Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 14:12

Həkim 'Qarabağ müharibəsi veteranı' olmaq istəyir


Həkim. Foto arxiv

Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əmirxan Aslanov "Müharibə veteranı" vəsiqəsini almaq istəyir. Deyir ki, bu, onun haqqıdır. Çünki Qarabağ döyüşlərinin qızğın vaxtlarında nə qədər yaralıya kömək edib, tibbi yardım göstərib.

Ə.Aslanov yada salır ki, onun hazırda yaşadığı və işlədiyi Gədəbəy 1991-1994-cü illərdə döyüş bölgəsiydi. O da həmin vaxt Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında həkim kimi vəzifəsini yerinə yetirirdi: "Gədəbəy rayonunda hərbi hospital yox idi. Ona görə də döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçuların müayinə və müalicəsi bizim xəstəxanada aparılırdı. Bu vəzifəni yerinə yetirənlərdən biri də mən idim. Yəni, birbaşa döyüş əməliyyatlarında iştirak etməsəm də, həmin dövrdə döyüş bölgəsində həkim briqadasının tərkibində fəaliyyət göstərmişəm. Ona görə də hesab edirəm ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçılarına mən də aid edilməliyəm".

Ə.Aslanov 1980-ci ildən 1996-cı ilin aprelinə qədər Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. Üstündən 20 il keçəndən sonra – 2016-cı ilin iyulunda yenidən həmin xəstəxanaya işə qayıdıb: "Onda bildim ki, 1997-ci ildən etibarən xəstəxananın baş həkimi döyüş əməliyyatları gedən dövrdə xəstəxanada həkim briqadasının tərkibində fəaliyyət göstərmiş şəxslərin siyahısını Hərbi Komissarlığa göndərib. Mən isə 1996-cı ildə işdən çıxmışdım deyə, mənim adımı da o siyahıya yazmağı unudublar".

Məhkəməyə müraciət etsə də...

Ə.Aslanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə ərizə yazıb, ona "Qarabağ müharibəsi veteranı" adının və bunu təsdiqləyən vəsiqənin verilməsini istəyib. Lakin həkimə "yox" cavabı verilib. Əsas kimi isə bunu göstəriblər ki, Ə.Aslanov şöbəyə özünün 1991-1994-cü illərdə döyüş əməliyyatlarında iştirakını təsdiqləyən heç bir sənəd təqdim etməyib.

Ə.Aslanov imtina qərarına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsini məhkəməyə verib. Gəncə İnzibati-İqtisadi Məhkəməsindən adıçəkilən qurumun üzərinə ona müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi qoymasını istəyib.

Şikayətçi həkim deyir ki, məhkəməyə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının 1991-1994-cü illərdə müvəqqəti hərbi hospital kimi fəaliyyət göstərməsi barədə xəstəxanadan verilən 27 iyun 2019-cu il tarixli, 586 nömrəli məktubu da təqdim edib. Xəstəxana başqa bir məktubla onun həmin vaxt orada işlədiyini də təsdiqləyib.

Ancaq məhkəmə bu il fevralın 19-da onun iddiasını təmin etməyib. Qərarı da belə əsaslandırıb ki, Ə.Aslanov döyüş əməliyyatlarında iştirakını, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həmin dövrdə hərbi hospital kimi fəaliyyət göstərdiyini təsdiqləyən sübut təqdim etməyib. Həmçinin qeyd olunub ki, Ə.Aslanovun adı 1988-ci ildən 1991-ci ilə qədər özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin siyahısında yoxdur.

Ə.Aslanov məhkəmənin qərarından şikayət verib.

XS
SM
MD
LG