiə naziri İsrael Kats X şəbəkəsində yazıb.

İlahiyyatçı alim Əlirza Ərafi İranın ali lideri vəzifəsini müvəqqəti icra edir. Onun və İslam Respublikasının qurucusu Xomeyninin nəvəsi Həsən Xomeyninin də İranın ali lideri vəzifəsinə mümkün namizədlər olduğu deyilir.

XS
SM
MD
LG