Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 13:36

Minaya düşənlərdən ikisi həlak olub 


Ağdam şəhərinin indiki vəziyyəti

Ağdam rayon prokurorluğu da mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı prokurorluğa məlumat daxil olub.

Ağdam rayon prokurorluğu bildirilib ki, hadisə nəticəsində 3 şəxs çoxsaylı ağır dərəcəli bədən xəsarətləri alıb, 2 şəxs həlak olub, bir azyaşlı isə hər hansı xəsarət almayıb:

“Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış̧ keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.”

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), və başqa maddələri ilə cinayət işi başlandığı bildirilir.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, martın 16-da Ağdam rayonun ərazisində 5 mülki şəxs minaya düşüb.

Minaya düşən rayon sakinlərinin bir ailənin üzvləri olduğu deyilir.

Məlumatı “Turan” İnformasiya Agentliyinə Ağdam Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.

Qurumdan bildirilib ki, minaya düşən şəxslərin vəziyyəti və hadisənin təfərrüatları barədə əlavə məlumatı aidiyyatı orqanlar verəcək.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il noyabrın 10-dan işğaldan azad edilən ərazilərdə minaya düşmək üzündən 15 civarında şəxs həlak olub, 70-ə yaxını isə yaralanıb.

Onların arasında həm hərbi qulluqçuların, həm də mülki şəxslərin olduğu bildirilir.

Azərbaycanın rəsmi qurumları son aylar işğaldan azad edilən ərazilərdəki minaların xəritələrinin onlara verilməməsindən şikayətlənirlər.

Xatırlama

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf 7 rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG