Vaşinqtonun İran müharibəsinə son qoymağı hədəfləyən planında 15, Tehranınkında isə beş bənd var. Bu iki plan qarşı tərəfin qırmızı xətlərini keçir.
ABŞ planının detalları açıqlanmayıb, amma media bu haqda geniş yazıb. Bu plan elə fevralın 28-də İsrail və ABŞ hava zərbələrinə başlamazdan öncəki təkliflərə bənzəyir.
Ağ evin sözçüsü Kerolayn Livitt jurnalistlərə deyib ki, 15 bənd ilə bağlı mediada yayılan xəbərlərdə "həqiqət elementləri var".
Hər iki plandakı yeni elementlərin Hörmüz boğazı ilə bağlı olduğu düşünülür. İran qlobal neft, qaz tədarükü üçün vacib bu yolu bağlayıb.
Vaşinqtonun tələbləri
AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Rey Förlonq yazır ki, ABŞ-nin ən vacib tələbini prezident Donald Tramp dəfələrlə səsləndirib. Deyir, İran buna razılaşıb. "Onlar heç vaxt nüvə silahı hazırlamamağa razılaşıblar", – o, martın 24-də jurnalistlərə deyib.
İran belə bir niyyəti olmadığını deyir, ABŞ və müttəfiqləri isə belə bir ehtimaldan narahatdır.
İranın yeni ali lideri Müctəba Xameneinin, digər vəzifəlilərin hazırda Tehranda nə dərəcədə söz sahibi olduğu bəlli deyil. Hətta onların bir-biri ilə təmaslarının səviyyəsi də bilinmir. Hava zərbələrindən xeyli sayda yüksəkvəzifəli həlak olub.
15-bəndlik planda biraylıq atəşkəs, İranın nüvə obyektlərinin ləğvi, zənginləşdirilmiş uranın Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsi də var.
İranın raket potensialına limit qoyulması, regionda proksi qüvvələrə dəstəyə son verilməsi də planda yer alıb.
Bütün bunların qarşılığında İrana sanksiyalar qaldırıla, ABŞ dinc nüvə enerjisi proqramına dəstək göstərə bilər.
"ABŞ-nin təklifinin parametrləri ambisiyalıdır: İrandan böyük güzəştlər qarşılığında sanksiyalar yüngülləşdirilir", – Beynəlxalq Böhran Qrupunda İran üzrə aparıcı təhlilçi Naysan Rafati deyir.
"Bu planın gerçəkləşməsi İslam Respublikasının indiyədək qırmızı xətt saydığı məsələlərdə güzəştə getmək həvəsindən asılı olacaq. Məsələn, Tehran uranı zənginləşdirmə hüququ olduğunu deyir. Raket proqramının danışıqlar masasına çıxarılması fikrini də rədd edib", – təhlilçi əlavə edib.
İranın mövqeyi
İran rəsmiləri nəinki danışıq aparılmadığını deyirlər, Tramp administrasiyasının "öz-özü ilə" danışdığını deyərək məsxərəyə də qoyublar.
Tehranın bəzi tələbləri ABŞ-nin mövqeyinə ziddir. Məsələn, İranın Hörmüz boğazına nəzarətinin tanınması, keçid haqqı qoymaq, limitsiz raket proqramı hüququ.
İran həmçinin Vaşinqtondan Fars Körfəzində hərbi bazalarını bağlamağı, müharibə kompensasiyası, İrana bir daha hücum etməməyə zəmanət tələb etməklə də qırmızı xətləri keçir.
"İndilik, iqtisadi yardım vədi, zərbələrin ağrısı İranı Vaşinqtonun istədiyi güzəştlərə vadar edənə oxşamır. Rejim müharibədəki vəziyyətini ABŞ-nin şərtlərinə razılaşacaq həddə ümidsiz saymır", – Rafati deyir.
"America First" Siyasi Tədqiqatlar İnstitutu nəzdində Amerika Təhlükəsizlik Mərkəzinin sədr müavini Fred Fleyts də oxşar fikirdədir.
"Məncə, ən böyük problem İran rejimini nəyəsə razı salmaqdır. Fikrimcə, biz hələ də onları real danışıqlara razı salmaq prosesindəyik...", – o, AzadlıqRadiosuna deyib.