Ukraynanın keçmiş prezidenti Petro Poroshenko son bir həftə ərzində ikinci dəfə Dövlət Təhqiqatlar Bürosunda (DBR) dindirilməyə getməyib.
DBR Poroshenko-nu mayın 29-da iki iş üzrə dindirməyi planlaşdırırdı – mədəniyyət əşyalarının sərhədlərdən qanunsuz keçirilməsi və Poroshenko ilə ABŞ-ın keçmiş vitse-prezidenti Joe Biden-ə aid olduğu güman edilən audio yazılarla bağlı. Deputat Andriy Derkach ötən həftə deyib ki, audio yazılar Poroshenko tərəfindən “vətənə xəyanət”i sübut edir.
Poroshenko-nun vəkilləri Ilya Novikov və Ihor Holovan mayın 28-də deyiblər ki, keçmiş prezidenti DBR-yə getməyəcək, çünki dindirilməyə çağırışlar DBR-in vebsaytı vasitəsilə edilib və bu “qanunsuz”dur, çağırış şəxsən təqdim olunmalıdır.
Dindirməyə yox, sərgiyə gedib
Poroshenko mayın 26-da DBR-in çağırışlarını gözardı edəndə də oxşar izahat vermişdi. Onda müstəntiqlər onu “mədəniyyət əşyaları kolleksiyasını gömrük xidmətlərinə təqdim etmədən Ukrayna sərhədi boyunca daşımaq” işi üzrə şahid kimi dindirmək istəyirdilər. Söhbət dünyaca məşhur rəssamların 43 əsərindən gedir.
DBR-a getmək əvəzinə, Poroshenko mayın 26-da Kiyevdə Ivan Honchar Muzeyində incəsənət sərgisinin açılışına qatılıb. Həmin sərgidə sözügedən əsərlər nümayiş etdirilib.
Muzey rəsmilərinin mayın 29-da bildirməsinə görə, DBR məmurları bir gün öncə əsərləri müsadirə ediblər.
Hazırda parlamentin üzvü olan Poroshenko son aylar bir neçə dəfə şahid kimi dindirilib. O, ikinci müddətə prezident seçilə bilməyəndən sonra barəsində bir neçə təhqiqat başladılıb.
DBR-nın yanvarda verdiyi məlumata görə, Poroshenko, yaxud dostlarının adları keçən 13 iş üzrə araşdırma gedir.
Milyarder Poroshenko və onun partiyası Avropa-pərəst, Rusiyaya qarşı mövqeyi ilə seçilir, parlamentdə 25 yer qazanıb.