Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:53

Xeyirxahlıqla ölüm arasındakı əlaqə


Çexiya xəstəxanasında könüllülər
Çexiya xəstəxanasında könüllülər

96-yaşlı Betti Loui yaşına rəğmən hələ də Mançesterdə Solford Kral Xəstəxanasının kafesində könüllülük edirdi. O, burada adamlara qəhvə gətirir, qabları yuyur və xəstələrlə söhbət edirdi. Louinin 100, 102 və hətta 104 yaşı tamam olanda da qəzetlər onun hələ də könüllü fəaliyyətlə məşğul olduğunu yazırdılar. 106 yaşında gözləri zəif görməyə başlasa da, həftədə bir dəfə könüllü işləyirdi.

Loui müxbirlərə könüllü işin onu sağlam saxladığını düşündüyünü demişdi. Elmi araşdırmalar da göstərir ki, könüllülükdən pul ianələrinə və təsadüfi yaxşı əməllərə qədər hər cür xeyirxah davranış insanın sağlamlığını gücləndirir və ömrünü uzadır.

Onlayn könüllülük

Araşdırmalar göstərir ki, könüllülük erkən ölüm ehtimalını 24% azaldır. Bu, gün ərzində altı və daha artıq porsiya meyvə və tərəvəz yeməklə müqayisə oluna bilər. BBC "Gallup"un Dünya Sorğusu əsasında aparılmış bir tədqiqata istinadən yazır ki, könüllülüyün sağlamlığa faydalı bu xüsusiyyəti dünyanın hər yerində qeydə alınır.

Əlbəttə, pandemiya dövründə könüllülük etmək çətinləşə bilər. Ancaq İndiana Universitetində filantropiya sahəsində tədqiqat aparan psixoloq Sara Konrat hesab edir ki, motivasiyamız həqiqətən də insanlara kömək etməkdirsə, könüllülüyü onlayn etmək də sağlamlığa çox faydalıdır. O, eyni zamanda, dostlarla birgə könüllü iş görməyi tövsiyə edir, çünki könüllülüyün sosial komponenti insanın sağlamlığı üçün çox vacibdir.

İnsanın qan analizlərində iz qoyan təkcə formal könüllülük deyilmiş. Adi, təsadüfi xoş əməllər də bu baxımdan çox faydalıdır.

Nəvələrinə baxan nənə-babaların ölüm riski

İnsanları fMRI skanerinə yerləşdirib onlara altruist əməllərdən danışanda beyinlərinin ağrıya reaksiyasında dəyişiklik qeydə alınır. Bir təcrübədə tədqiqata könüllü qatılmış insanlar əllərinə yüngül elektrik cərəyanı buraxıldığı anda müxtəlif qərarlar verməli olublar. Bu qərarlar arasında pul ianə etmək də olub. Məlum olub ki, ianə verənlərin beynində ağrı ocaqları daha zəif alovlanıb. İnsanlar atdıqları addımın faydalı olduğuna nə qədər çox inansalar, o qədər ağrıya dözümlü olurlarmış.

Müntəzəm olaraq nəvələrinin yanında qalan, onlara baxan nənə-babaların ölüm riskinin bunu etməyənlərə nisbətən 37% aşağı olduğu qeydə alınıb. Bu isə müntəzəm idmanla əldə olunan nəticələrdən daha yüksək effekt deməkdir.

Bundan başqa, məlum olub ki, öz həzzimiz üçün deyil, başqalarının xeyri üçün pul xərcləmək eşitmə qabiliyyəti və yuxunun yaxşılaşmasına, qan təzyiqinin düşməsinə səbəb olur. Bu zaman əldə olunan effekt yeni hipertoniya dərmanının qəbuluna başlanıldığı zaman görülən effekt qədər güclü olurmuş.

Amiqdalanın aktivliyi azalır

San Dieqo Dövlət Universitetindən nevroloq Tristen İnaqakiyə görə, xeyirxah əməllərin fiziki sağlamlığa müsbət təsirində təəccüblü bir şey yoxdur: "İnsanlar son dərəcə sosial varlıqlardır. Bir-birimizlə bağlı olanda səhhətimiz yaxşılaşır. Bir-biri ilə bağlılığın bir hissəsi də paylaşmaqdır", – o deyir.

İnaqaki insanın başqalarına qayğı göstərmə sistemini öyrənir. Söhbət beyində həm yardım davranışı, həm də sağlamlığa cavabdeh olan mərkəzlərin şəbəkəsindən gedir. Bu sistemin bizim doğulanda köməksiz və aciz körpələrimizin qayğısına qalmamız üçün meydana gəldiyini, sonradan digər insanlara yardımda da istifadə olunmağa başladığını ehtimal etmək olar.

Məlum olub ki, başqalarının qayğısına qalmaq stress səviyyəsinin azalması ilə nəticələnir. Biz xeyirxah bir iş görəndə, yaxud hətta keçmişdəki xeyirxah əməlimizi xatırlayanda beynin qorxu mərkəzi olan amiqdalanın aktivliyi azalır. Bunun da uşaq böyütməklə bağlı ola biləcəyi ehtimalı var.

Məlumdur ki, uşağın qayğısına qalmaq çox stressli işdir. Ancaq elmi araşdırma göstərib ki, heyvanlar öz balalarının ağlamağını, zingiltisini eşidən zaman amiqdalanın fəallığı azalır. İnsanlarda da belə olur. Valideynlərə övladlarının fotosunu göstərməklə də eyni effekti almaq olurmuş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG