Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:02

Separatçılar britaniyalıları, Ukrayna tuvalıları məhkum edir


Britaniyalılar Şon Pinner və Eyden Aslin və mərakeşli Saadun Brahim
Britaniyalılar Şon Pinner və Eyden Aslin və mərakeşli Saadun Brahim

Qondarma separatçı DXR-in “qanunlarına” görə iki britaniyalı – Şon Pinner və Eyden Aslin və mərakeşli Saadun Brahim güllələnərək edam edilməlidirlər

Ukraynada qondarma “Donetsk Xalq Respublikasının ali məhkəməsi” Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmüş üç əcnəbini ölüm cəzasına məhkum edib.

Onlar muzdlu əsgər olmaqda və hakimiyyətin silahlı qəsb olunmasında ittiham edilirlər.

Qondarma separatçı DXR-in “qanunlarına” görə iki britaniyalı – Şon PinnerEyden Aslin və mərakeşli Saadun Brahim güllələnərək edam edilməlidirlər.

Onlara hökmdən şikayət etmələri üçün bir ay vaxt verilib. Donetsk şəhərində keçirilən məhkəmə cəmi iki gün çəkib.

Pinner və Aslin Mariupolda, Brahim isə Volnovaxada əsir düşüblər. Onların üçü də Ukraynaya hələ Rusiya təcavüzü başlanmazdan xeyli əvvəl köçüblər və bir neçə il Ukrayna Silahlı Qüvvələrində müqavilə ilə dəniz piyadası kimi xidmət ediblər.

Cenevrə Konvensiyası

Aprel ayında Rossiya 1 telekanalı əsirlər Pinner və Aslinin təqsirlərini etiraf etməsini göstərən video yayımlamışdı. Onlar bu videoda özlərinin və başqa Ukrayna hərbçilərinin Kiyevdə həbs olunmuş kremlyönlü siyasətçi Viktor Medvedçukla dəyişdirilməklərinə kömək üçün Britaniyanın baş naziri Boris Consona müraciət etmişdilər.

Qohumları hesab edirlər ki, onları kamera qarşısında təzyiq altında danışdırıblar. Onlar habelə deyirlər ki, əsirlər Ukrayna ordusunda müqavilə ilə xidmət edirlər və buna görə də muzdlu hesab edilə bilməzlər.

Britaniya parlamentinin Mühafizəkar Partiyadan deputatı Robert Cenrik xarici hərbi qulluqçuların mühakiməsini “beynəlxalq qanunun hiddət doğuran şəkildə pozulması” adlandırıb.

O deyib ki, əsirlərin dəyişdirilməsini gözləyirdi, amma Rusiya hakimiyyəti “rüsvayçı mühakimə tamaşası” qurub.

Reuters agentliyi yazır ki, Britaniyanın baş naziri Boris Consonun sözçüsü Londonun əsirlərin azad edilməsinə çalışdığını bildirib:

"Cenevrə Konvensiyasına görə hərbi əsirlər döyüşçü toxunulmazlığına malikdirlər və onlar döyüş əməliyyatlarında iştiraka görə mühakimə edilə bilməzlər. Odur ki, biz Ukrayna hökuməti ilə birlikdə Ukrayna Silahlı Qüvvələrində xidmət edən və hərbi əsir kimi saxlanan istənilən britaniyalının azad edilməsinə çalışacağıq”.

“Hər beş kişidən biri güllələnəcək”

İyunun 9-da Ukraynanın baş prokuroru İrina Venediktova Rusiyanın Tuva vilayətindən olan 9 hərbçini Çerniqov vilayətinin Yaqodnoye kəndində dinc sakinlərin qətlində ittiham edib.

Baş prokuror ittiham olunanların adlarını özünün Facebook səhifəsində yazıb.

Qeyd olunur ki, bu siyahdakı rusiyalıların hamısı Rusiya ordusunun 55115 saylı hərbi hissəsinin qulluqçularıdır.

Prokuror yazır ki, onlar dinc sakinlərə işgəncələr verilməsində və onların qətllərində ittiham olunurlar:

"Onlar Yaqodnoye kəndinin sakinlərini sığınacaqlardan çıxarmış, şaxtalı havada soyunmağa məcbur etmiş, bədənlərində vətənpərvərlik mövzulu döymə şəkillər, habelə hərbçi alt paltarları axtarmışlar. Kənd sakinlərinin mobil telefonlarını əllərindən almış və hədələmişdilər ki, əgər onlardan gizlətdikləri telefonlar tapılsa hər beş əsir kişidən biri güllələnəcək”.

Yaqodnoye kəndində girovların saxlandığı zirzəmi
Yaqodnoye kəndində girovların saxlandığı zirzəmi

Ayyarımlıq körpə əsir

Venediktovanın sözlərinə görə ötən martda Rusiya əsgərləri Yaqodnoye kəndinin 300 sakinini məktəbin zirzəmisinə doldurublar. Onların arasında 77 uşaq olub. 20 gün ərzində bu adamlardan Ukrayna qüvvələrinə qarşı “canlı sipər” kimi istifadə olunub:

"Ən balaca əsir ayyarımlıq idi, ən yaşlı əsirin 93 yaşı vardı. Onları zorla qeyri-insani şəraitdə: darısqallıq və havasızlıqda, tam qaranlıqda, antisanitariya şəraitində ac-susuz saxlayıblar”.

Baş prokuror yazır ki, girovlardan on nəfəri pis şəraitə görə vəfat edib. Daha 17 sakini Rusiya hərbçiləri öldürüblər. Girovlar öldürülənlərin siyahısını zirzəminin divarında qeyd edirdilər:

"Rusiya hərbçiləri beşdən az sayda meyitin dəfninə icazə vermirdilər. Bu qadağanın pozulmasına görə onlara atəş açılırdı. Adamlar qazılmış qəbirlərdə gizlənməli olurdular”.

Bundan əvvəl Ukrayna Baş Prokurorluğu Belarus vətəndaşını Buça şəhərində törədilmiş hərbi cinayətlərdə ittiham etmişdi.

Ukraynada Çerniqov vilayətinin bir hissəsi müharibənin əvvəllərində Rusiya qüvvələrinin nəzarətinə keçmişdi. Onlar aprel ayında bu əraziləri tərk edib.

Ukraynada törədilən hərbi cinayətləri hazırda Beynəlxalq Məhkəmə araşdırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG