Azərbaycan və Ermənistan demilitarizasiya, beynəlxalq sülhməramlıların yerləşdirilməsi, işğal edilmiş torpaqların, həmçinin qaçqınların öz yerlərinə qaytarılması məsələlərini razılaşdırıblar. Bu barədə «Trend»ə Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer məlumat verib:
«Tərəflər Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin eni və Dağlıq Qarabağda səsvermə mexanizmi kimi bəzi əsas aspektləri razılaşdıra bilmirlər» - Freyzer bildirib.
Böhran Qrupunun nümayəndəsi hesab edir ki, Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışmaq mümkün olacaq:
«Mümkündür ki, Ermənistanda yeni prezident seçildikdən və Azərbaycandakı prezident seçkilərindən sonra, tərəflər danışıqlar masası arxasına əyləşmək və Dağlıq Qarabağ münaqişəsini həll etmək vəziyyətində olacaqlar» - Freyzer bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan addımlar atmalı, əhalini danışıqlar masasında olan detallar haqqında məlumatlandırmalı və onları kompromisin lazım olduğuna inandırmalıdırlar. «Hər iki tərəf hərbi nitqləri azaltmalıdır» - Freyzer hesab edir.
Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən sülh danışıqlarında bir nəticə alınmayıb.