Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:57

500 milyon dollarlıq qənimətin izinə düşmək istəyən film


Bu gün də divarda boş çərçivələrin asıldığını görmək mümkündür.
Bu gün də divarda boş çərçivələrin asıldığını görmək mümkündür.

30 il əvvəl gecə vaxtı Boston şəhəri Müqəddəs Patrik gününü qeyd edərkən polis forması geymiş iki oğru cəmi 81 dəqiqəyə dünyanın ən bahalı sənət əsəri oğurluğunu gerçəkləşdirib. Onlar İzabella Stüart Qardner Muzeyindən düz 13 əsər oğurlayıblar. 500 milyon dollarlıq "qənimət"in içində Rembrandt, Yan Vermeer, Edqar Deqa və Eduard Manenin əsərləri var idi. Onların çoxu çərçivələrindən vəhşicəsinə kəsilərək götürülüb.

Oğrular hərəkətə keçməzdən əvvəl iki gözətçinin əl-qolunu skoçla bağlayıb muzeyin altındakı tunellərdə yerə sərmişdilər. Hələ də üstü açılmamış bu cinayət illərlə amerikalıların diqqətindən kənar qalıb. Bu cinayətlə bağlı hər hansı məlumat verən şəxsi 10 milyon dollarlıq mükafat gözləyir.

Çoxlarının etmək istədiyi...

"This is a Robbery" Netflix-in yeni dördhissəli sənədli serialıdır. Filmin rejissoru Kolin Barnikl bu unudulmuş incəsənət cinayətini işıqlandırmağa çalışıb. FTB-nin başlatdığı cinayət işi hələ də açıqdır. Bu məsələ ilə bağlı bir nəfər də həbs olunmayıb. Barnikl, qardaşı və yaradıcı partnyoru Nik bir neçə il bundan əvvəl özlərinin qeyri-rəsmi araşdırmalarına başlayıblar.

CNN yazır ki, Barnikllar bu cinayətin üstünü açmağa çalışan yeganə adamlar deyil. Bostonda çox adam bunu etmək arzusundadır.

Qardner Muzeyinin sadə eksteryeri və yaşıl həyətə baxan əsrarəngiz qalereyaları film üçün eklektik səhnə rolunu oynayır.

"Bu bir Ues Anderson filminə bənzəyir – çox qəribədir. Elə bil, içi çölünə çevrilmiş Venesiya sarayıdır", – Barnikl deyir.

Çəkiliş qrupu çox sayda müsahibələr alıb, məhkəmə sənədləri, polis hesabatları ilə işləyib və əslində nə baş verdiyini, cinayətin arxasında kimin dayandığını anlamağa çalışıb.

Nəyin harada olduğunu biliblər

Onlar prosesin gedişində bu işin ən müəmmalı detallarını yenidən araşdırıblar. Görünür, oğurluq gecəsi oğrular muzeyin daxilində nəyin harada olduğunu biliblər. Onlar təhlükəsizlik lentlərinin yerini bilib, gizli qapını isə açıq qoyublar. İşin qəribə tərəflərindən biri də odur ki, onlar Napoleon bayrağının üzərindəki nisbətən az dəyərli bir bəzəyi götürməyə də vaxt sərf ediblər. Rembrandtın son dərəcə dəyərli "Avtoportret" əsərini divardan çıxarsalar da, muzeydə qoyub gediblər. Manenin oğurlanmış "Çez Tortoni" əsərinin olduğu otaqda isə muzeyin hərəkət detektorları təhlükəsizlik işçilərindən birinin otağı yoxlamasından sonra bura heç kimin girmədiyini göstərib. Barnikl deyir ki, bu gün də otağa girəndə divarda boş çərçivələrin asıldığını görmək mümkündür.

Oğurlanmış sənət əsərini satmaq asan olmadığından çox vaxt onu ömürlük gizlətmək lazım olur. Ancaq bu belə əsərlərin mütəşəkkil cinayət aləmində dəyərsiz olması demək deyil. 1980-ci və 90-cı illərdə incəsənət bazarında qiymətlərin sıçrayışı həm də bu əsərlərə marağın artması deməkdir.

"Boston şəhərində bu cinayətdən əvvəl də çoxlu qarətlər olmuşdu. Əgər sizin incəsənət qalereyanız olubsa, yaxud siz muzey işlətmisinizsə, güman ki, 1980-ci illərdə qarət olunmusunuz", – Barnikl deyir.

Rembrandtın əsəri 800 dollara

1990-cı illərdə DNT-nin köməyi ilə təhqiqat hələ yeni mümkün olmağa başlayırdı. Sənədli filmdə deyilir ki, o zaman hələ FTB-nin incəsənət oğurluğunu araşdıran ayrıca şöbəsi yox idi. Qurumun İncəsənət Cinayətləri Qrupu yalnız 2004-cü ildə yaradılıb. Barniklın sözlərinə görə, o zaman bu, FBT-nin əsas prioriteti deyildi. Bu, heç o qədər məşhur iş də deyildi.

O deyir ki, bəlkə də bu şəkillər indi kiminsə divarında, hamının gözü qarşısında asılıb və divarın sahibi heç onların bu qədər dəyərli, yaxud oğurluq olduğunu da bilmir. Bəlkə də onların, sadəcə, reproduksiya olduğunu düşünürlər.

2014-cü ildə Barokko dövründə yaşayıb yaratmış italyan rəssamı Karavacoya aid olduğu düşünülən bir rəsm əsəri Fransada bir evin çardağında tapılmışdı. 2015-ci ildə isə Nyu-Cersidə bir evin baxımsız zirzəmisində tapılmış və cəmi 800 dollara yerli hərraca çıxarılması planlaşdırılan bir əsərin Rembrandtın erkən işlərindən biri olduğu üzə çıxmışdı.

"Ümid edirəm ki, ən azı insanlar bu əsərləri görər və yaddaşlarında nəsə tərpənər", - Barnikl CNN-ə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG