Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

Suyun ikiqat bahalaşmasının aşkar və gizlin səbəbləri...


Su
Su

Bu gün, fevralın 1-dən Tarif (qiymət) Şurasının qərarı ilə əhali üçün içməli suyun qiyməti ikiqat artırılıb. Şuranın məlumatına görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ona müraciətində bildirilib ki, əhalinin fasiləsiz, keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artıb: "Həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əmək haqlarının yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır".

Tariflər belə müəyyən edilib: "...Bir kubmetr su təchizatının tarifi ƏDV (əlavə dəyər vergisi) daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib".

Bəzi MDB ölkələri ilə müqayisə

Tarif Şurası bildirir ki, tənzimləmədən sonra belə, tariflər bir sıra MDB ölkələrində olduğundan aşağıdır: "Əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1.70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1.42 manat/kubmetr, Minskdə (Belarus) 1.17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0.64-1.28 manat/kubmetr təşkil edir".

Qurum həmçinin vurğulayıb ki, tarif dəyişikliyi məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək. Onun proqnozuna görə, tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2.50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcək.

"Azərsu" ASC
"Azərsu" ASC

Sosial şəbəkələrdə Şuraya verilən cavab

Bəzi sosial şəbəkə istifadəçiləri də Tarif Şurasına bir sıra MDB ölkələrini misal göstəriblər. Onlar da vurğulayıblar ki, Ermənistanda suyun qiyməti Azərbaycandan ucuzdur.

"Bütün dünyada su qıtlığı yaşanır"

"Azərsu" QSC-dən isə "Turan" agentliyinə bildirilib ki, qiymətlərin artırılması bir neçə faktorla bağlıdır: "Bütün dünyada su qıtlığı yaşanır. Beynəlxalq təcrübədə biz görürük ki, su qıtlığı ilə ən yaxşı mübarizə metodlardan biri iqtisadi metoddur... Azərbaycanın su resursları çox məhduddur və tariflərə yenidən baxılması düşünürük ki, ortamüddətli və uzunmüddətli dövrdə su istehlakının aşağı düşməsinə gətirib çıxara bilər. Burada məqsəd su resurslarından səmərəli istifadə, onu gələcək nəsillərə saxlamaqdır".

Başqa maraqlar

Qurumdan qeyd olunub ki, tariflərin qaldırılmasının digər səbəbi korporativ maraqlardır: "Tariflərin artması şirkətə əlavə iqtisadi fayda gətirəcək. Bu iqtisadi fayda istehlakçılara göstərilən su təchizat xidmətlərin yüksəlməsinə, onların daha da təkmilləşdirilməsinə xidmət edəcək".

"Azərsu" QSC-dən vurğulanıb ki, son tarif dəyişikliyi 2016-cı ildə olmuşdu və o zaman qiymət 37 faiz qalxmışdı. Qurum qeyd edir ki, bundan sonra elektrik enerjisində tariflərin 50 faizə yaxın qalxması onun üçün gəlir effektivliyini 23.6 faizə salıb.

Bu qurum da xərclərin artmasından bəhs edir. Qeyd edir ki, tariflərin qaldırılması xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, istehlakçıların keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasına kömək olacaq: "...Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına, baş vermiş qəzaların operativ aradan qaldırmasına xidmət edəcək".

Subsidiya dayandırılacaq

Qurumdan bildirilib ki, onlara dövlət büdcəsindən hər il investisiya şəklində maliyyə vəsaiti ayrılır: ""Azərsu" ASC-nin xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır (2021-ci ildə 45 milyon manat). Tarif tənzimlənməsi ilə dövlət büdcəsindən "Azərsu" ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq".

N.Cəfərli
N.Cəfərli

"Lakin dotasiyalardan kəsməyin çıxış yolu qiymət artımı deyil"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev bəzi iri dövlət qurumlarının fəaliyyətini tənqid etmişdi. Onun vurğulamasına görə, tənqid ona köklənmişdi ki, inhisarçı dövlət şirkətləri rentabelli işləmirlər, dövlətdən dotasiya alırlar: "Bu ilin büdcəsində dotasiyaların məbləği azaldılıb. Lakin dotasiyalardan kəsməyin çıxış yolu qiymət artımı deyil".

İqtisadçı hesab edir ki, ilk növbədə ciddi araşdırma olmalı idi: "Araşdırma olmalı idi ki, nəyə görə suyun maya dəyəri bu qədər yüksəkdir? İdarəetmə ilə bağlı ciddi audit aparılmalı idi, ilk növbədə xərclər azaldılmalı idi və əgər bundan sonra doğrudan da qiymət artımına ehtiyac yaranarsa, bununla bağlı qərar vermək olardı".

"...Korrupsiya aradan qaldırılmalı idi"

İqtisadçının fikrincə, əgər audit nəticəsində korrupsiya halları üzə çıxardısa, o, aradan qaldırılmalı idi: "Çünki onlar qiymətlərin şişməsinə və qeyri-rentabelli fəaliyyətə səbəb olur".

İqtisadçı hesab edir ki, yaxın gələcəkdə kommunal xidmətlər ilə bağlı regionlar üzrə paylayıcı şirkətlər yaradılacaq, onlar icarəyə götürüləcək və ya özəlləşdiriləcək: "Su anbarları, kəmərləri, yəni, suyun istehsalı dövlətin əlində qalacaq, amma su vətəndaşlara paylayıcı şirkətlər tərəfindən satılacaq... Həmin paylayıcı şirkətlər özəlləşdiriləcək. Bir çox xarici şirkətlər bunda maraqlıdırlar. İndiki qiymətlərlə bu sərf eləmir. Xaricilər gələndən sonra isə qiymətlər qalxsa, bu, əlavə söz-söhbətə səbəb olacaq".

"Növbəti addım qazla və işıqla bağlı olacaq"

N.Cəfərli qeyd edib ki, növbəti addım qazın, elektrik enerjisinin qiymətlərinin artırılması ola bilər: "Yəqin ki, növbəti addım qazla və işıqla bağlı olacaq ki, xarici investorlar üçün paylayıcı şirkətlərin uzunmüddətli icarəyə götürülməsi və yaxud da özəlləşdirilməsi sərfəli olsun".

Xatırlatma

"Azərsu" ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100 faiz dövlətə məxsusdur.

"Azərsu" ASC-nin 2019-cu ili 592.488 milyon manat xalis zərərlə başa vurduğu bildirilir. Verilən məlumata görə, bu, 2018-ci illə müqayisədə 23.4 faiz çoxdur.

Hazırda Heydər Əliyev prospektində quruma yeni inzibati bina tikilir. Onun tikintisinə hələ 2013-cü ildə başlanıb. Binanın 22-mərtəbəli olacağı bildirilib. Layihənin ümumi dəyəri isə 120 milyon ABŞ dolları olduğu açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG