Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:00

Yazadək minalı ərazilərin çəkilişi aparılsa...


Kəlbəcər minalardan təmizlənir, 25 noyabr, 2020-ci il
Kəlbəcər minalardan təmizlənir, 25 noyabr, 2020-ci il

Minalarla bağlı maarifləndirmə əhalini nəzarətsiz və icazəsiz qayıdışdan çəkindirmək üçün vacibdir

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Ron Sinovits BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzaidən eksklüziv müsahibə alıb. Müsahibəni qısa ixtisarla təqdim edirik:

  • Hazırda yüzminlərlə azərbaycanlı məcburi köçkün Dağlıq Qarabağ ətrafındakı 7 rayonda şəhər və kəndlərinə qayıdacağına ümid edir. Mövcud durumu, Azərbaycanda mina təmizləyənlərin üzləşdiyi çətinlikləri necə dəyərləndirirsiz?
  • Ermənistan, Azərbaycan və Rusiya liderləri noyabrın 9-da üçtərəfli atəşkəs razılaşmasını imzalayandan BMT münaqişənin didərgin saldığı əhalinin təcili humanitar ehtiyacları ilə məşğul olub. Üçtərəfli razılaşmadan sonra BMT-nin bir neçə qiymətləndirmə missiyası, özəlliklə, humanitar, səhiyyə, minatəmizləmə missiyaları Azərbaycan hökuməti ilə sıx işləyərək ərzaq, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskləri ilə bağlı maarifləndirmə, tibbi qayğı, psixoloji dəstək və təhsil sahələrində vacib humanitar ehtiyacları qiymətləndirib və həllinə kömək edib. Daha böyük və yaşlı məcburi köçkünlərin qayıtması daha təhlükəsiz və uyğun yaşayış şəraiti yaratmaqdan asılıdır. Hazırda minalar və partlamamış hərbi sursat bu ərazilərin reabilitasiyası və məcburi köçkünlərin qayıtmasına əsas əngəldir. Doğma kənd və şəhərlərinə qayıtmaq istəyən məcburi köçkünlər, eləcə də reabilitasiya işi aparanlar üçün mina riskləri üzrə bilgiləndirmə və ictimai maarifləndirmə çox vacibdir. Hökumətin mina fəaliyyətinə prioritet verməsindən məmnunuq, BMT və digər beynəlxalq oyunçular indi bunu dəstəkləyir.
  • ANAMA-da son restrukturizasiya/genişlənməyə necə baxırsız? Bunu Azərbaycanın minalardan təmizləmə və maarifləndirmə sahəsində yeni problemlərə təməl reaksiya hesab edirsinizmi? BMT-nin ANAMA-ya əvvəlki dəstəyi və əməkdaşlığı davam edəcəkmi? Yoxsa ANAMA-da restrukturizasiya dəstək fondları və digər əməkdaşlıqda çətinliklər yaradacaq?

  • ANAMA 1999-cu ildə yaradılandan BMT onunla əla və davamlı əməkdaşlıq edib. ANAMA mövcud çətinliklərin öhdəsindən yaxşı gəlib. Amma son münaqişə və ərazilərin qaytarılmasından sonra bu problemlər böyüyüb, onun həcmini böyütmək, avadanlığını modernləşdirmək, agentliyi dəstəkləmək üçün onu son texnologiya və biliklə təmin etmək ehtiyacı yaranıb. BMT-nin Minalar üzrə Agentliyi/BMT-nin İnkişaf Proqramı (UNMAS/UNDP) bu baxımdan əsas tövsiyələrini təqdim edib. BMT sistemi hökumət və strukturunu dəyişmiş agentliklə texniki təcrübə təminatı, resursların səfərbərliyi və xarici oyunçularla koordinasiya dəstəyi vasitəsilə işi davam etdirəcək.
  • Minalar üzrə maarifləndirmə proqramlarına BMT-nin ayırdığı vəsaitin indi Bakının yenidən qurulmuş agentliyi vasitəsilə xərcləndiyi doğrudurmu? BMT-nin köçkünlərin qayıtması üçün Azərbaycana bu yaxınlarda ayırdığı 2 milyon dolların nə qədəri ANAMA və digər hökumət agentlikləri vasitəsilə sığınacaq, tibbi xidmət psixoloji-sosial proqramlara ayrılır?

  • Bu yaxınlarda birgə UNDP- UNMAS qiymətləndirmə missiyası ANAMA ilə sıx əməkdaşlıq çərçivəsində münaqişənin təsir göstərdiyi bəzi ərazilərində minalar və partlamamış sursatla bağlı vəziyyəti öyrənib və ANAMA-ya tövsiyələrini verib…Fövqəladə Hallar üzrə Mərkəzi Fonddan çıxmış 2 milyon dolların 700 mini minalardan təmizləmə fəaliyyətinin koordinasiyasından ötrü UNDP-yə ayrılıb.
Sarkisyan 7 rayonun qaytarılmasına niyə razılaşdığını izah edir
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Digər müdaxilə sahələrinə gəlincə, Dünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNICEF) Ağdam, Ağcabədi, Bərdə, Gəncə, Tərtər, Füzuli və münaqişənin ziyan vurduğu digər rayonlarda müvəqqəti köçkünlərə şəxsi qoruyucu ləvazimat, gigiyenik vasitələr, əsas ev əşyaları çatdırıb. COVID-19 pandemiyası və 60 tibb ocağında münaqişənin yaratdığı gərginliyə baxmayaraq, DST əsas tibbi xidmətlərin davamlılığını dəstəkləyir. UNICEF mövcud tibb ocaqlarında 15 Körpə Otağı yaratmaqla uşaqların sağlamlığını, qidalanmasını və erkən uşaqlıq inkişaf xidmətlərini dəstəkləyir. Münaqişədən ziyan görmüş ərazilərdə tibb işçilərinin çatışmazlığı, psixoloji xidmət peşəkarlarının yoxluğunu nəzərə alaraq, DST və UNICEF tibb, məktəb və sosial xidmətlər sahələrində bir çox mütəxəssislərə mental sağlamlıq üzrə təlim keçir, psixi-sosial dəstək verir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) çadır, yorğan və döşək daxil qeyri-ərzaq əşyalarının təmin olunması üçün 1.5 milyon dollar ayırıb, nağd ödəmələr üçün hazırda 400 min dollar ayırmaqdadır.

  • Cənab İshaqzai, 2018-ci ilin avqustunda mina qurbanlarına ANAMA-nın dəstək proqramlarından yazmışdınız. Bu haqda detallı bilgi verə bilərsinizmi? Məsələn, o zaman ANAMA tərəfindən hazırlanmış maliyyə dəstəyi/kredit mexanizmləri; mina qurbanlarının reabilitasiyası üçün bacarıqlar proqramları çərçivəsində xalçaçılıq və kompüter texnologiyaları təhsili. BMT belə proqramları dəstəkləyirmi?

  • 2018-ci ilə qədər ANAMA qurbanların və onların ailələrinin yaşayışını qorumaq üçün mikro-kredit sxemi gerçəkləşdirirdi. Onlar keçmiş müharibə zonalarında xalçaçılıq seminarları və digər proqramlar təşkil edirdilər. Maliyyə çatışmazlığı səbəbindən bu proqramlar 2018-ci ildə kəsildi. Amma BMT yardımın Azərbaycanda ən həssas əhaliyə çatmasını təmin etməkdən ötrü hökumətə dəstəyini davam etdirir. Məsələn, 2019-cu ildən bəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNDP özünüməşğulluq proqramı həyata keçirirlər, 500 əngəlli şəxsi öz biznesinə başlaması üçün gərəkən təlim və avadanlıqla təmin edirlər. UNDP və UNFPA nazirliklə birlikdə Dağlıq Qarabağ münaqişəsi veteranları və əngəlli qadınlara daha yaxşı iş və təhsil imkanları tapmağa kömək edir. Davamlı İnkişaf Məqsədlərinin əsas vədi heç kəsin geridə qalmamasıdr. Biz, BMT olaraq, hökumətin 2030-cu ilə hədəfinə çatmaq cəhdlərini dəstəkləyirik.
  • Və nəhayət bir daha azərbaycanlı məcburi köçkünlərin qayıdışıyla bağlı vəziyyətə baxaq. İndiki məqamda minalardan təmizləmə və maarifləndirmə bu prosesdə ilkin addım kimi niyə bu qədər vacibdir?

  • BMT anlayır ki, məcburi köçkünlərin hamısının təhlükəsiz və böyük qayıdışı üçün təhlükəsiz mühit vacibdir. Bundan başqa, ziyan görmüş ərazilərin dirçəlişi və bərpası üçün də təhlükəsiz mühit lazımdır. Buraya vacib infrastrukturun bərpası, məcburi köçkünlərin yaşayışının əsas mənbələrindən olan əkinçilik və maldarlıq kimi kənd təsərrüfatı sahələrinin bərpası daxildir. Minalarla bağlı maarifləndirmə əhalini nəzarətsiz və icazəsiz qayıdışdan çəkindirmək üçün vacibdir. Vacib ilkin addım isə yazadək müasir tədqiqat metodları və texnologiya vasitəsilə minalı/partlamamış sursatlı ərazilərin qurudan və havadan sürətli çəkilişini aparmaq olardı. Bu, hökumətə minalardan təmizlənəcək prioritet əraziləri, onların dinc məqsədlər üçün mərhələli istifadəsini müəyyənləşdirməyə kömək edərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG