Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:43

R.İzzətlinin səhhətində problem yaranıb


R.İzzətli

Hərbi xidmətdə olan gənc fəal, D18 Hərəkatının sədri Ruslan İzzətlinin səhhətində ciddi problem yarandığından iki gün öncə, sentyabrın 2-də Bakıda hospitala yerləşdirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Hərəkatdan məlumat verilib.

Məlumata görə, cəbhə bölgəsində hərbi xidmətdə olan R.İzzətli təcili olaraq müalicə üçün Bakıya gətirilib: "Ruslan İzzətlinin yanına heç kəsi buraxmırlar. Səbəb kimi karantin rejimini göstərirlər". (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir-red.)

Hərəkatdan həmçinin bildirilib ki, R.İzzətli bu ilin may ayında əsgərliyə aparılarkən ona özəl xəstəxanaların birində belində yırtıq və böyrəyində daş diaqnozu qoşulmuşdu.

Bu açıqlamaya, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

D18 Hərəkatının sədri Ruslan İzzətli mayın 25-də hərbi xidmətə aparılıb. R.İzzətlinin özünün hərbi xidmətdən öncə bildirməsinə görə, 2007-ci ildən bəri ona həkim komissiyası rəy verib ki, dinc dövrdə hərbi xidmətə yararsızdır. Həkim komissiyasından 3 ildən bir keçdiyini qeyd edən müxalif fəal bundan əvvəl axırıncı dəfə komissiyadan ötən ilin avqust ayında keçdiyini söyləmişdi. R.İzzətlinin bildirməsinə görə, Bakıda özəl klinikaların birində müayinədən keçəndə də bilinib ki, 5 mm bel yırtığı var və bu, sinir sisteminə pis təsir göstərir. O, habelə demişdi ki, hərbi xidmətdən yayınmır, vətənə xidmətə həmişə hazırdır.

Amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onu bu il hərbi xidmətə yararlı saymışdı.

R.İzzətli bu il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub. Onun namizəd olduğu 33 saylı Xətai İkinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Həmin dairədə yenidən seçki keçirilməlidir. R.İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına şikayət vermişdilər. Şikayətlər qəbul olunduğundan dairə üzrə nəticələr ləğv edilmişdi.

Multimedia

XS
SM
MD
LG