Keçid linkləri

2026, 25 Mart, çərşənbə, Bakı vaxtı 23:33

Pakistanın İran diplomatiyasına ev sahibliyi etmək istəyinin səbəbləri

ABŞ prezidenti Donald Tramp və Pakistan baş naziri Şahbaz Şərif Qəzza sammitində.
ABŞ prezidenti Donald Tramp və Pakistan baş naziri Şahbaz Şərif Qəzza sammitində.

Pakistan İran münaqişəni bitirmək üçün danışıqlara ev sahibliyi etmək istəyir. Baş nazir Şahbaz Şərif martın 24-də sosial mediada ölkəsinin buna hazır olduğunu yazıb.

Türkiyə və Misirlə yanaşı, Pakistanın da İran müharibəsinə son qoyulması səylərinə qoşulduğu bildirilir. Bəzi media orqanları hətta gələn həftənin əvvəlində İslamabadda Tehranla Vaşinqton arasında danışıqların keçirilə biləcəyini yazıb.

Trampın sevimli feldmarşalı

Bu işdə əsas oyunçu isə Pakistan ordusunun başçısı Asim Munirdir. Pakistanda siyasi liderlər TV kameralarına danışırlar, pərdəarxası hakimiyyət rıcağı ordunun əlindədir.

Tramp Munirə "mənim sevimli feldmarşalım" deyir. Ağ evin AzadlıqRadiosuna bildirdiyinə görə, onlar martın 23-də müharibəni, ABŞ-İran danışıqlarını telefonla müzakirə ediblər.

"Pakistan Trampın ikinci dönəminin xarici siyasətinin qalibləri sırasındadır. Asim Munir ötən il prezident Tramp ilə azı iki dəfə görüşüb", – Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun baş elmi işçisi Kristian Vaqner AzadlıqRadiosuna deyib.

Tramp və Munir telefonla danışanda Şərif də İran prezidenti Məsud Pezeşkiana zəng edib.

"Körfəzdəki ağır vəziyyəti müzakirə etdik, de-eskalasiya, dialoq və diplomatiyanın vacibliyinə razılaşdıq", – o, tvitində yazıb.

Feldmarşal Asim Munir
Feldmarşal Asim Munir

Pakistana dəyən zərbə

Bir neçə gün öncə Şərif televiziya ilə müraciətində deyib ki, İran müharibəsindən dolayı enerjiyə qənaət üçün dövlət və özəl idarə işçilərinin yarısı evdən işləyəcək, bir çox idarələr həftədə dördgünlük iş rejiminə keçəcək.

Bundan savayı, benzinə əlavə vergi qoyulub ki, avtomobildən istifadə azalsın.

Pakistanın neftinin azı 85 faizi gəmi ilə Səudiyyə Ərəbistanı və BƏƏ-dən gəlir. İran isə Hörmüz boğazını bağlayıb. Pakistan mayeləşdirilmiş qazı Qətərdən alır.

Bunlar Pakistanı İran müharibəsinin diplomatik həllinə marağını artıran iqtisadi səbəblərdir. Amma səbəblər çoxdur.

Müharibənin ilk günlərində qəzəbli şiə müsəlmanlar Karaçidə ABŞ konsulluğuna od vurub. Buna İranın ali dini lideri Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin hava zərbələri ilə öldürülməsi səbəb olmuşdu.

Pakistan əsasən sünni müsəlman ölkəsidir, şiə azlığı da əhalinin əhəmiyyətli hissəsini təşkil edir.

İslamabad Bəlucistan regionunda üsyançılar, "Taliban"ın idarə etdiyi Əfqanıstanla silahlı münaqişə vəziyyətindədir. Ötən il də Hindistanla dörd gün müharibə aparıb.

Atlantik Şurasının baş elmi işçisi Maykl Kuqelman deyir ki, belə bir şəraitdə Pakistan daha bir münaqişəyə sürüklənə bilməz. "Bu mənada Pakistan nəyin bahasına olursa-olsun bu münaqişənin de-eskalasiyasına çalışır", – o əlavə edir.

Pakistan ordusundakı mənbə də bu fikirlə razıdır.

"İranda istənilən iğtişaş və ya davamlı münaqişə Pakistana birbaşa təsir göstərir – potensial qaçqın axını yarana, Pakistanda məzhəb gərginliyi güclənə, Pakistanın Bəlucistan və İranın Sistan-Bəlucistan bölgələrində separatçı elementlər ürəklənə bilərlər", – yüksəkvəzifəli mənbə bildirib.

Səudiyyə bağlantısı

Həmin zabit başqa bir amilə də toxunur: Pakistan ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı ilə müdafiə müqaviləsi imzalayıb. Paktın mətni ictimaiyyətə açıqlanmayıb, amma Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi yazırdı ki, sazişdə ölkələrdən hər hansı birinə təcavüzün hər ikisinə təcavüz sayılacağı bildirilir.

İran Səudiyyə Ərəbistanındakı hədəflərə bir sıra hücumlar gerçəkləşdirib. Səudiyyənin xarici işlər naziri Feysəl bin Fərhan cavab addımları atılacağına işarə edib. Bu isə İslamabadın Ər-Riyadın tərəfini tutmalı olacağına da spekulyasiyaya yol açıb.

"Səudiyyə Ərəbistanının münaqişədə fəal iştirakı Pakistanı dilemma qarşısında qoyacaq – razılaşmaya əməl edərsə, İranla açıq düşmənçiliyə getməli və bunun daxili fəsadları ilə üzləşməli olacaq", – hərbi mənbə bildirir.

Məqaləni AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Rey Förlonq və "Radio Məşəl"in baş redaktoru Daud Xəttak hazırlayıb.
XS
SM
MD
LG