Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 05:23

Gürcüstan Ukraynadakı səfirini geri çağırır


Mikheil Saakashvili

Gürcüstan Ukraynadakı səfiri Teymuraz Sharashenidzeni məsləhətləşmələr üçün Tbilisiyə çağırıb. Bu haqda “Exo.Kavkaza” portalı Gürcüstanın Xarici işlər naziri David Zalkaliani-yə istinadla yazır.

Zalkaliani qeyd edib ki, söhbət heç də Ukraynayla diplomatik münasibətlərin qırılmasından, yaxud iki ölkə arasında strateji tərəfdaşlığa yenidən baxılmasından getmir. Amma onun sözlərinə görə, “Gürcüstanın məhkəmə sisteminin təqsirli bilərək axtarışa verdiyi şəxsi strateji tərəfdaş təyin etmək suallar yaradır və bu səbəbdən də fövqəladə və səlahiyyətli səfir məsləhətləşmələr üçün Tbilisiyə çağrılıb”.

“Status kvonu saxlamağa çalışanlar...”

Ukraynanın Xarici işlər naziri Dmitry Kuleb isə Lb.ua portalına müsahibəsində həmkarına cavab verib: “Ukrayna və Gürcüstanın münasibətləri o qədər özəldir ki, onlar bir nəfərin taleyinin əsirinə çevrilə bilməz. Bizim üçün Saakashvili Ukrayna vətəndaşıdır. Dünyada heç bir dövlət bizə Ukrayna vətəndaşını vəzifəyə təyin etmək, yaxud etməmək göstərişi verə bilməz”.

Ukrayna Prezidenti Volodymyr Zelenskiy mayın 7-də Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-ni islahatlar komitəsinin başçısı təyin edib. “Ümid edirəm ki, o, ölkənin həyatında vacib dəyişikliklərin gerçəkləşməsinə kömək edəcək”, – Zelenskiy deyib.

Gürcüstan XİN-in başçısı deyib ki, Saakashvili heç də ilkin planlaşdırıldığı kimi, baş nazirin müavini təyin olunmayıb və “Saakashvili-yə öncə təklif olunan vəzifə kiçildilib”. Zalkaliani deyir ki, bunu Ukraynanın siyasi spektrində Saakashvili şəxsiyyətinə skeptik yanaşmayla əlaqələndirir.

Saakashvili isə təyinatdan sonra sosial şəbəkələrdə yazıb ki, Zelenskiy-ni bu təyinatdan “əsasən Ukraynada status kvonu saxlamağa çalışanlar daşındırmaq istəyirdilər, status kvo isə bataqlıqdır”.

“Elə bir prezident ki...”

“Ukraynanı bu bataqlıqdan çıxarmaq lazımdır, bunu isə ancaq prezident edə bilər. Elə bir prezident ki, heç vaxt oğru olmayıb və olmayacaq da. Mən təcrübəm, uğurlarım və uğursuzluqlarım əsasında prezidentə maksimum kömək etməyə hazıram”, – Saakashvili yazıb.

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub, 2013-cü ildə ikinci müddətinin bitməsinə bir neçə gün qalmış ölkəni tərk edib. Bundan sonra Gürcüstanda ona qarşı bir neçə cinayət işi açılıb. Özü bunları siyasi motivli adlandırıb.

2014-cü ildə keçmiş prezident 2007-ci il 7 noyabr mitiqinin iştirakçılarından qisas almaqda, İmedi televiziyasının binasına qanunsuz girməkdə, biznesmen Badri Patarkatsishvilinin əmlakının qanunsuz mənimsənilməsində və sairədə ittiham olunub.

2018-ci ildə o, bu işlərin bəziləri üzrə qiyabi olaraq 3 il həbs cəzasına məhkum edilib. Həmin il Gürcüstan Baş Prokurorluğu Saakashvili-ni Patarkatsishvilinin qətlinə bağlılıqda da ittiham edib.

Gürcüstanın keçmiş prezidenti 2015-ci ildə Ukraynanın ovaxtkı prezidenti Petro Poroshenko-nun göstərişi ilə vətəndaşlıq alıb, Odessa vilayətinin başçısı təyin olunub. İki ildən sonra münasibətləri pisləşib, Ukrayna prezidenti onun vətəndaşlığını geri alıb. Daha sonra Saakashvili-nin Ukrayna ərazisinə daxil olmasını 2021-ci ilədək qadağan ediblər.

Volodymyr Zelenskiy prezident seçiləndən sonra onun vətəndaşlığını bərpa edib.

XS
SM
MD
LG