İraqın Kürdüstan bölgəsində yerləşən silahlı qruplar son günlər ABŞ rəsmiləri danışıb, İranın qərbindəki təhlükəsizlik qüvvələrinə hücum ehtimalını müzakirə ediblər. Bu haqda "Reuters" və CNN bilgili mənbələrə istinadla xəbər verib.
Məlumata görə, İran-İraq sərhədindəki kürd qrupları koalisiyası ABŞ və İsrail İrana zərbələr endirdiyi bir vaxtda İran ordusunu zəiflətmək üçün mümkün əməliyyatlara hazırlaşır.
İki mənbə deyib ki, məqsəd hökumətə qarşı daha geniş üsyana şərait yaratmaqdır.
O da iddia olunur ki, bu qruplar ABŞ-dən hərbi dəstək istəyib, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) vasitəsilə silah əldə etmək imkanını müzakirə ediblər.
Media qurumları əməliyyatla bağlı yekun qərar verilmədiyini yazır. Belə dəyərləndirmələr də var ki, İran kürd fraksiyalarının hazırda hökuməti devirməyə yetəcək resursu və birliyi olmaya bilər.
Kürdlərlə əməkdaşlıq?
İraqın aparıcı kürd partiyası bildirib ki, liderləri ABŞ prezidenti Donald Tramp ilə qonşu İrandakı müharibədə növbəti addımları müzakirə ediblər.
Ağ ev bu məlumatı təsdiqləməyib, amma bildirib ki, "Prezident Tramp bir çox regional tərəfdaşla danışıb".
Kürdüstan Vətənpərvər Birliyinin məlumatına görə, Tramp partiya lideri Bafel Tələbani ilə ölkəsinin qonşu İrandakı əməliyyatlarını müzakirə edib. ABŞ mediası Trampın İrana zərbələr başlayandan bir gün sonra İraqın kürd lideri Məsud Bərzani ilə danışdığını da yazıb.
"The Wall Street Journal"ın yazdığına görə, Tramp İran rəhbərliyinə qarşı mübarizədə İraqın kürd fraksiyalarına dəstəyi nəzərdən keçirir.
İraq kürdləri İranla sərhəddə böyük qüvvəyə malikdir. Onların İrandakı kürd azlığı ilə də əlaqələri var. Etnik kürdlər onilliklər boyunca müstəqil dövlət qurmaq istəyib, Tehranı kürd azlığını sıxışdırmaqda ittiham edib.