Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 23:13

'Reuters': İsrail Əraqçi və Qalibafı hədəf siyahısından Pakistanın xahişi ilə çıxarıb

 İranın xarici işlər naziri Abbas Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi

İsrail Pakistanın xahişi ilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmməd Baqer Qalibafı hədəf siyahısından çıxarıb. Bunu Pakistandan bir mənbə "Reuters"ə deyib.

"İsraildə onların koordinatları vardı və onları aradan götürmək istəyirdi. Biz ABŞ-yə dedik ki, onları da məhv etsələr, danışmağa heç kəs qalmayacaq. ABŞ də İsraildən bunu etməməyi xahiş etdi", – mənbə deyib.

"Reuters" Pakistan ordusu və Xarici İşlər Nazirliyindən şərh ala bilmədiyini yazır.

Siyahıdan dörd-beş günlük çıxarılıblar

İlk dəfə "The Wall Street Journal" İranın bu iki aparıcı rəsmisinin İsrailin vurulası rəsmilər siyahısından müvəqqəti çıxarıldığı barədə yazıb. Onların mümkün sülh danışıqlarını araşdırdığı bildirilib. Nəşr ABŞ rəsmilərinə istinadla iki rəsminin siyahıdan dörd-beş günlük çıxarıldığını yazıb, amma Pakistanın rolundan söz açmayıb.

Hazırda Pakistan, Misir və Türkiyənin İran müharibəsinin başa çatmasından ötrü Tehranla Vaşinqton arasında vasitəçi kimi çıxış etdiyi bildirilir.

İslamabadın mümkün sülh danışıqları üçün məkan kimi də çəkilir.

Əraqçi İranın ABŞ prezidenti Donald Trampın 15-bəndlik sülh planını nəzərdən keçirdiyini deyib. Plan Pakistan vasitəsilə ötürülüb. Planda İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının ləğvi, ballistik raket proqramının məhdudlaşdırılması, regiondakı müttəfiqlərə maliyyənin kəsilməsi tələbləri yer alıb.

Tramp İranın razılaşma əldə etməyi çox istədiyini desə də, Əraqçi münaqişənin başa çatması üçün danışıq aparmaq niyyətində olmadıqlarını söyləyib.

XS
SM
MD
LG