Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 08:06

Narkoloji xəstəxanada gərginlik: 'Baş həkim polislərlə reydə çıxır...'


Narkoloji xəstəxana. Foto illüstrasiya
Narkoloji xəstəxana. Foto illüstrasiya

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında uzun müddətdir yaşanan gərginlik artıq məhkəmə müstəvisində davam edir. Durum elə həddə gəlib ki, baş həkimlə tabeliyində çalışan həkim məhkəmə müstəvisində çəkişir.

36-yaşlı həkim-narkoloq Bəhruz Kazımzadə deyir ki, xəstəxananın baş həkimi Vüqar Əliyev qayda-qanun saymır, ürəyi necə istəyirsə, o cür də hərəkət edir. Onun sözlərinə görə, özbaşınalıqlara susmadığına görə aralarındakı mübahisələrin birində hətta baş həkim onu vurub. O da polisə şikayət edib: "Komissiya üzvlərinin yanında mənə əl qaldırdığına görə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə məsuliyyətə cəlb olundu. Sözün düzünü deyirəm deyə, məni nüfuzdan salmaq üçün söz-söhbət yayır ki, guya spirtli içki aludəçisiyəm. Halbuki, mən spirtli içki içmirəm".

270 manatın 30 manatı tutulurdu...

B.Kazımzadə bildirib ki, mübahisələrdən biri də həkimlərin maaşından tutmalara görə olub. 270 manat maaş aldığını söyləyən həkimin sözlərinə görə, bunun da 30 manatı tutulurdu.

O, baş həkimdən Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Dövlət Təhlükəsizliyi Xidməti və başqa orqanlara da şikayət məktubları göndərib. İddia edib ki, V.Əliyev tabeliyində çalışan və onun qanunsuz əmrlərinə tabe olmayanların normal fəaliyyətinə imkan vermir: "Baş həkim olduğu halda, özü növbəyə qalıb, gecələr polislərlə reydlərə çıxır. Saxta sənədlərlə diplom alan baş feldşerə həkim kimi şərait yaradır. Komissiyanın iştirakı olmadan istənilən rəyi yazıb verirlər. Komissiya üzvlərinin əvəzinə özləri imza atırlar. Xəstəxananı bazar kimi idarə edir".

B.Kazımzadə komissiya təşkil edilməsini, şikayətlərində göstərdiyi faktların araşdırılmasını tələb edir.

Baş həkim Vüqar Əliyev isə deyir ki, bu iddialar yalandır, işçisi ona böhtan atır. Onun sözlərinə görə, B.Kazımzadə özü kollektivlə yola getmir, iş otağında oyun oynayır, telefonla çox danışır, baş həkim kimi ona tabe olmur. Baş həkim bildirir ki, şikayət məktublarında yazılanların bir cümləsi də doğru deyil.

Yerli məhkəmələr baş həkimin xeyrinə qərar çıxarıb

V.Əliyev dövlət orqanlarına göndərdiyi şikayət məktublarına görə işçisini məhkəməyə verib. Lənkəran Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində tələbi isə həkim-narkoloqun şikayət etdiyi dövlət orqanlarına yenidən təkzib məktubu göndərməsi, 5 min manat da təzminat ödəməsi olub. Baş həkim iddia edir ki, işçisinin şikayətlərinə görə dəfələrlə müxtəlif orqanlarda izahatlar vermək məcburiyyətində qalıb, bu da səhhətinə mənfi təsir göstərib.

Baş həkimdən narazı olan B.Kazımzadə də məhkəmədə qarşılıqlı iddia qaldırıb. V.Əliyevin onun spirtli içki aludəçisi olması, işindəki nöqsanlara görə töhmət alması barədə söylədiklərinin yalan olduğunu vurğulayaraq, buna görə təkzib verməsini, 10 min manat da kompensasiya ödəməsini tələb edib.

Lənkəran Rayon Məhkəməsi B.Kazımzadənin iddiasını rədd edib. Baş həkimin iddia tələbi isə qismən təmin olunub. Məhkəmə qərar verib ki, həkim Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Prezident Administrasiyası və başqa orqanlara əvvəlki şikayətlərinə görə təkzib məktubu göndərsin. Bundan əlavə, baş həkimə mənəvi ziyana görə 500 manat kompensasiya, məhkəmənin ekspertiza xərclərinə görə də 200 manat ödəsin.

B.Kazımzadə bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Amma mayın 18-də şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişməyib. Lənkəran Rayon Məhkəməsinin qərarı olduğu kimi qüvvədə saxlanılıb.

Şikayətçi həkim bundan sonra Ali Məhkəməyə üz tutmaq niyyətindədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG