Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

‘Hər ay həkimə 100 manat verirdim ki...’


Bakı, Narkoloji mərkəzdə yanğın, 2 mart 2018
Bakı, Narkoloji mərkəzdə yanğın, 2 mart 2018

Respublika Narkoloji Mərkəzin-də 25 nəfərin öldüyü yanğını törətməkdə suçlanan 64 yaşlı Məhəmməd Məmmədov-un oğlunun da adı bu cinayət işində keçir. İddia olunur ki, alkoqolizmdən əziyyət çəkən M.Məmmədovu oğlu rüşvət hesabına Narkoloji Mərkəzdə saxlatdırırdı.

Yanğınla əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlər arasında M.Məmmədovun həkimi, onun oğlundan rüşvət aldığı iddia olunan şöbə müdiri Afət Məmmədova da var. O, həbsdə olmasa da, Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov və onun təsərrüfat məsələləri üzrə müavini Mahir Abdullayev-lə birlikdə məhkəmə önünə çıxarılıb.

Buna da bax: Narkodispanser işi: ‘Niyə qapıya yaxın olanları oyatmayıb?’

Oktyabrın 19-da onların məhkəməsində təqsirləndirilən M.Məmmədovun oğlu Vahid Məmmədov şahid qismində dindirilib. O deyib ki, atasını Narkoloji Mərkəzdə saxlatdırmaq və ona yaxşı baxılması üçün həkimə hər ay 100 manat pul verirdi.

“Deyirdim ki, qal orada, bizi biabır eləyirsən”

Atasının içki aludəçisi olduğunu söyləyən V.Məmmədovun sözlərinə görə, anası onu müalicə üçün Mərkəzə aparanda o, uşaq idi:

“1998-ci ildən orada dəfələrlə müalicə olunub. Evdə hamı ona yalvarırdı ki, içməsin. Atam isə bizi eşitmirdi, içəndə özünü apara bilmirdi. Qonşular da atamdan şikayət edirdi. Mərkəzdən evə zəng eləyəndə deyirdi ki, “çıxarın məni”. Mən də deyirdim ki, qal orada, bizi biabır eləyirsən”.

Buna da bax: Narkodispanser işi: 'Adamım yox idi deyə, yüklədilər mənim üstümə...'​

V.Məmmədov deyir ki, atası Mərkəzdə saxlandığı müddətdə onun üçün ərzaq, siqaret göndərib. Həkimə çatası pulu da Narkoloji Mərkəzin yanındakı mağazaya təhvil verdiyini söyləyir:

“Mağazanın sahibi də pulu Afət xanıma çatdırırdı. Sonra Afət xanımla dəqiqləşdirirdim ki, pul ona çatdı, yoxsa yox”.

Narkoloji Mərkəzin şöbə müdiri olmuş Afət Məmmədova isə kimsədən rüşvət almadığını bildirir. Deyir ki, həmin pul xəstəyə çay, siqaret alınması məqsədilə verilirdi.

Hadisə vaxtı xəsarət almış, yanğında yaxınlarını itirmiş zərərçəkənlər də məhkəmədə dindirilib. Fərid Nəsirov deyir ki, onun olduğu palata ilə Məhəmməd Məmmədovun palatası arasında bir otaq da vardı. Yanğının da Məhəmmədgilin palatasında yox, həmin otaqda başladığını görüb:

“Orada rəhmətlik Mahir qalırdı. O da hadisədən sonra öldü”.

“Qaldığımız otaqlar taxtadan idi”

Zərərçəkmiş deyir ki, onun palatadan çıxmasına Məhəmməd Məmmədov kömək edib: “Axırda çıxanlardan biri biz olduq. Qaldığımız otaqlar taxtadan idi. Yanğın güclənəndə “şit”lər də partladı”.

Buna da bax: Narkoloji Mərkəzlə bağlı 15-ci palata müəmması​

F.Nəsirovun istintaqa ifadəsi isə məhkəmədə dediklərindən fərqlidir – Məhəmməd Məmmədovun əleyhinədir. Amma o deyir ki, müstəntiq səhv yazıb, o da yazıb-oxumağı bacarmadığından orada nə yazıldığını bilməyib, sadəcə, ifadəyə imza atıb.

İttihamda yazılıb ki, M. Məmmədov Mərkəzdən çıxıb getmək istəyirdi. Orada saxlanma vaxtının uzadıldığını biləndən sonra özünü öldürmək qərarına gəlib və bu məqsədlə üstündəki yorğanı yandırıb. Sonra peşman olub, yorğanı üzərindən atıb və nəticədə yanğın bütün korpusa yayılıb. Hadisə vaxtı korpusdan çıxan kimi də qaçıb.

Zərərçəkmişlərdən hadisə vaxtı orada olmuş Rafiq Qafarov isə deyir ki, M. Məmmədov Mərkəzin həyətində olurdu, istədiyi vaxt çölə çıxıb-gəlmək imkanı vardı. Yəni qaçmaq istəsəydi, bunu eləyə bilərdi.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfərdən Məhəmməd Məmmədov CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri, Telman Məmmədhəsənov və Mahir Abdullayev 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Afət Məmmədova isə 311-ci (rüşvət alma) maddələriylə ittiham olunur.

Lakin onların heç biri özlərini təqsirli bilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG