Tanınmış pop musiqiçiləri çox zəngin olmaqla yanaşı, bəzən müxtəlif layihələrə böyük ianələr edirlər. BBC-nin məqaləsində ən çox pul ianə etmiş musiqiçilərdən söz açılır.
Əvvəllər Miçiqanın Flint şəhərinin əsas su mənbəyi Huron gölü imiş. 2014-cü ildə o, Flint çayı ilə əvəzlənib. Bir ildən sonra yerli sakinlər qurğuşun zəhərlənməsi ilə bağlı həyəcan təbili döyməyə başlayıblar. Ancaq Miçiqan ştatında uşaqlardan qurğuşun analizi götürmək məcburi olmadığından əsl təhlükə kölgədə qalıbmış. Alimlərin aşkarladığı nəticələrdən sonra o vaxt prezidentlikdən getməkdə olan Barack Obama 2016-cı ilin yanvarında Flintdə böhran vəziyyəti elan etdi. Bruno Mars Miçiqanda keçirdiyi konsertdən əldə etdiyi gəlirdən problemin həllinə düz 1 milyon dollar ianə edib.
Chance the Rapper kimi tanınan Chancellor Bennett hər zaman öz doğma şəhəri Çikaqonun təəssübünü çəkir. O, hətta Spike Lee-ni "Chi-Raq" dramasında Çikaqonu yanlış təsvir etdiyi üçün qınayıb. Chance-in Çikaqoya sevgisi belə şeylərlə məhdudlaşmır. Şəhərin məktəbləri ciddi maliyyələşmə böhranı içində olduğundan bəziləri dərs ilini erkən bitirməli olur. Chance məktəblərin maliyyələşməsini müzakirə etməkdən ötrü İllinoys ştatının qubernatoru Bruce Rauner-lə görüş tələb edib və təşəbbüsü öz əlinə alıb. Görüşdən sonra keçirdiyi mətbuat konfransında "qubernator mənə çoxlu səthi cavablar verdi" deyən Chance, eyni zamanda, Çikaqo məktəblərinə 1 milyon dollar bağışladığını elan edib və yerli biznes sahiblərini də eyni addımı atmağa çağırıb.
Prince-in ölümünə qədər onun xeyriyyəçilik fəaliyyəti üzdə deyildi. Vətəndaş hüquqları lideri Rev Al Sharpton Twitter-də onu "səmimi xeyriyyəçi" adlandırmışdı.
Prince günəş enerjisi startaplarına 250 min dollar, Cənubi Karolinanın yoxsul ailələrinə daha 250 min dollar, Nyu-Yorkda bir rəqs akademiyasına da 250 min dollar ianə edib. Bundan başqa, o, Harlemdə yoxsulluq içində yaşayan şəhər uşaqlarına yardım edən qeyri-kommersiya təşkilatına düz 1 milyon dollar bağışlayıb.
George Michael-ın da səxavəti ölümündən sonra gündəmə gəlib. Onun "Band Aid", "Live Aid" və "Comic Relief" kimi təşəbbüslərə dəstəyi artıq məlum idi. Ancaq digər ianələrini medianın diqqətinə çatdırmırdı. O, uşaq və gənclərə psixoloji yardım üçün 2 milyon funt (2.64 milyon dollar) ianə edib. O, eyni zamanda, daha kiçik məbləğlərə ehtiyacı olan insanlara kömək edib. Məsələn, süni mayalanmaya ehtiyacı olan bir qadına 9000 funt (11 min 900 dollar) bağışlayıb. Xərçəng və HIV sahəsində çalışan xeyriyyə təşkilatlarını dəstəkləyib və evsizlər üçün sığınacaqlarda gizlincə könüllülük edib. Elton John-la birgə canlı oxuduğu "Don’t Let the Sun Go Down on Me" mahnısından əldə etdiyi gəliri müxtəlif xeyriyyə qurumlarına bağışlayıb. John Lennon-un "Imagine" mahnısını bəstələdiyi pianonun özəl fərdlərdə qalmaması üçün onu 1.45 milyon funta (2 milyon dollar) satın alıb və Liverpulun "Beatles" tarixi muzeyinə bağışlayıb.
Elton John da çox səxavətli xeyriyyəçidir. O, təkcə 2016-cı ildə ümumilikdə 26.8 milyon funt (indiki məzənnə ilə 46.553 milyon dollar) ianə edib. Bu pulların çoxunu HIV araşdırmalarını və AIDS-lə yaşayan insanları dəstəkləmək üçün bağışlayıb. Bu işin çoxunu özünün 1990-cı illərin əvvəllərində təsis etdiyi fondu vasitəsilə görüb. 2017-ci ildə o, Cənubi Afrikanın Durban şəhərində uşaq xəstəxanasının yeniyetmələri müalicə mərkəzinə 3 milyon dollara yaxın pul bağışlayıb. O bu xəstəxananı 2016-cı ildə keçirilən AIDS konfransı çərçivəsində ziyarət edib.
Yazıda daha sonra Taylor Swift, Ray Charles, Rihanna, French Montana və Dr.Dre-nin də adları çəkilir. Onların ianələri texnologiya və biznes innovasiyalarından, universitetlərdən tutmuş, uşaq xəstəxanaları və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, yoxsul insanların güzəranının yaxşılaşdırılmasına qədər ən müxtəlif sahələri əhatə edir.