Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:00

Ceyhun Bayramov Moskvada Lavrovla görüşüb


Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov (solda) və Ceyhun Bayramov aprelin 1-dəö Moskvada görüşüblər

Bugün, aprelin 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:

“Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.”

Məlumata görə, görüşdə Azərbaycan və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib:

“Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Bayramovun Rusiya paytaxtı Moskvaya Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə getdiyi açıqlanmışdı. Bu iclas aprelin 2-də olmalıdır. İclasın gündəliyinə MDB çərçivəsində əməkdaşlığın əsas istiqamətləri daxil edilib. Xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq mövzular barədə fikir mübadiləsi aparmalıdırlar.

SSRİ-nin süqutu ilə 1991-ci ildə yaradılan MDB-nin Azərbaycan da üzvüdür.

Keçmiş SSRİ respublikalarından yalnız Baltikyanı ölkələr bu quruma üzv olmayiblar.Gürcüstan isə Rusiyanin 2008-ci ildə hərbi müdaxiləsindən sonra onu tərk edib.

Xatırlatma

Ötən il Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada həmin tərəflər arasında növbəti üçtərəfli bəyanat imzalanıb. Bu isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG