Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:00

Mona Lizanın sirri çözüldümü?


Luvr muzeyində
Luvr muzeyində

Bəzi şeylər gözümüzün qabağında olsa da, onları görmürük. Leonardo da Vinçinin 1503-cü ildə çəkdiyi məşhur Liza del Cokondo (Mona Liza) portretində biz Mona Lizanın üzərində oturduğu kürsüyə fikir vermirik.

Halbuki, gənc qadının əlinin bütün barmaqları həmin kürsüyə tərəf yönəlib və ümumiyyətlə, əli ilə kürsüdən yapışıb.

Dünyanın ən məşhur sənət əsəri olan “Mona Liza”nın bütün detalları çox diqqətlə təhlil edilib. Böyük ehtimalla, kürsü əsərin adətən nəzərdən qaçan yeganə elementidir.

Da Vinçi çox da böyük olmayan (77 x 53 santimetr), yağlı boya ilə çəkilmiş əsəri heç vaxt bitirməyibmiş.

Onun 1503-cü ildə çəkməyə başladığı bu əsərə ta ölümünə qədər – 1519-cu ilədək düzəliş etdiyi deyilir.

Mona Lizanın pandemiya dövründəki tətbiqlərindən biri
Mona Lizanın pandemiya dövründəki tətbiqlərindən biri

Təbəssüm, əllər, göz qapaqları

Sənət tarixçiləri Liza del Cokondonun 24 yaşlı beş uşaq anası, florensiyalı zəngin ipək tacirinin arvadı olduğunu deyirlər.

Bu əsər bir çox elementlərinə görə mütəxəssislərin diqqətini cəlb edir. Onlardan ən məşhuru Mona Lizanın təbəssümüdür.

BBC yazır ki, Mona Lizanın təbəssümünə maraq, az qala, əsərin özü qədər qədimdir və azı İntibah dövründə yaşayıb yaratmış Corco Vassarinin reaksiyasından başlayıb.

“Rəssamların həyatı” əsərinin müəllifi Vassari Da Vinçinin Mona Lizanın portreti üzərində işləməyə başlamasından bir neçə il sonra doğulub.

Ancaq heç də hamı bu əsərdə əsasən təbəssümə fokuslanmayıb. Viktorian dövrü ingilis yazıçısı Valter Pater daha çox Mona Lizanın əlləri və göz qapaqlarının “incəliyini” qeyd edirdi. Pater həm də onun sanki canlı olduğunu deyirdi.

Mona Liza həyatda gülümsəmirmiş…
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Baxışlar və su hövzəsi

Mona Lizanın baxışları da təhlilçilərin diqqət mərkəzindədir. Onun baxışlarının mərkəzə deyil, bir qədər sola yönələrək sanki bizə baxdığını görmək çətin deyil.

Təhlilçilərin bir qismi qadının arxasındakı su hövzəsinin İtaliyadakı Arno çayı olduğunu desə də, başqa bir hissəsi onun tamamilə təxəyyülün məhsulu olduğu qənaətindədir. Özü də bu su hövzəsi çox yaxında imiş kimi görünür.

İncəsənət tarixçisi və tanınmış davinçişünas Martin Kemp də Mona Lizanın təsviri ilə ətrafdakı landşaft arasındakı əlaqəyə diqqət yetirir.

O özünün 2019-cu ildə çıxmış “100 Milestones” kitabında yazır ki, rəssam sadəcə landşaftı olduğu kimi çəkməyib. Əvəzində Yerin inkişafı haqda bildiklərini tətbiq edərək qadının təsviri ilə uzlaşdırıb.

Qadının bədəni bir növ “daha kiçik dünya”, yaxud “mikrokosmosdur”.

“Mona Liza landşaftın önündə oturmur. O, landşaftın özüdür”, – Kemp yazır.

Leonardo Da Vinçi ümumiyyətlə Yer kürəsini formalaşdıran hidroloji qüvvələrə heyran idi. Elə Mona Lizanın üzərində oturduğu kürsü də “pozzetto” adlanır. Bu söz italyan dilində “kiçik su quyusu” deməkdir.

Maddi və ruhi müstəvilərin birləşməsi

Sənət tarixçiləri və təhlilçiləri bu faktı mühüm sayırlar. Çünki bunu öyrəndiyimiz an ilk baxışdan tamamilə dünyəvi olan bu rəsm əsəri bizim üçün ruhani çalar qazanmağa başlayır.

İncildə Eliezar Rebeka ilə, Yaqub peyğəmbərsə Rakellə quyunun başında görüşür. Özü də XVII – XIX əsr rəssamları öz əsərlərində bu mövzulara çox müraciət ediblər.

Ancaq bunların arasında ən maraqlısı Həzrət İsanın quyunun başında Samariadan olan qadınla gizli söhbət etməsi haqda İncil hekayəsi ilə aparılan müqayisədir.

İoanın İncilində Həzrət İsa bulaqdan götürüb içdiyimiz suyun son nəticədə fani bədəni saxlamaq üçün olduğunu, onun özünün verdiyi “dirilik suyununsa” bizim əbədi ruhumuzu qidalandıra biləcəyini deyir.

Orta əsr italyan rəssamlarından Duççio di Buoninsenya və İntibah dövrü alman rəssamı Böyük Lukas Kranax öz əsərlərində Həzrət İsanı quyunun divarında oturmuş şəkildə təsvir edirlər.

Bununla bir növ İsanın dünyanın fani elementlərinin fövqündə olduğunu göstərmək istəyirlər. Da Vinçi isə Mona Lizanı “quyunun içinə” yerləşdirməklə bu ənənəni dağıdır, maddi və ruhani müstəvilərin birləşdiyini göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG