Bu həftə yayılan xəbərlərə görə, Tramp administrasiyası İranda potensial danışıq tərəfdaşı kimi mühafizəkar parlament spikeri Məhəmməd Baqer Qalibafı nəzərdən keçirir. Onun İranın gələcək lideri ola biləcəyi də deyilir.
Ali lider Əli Xamenei ABŞ-İsrail zərbələrinin birinci günü öldürüləndən sonra Vaşinqtonda danışıq aparmağa kontakt axtarırdı.
Xameneinin oğlu onun varisi elan edilib, amma atası öləndən üzə çıxmayıb, onun da həmin hücumda yaralandığı bildirilir.
64-yaşlı Qalibaf şayiələri qəti təkzib edib. O, X hesabında bu iddiaları "saxta xəbər" adlandırıb, məqsədin maliyyə və neft bazarlarını manipulyasiya etmək olduğunu, ABŞ ilə heç bir danışıq aparılmadığını yazıb.
Ancaq belə təmasların olub-olmamasından asılı olmayaraq, Qalibaf indiki məqamda ən çox görünən vəzifəliyə çevrilib.
O, mühafizəkar siyasətçidir, keçmiş ordu komandiridir, onilliklər boyu İranın ali rəhbərliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələr yaradıb. Karyerası korrupsiya qalmaqallarından əskik olmayıb, prezidentlik postuna namizədliyi alınmayıb.
SEPAH-a 18 yaşında qoşulan Qalibaf 1980-88-ci illər İran-İraq müharibəsində bölmə komandiri olub. Sonradan SEPAH-ın Hava Qüvvələrinin komandiri olub. Onu bu vəzifəyə ovaxtkı ali lider Əli Xamenei təyin edib ki, bu da etimad əlaməti idi.
Repressiyalar, korrupsiya
1999-cu ildə Qalibaf SEPAH komandirləri ilə birlikdə islahatçı prezident Məhəmməd Xatəmiyə xəbərdarlıq məktubunu imzalayıb, tələbə etirazlarının milli təhlükəsizliyə təhdid yaratdığını, SEPAH-ı birtərəfli müdaxiləyə məcbur edə biləcəyini yazıb.
2000-ci ildə Xamenei 39 yaşı olan Qalibafı İranın polis qüvvələrinin rəisi təyin edir. Həmin vəzifəsində o, qəddarlıqla yadda qalır: sonradan sızdırılmış bir səs yazısında onun 2003-cü il etirazları zamanı tələbə nümayişçilərinə atəş açmaq əmri verməsi, 1999-cu il repressiyalarında tələbələri şəxsən döyməsi ilə öyünürdü.
Qalibaf 2005-ci ildə polis qüvvələrindən istefa verir, seçkiyə qoşulur və həmin il prezident seçkisində dördüncü yeri tutur. Populist Mahmud Əhmədinejad prezident seçilir, Qalibaf Tehranın meri vəzifəsini tutur. O, Tehranın tarixində ən uzunmüddətli mer olub, 2017-ci ilədək bu vəzifədə qalıb. Vəzifədə olduğu müddətdə şəhərin metro sisteminin genişləndirilməsinə, çoxmərtəbəli binaların tikintisinə nəzarət edib. Ortaya korrupsiya iddiaları da çıxıb.
Qalibaf bu ilin əvvəlində sərt imicini möhkəmləndirdi, o zaman təhlükəsizlik qüvvələri etirazçılara amansız divan tutdu, iğtişaşlarda minlərlə iranlı həlak oldu.
Qalibaf iğtişaşlar vaxtı parlament iclasından canlı yayımda polisi və SEPAH-ı, xüsusilə "Bəsic" qüvvələrini "terrorçulara qarşı" müharibədə möhkəm dayandıqlarına görə alqışlayıb.
Qalibaf 2013-cü ildə prezident seçkisində ikinci olub, 2017-ci ildə özü seçkidən geri çəkilib, sərt-xətt tərəfdarı İbrahim Rəisini dəstəkləyib.
2024-cü ilin iyununda, Rəisinin ölümündən sonra Qalibaf dördüncü dəfə seçkiyə gedir, bu dəfə islahatçı Məsud Pezeşkiana uduzur.
Ali rəhbərə yaxın
Qalibaf indiki ali lider Müctəba Xameneiyə də yaxın sayılır. O, seçkilərə qatılanda dəfələrlə Müctəbanın yaxın ətrafı, SEPAH bölmələri onu dəstəkləyib.
Əli Xamenei, SEPAH komandiri, müdafiə naziri öldürüləndən sonra İranda kəskin siyasi hakimiyyət böhranı yaranıb.
M.Xamenei ali lider elan olunandan sonra ictimaiyyətə görünməyib, bu isə onun fiziki durumu ilə bağlı ziddiyyətli fikirlərə yol açıb.
Bu boşluqda Qalibaf daha çox görünməyə başlayıb. Əli Laricani də martın 17-də İsrailin zərbəsi ilə öldürüləndən sonra Qalibaf İranın siyasi, təhlükəsizlik və dini güc mərkəzlərini birləşdirən ən tanınmış xadimə çevrilib.
Almaniyada yaşayan siyasi təhlilçi Hüseyn Rəzzaq Qalibafın həmişə "beytin təsdiqlənmiş hissəsi" olduğunu deyir. Onun sözlərinə görə, əsas fiqurlar məhv ediləndən sonra onun sistem üçün oynadığı rolun önəmi artıb.