Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Narkodispanser işi: ‘Niyə qapıya yaxın olanları oyatmayıb?’


AZERBAIJAN FIRE DRUG ABUSE CENTER -- Azerbaijani firefighters at the site of a fire in the republican drug rehabilitation center in Baku, Azerbaijan, 02 March 2018. Media reports state that the death toll increased to 25 people from the fire that had occ
AZERBAIJAN FIRE DRUG ABUSE CENTER -- Azerbaijani firefighters at the site of a fire in the republican drug rehabilitation center in Baku, Azerbaijan, 02 March 2018. Media reports state that the death toll increased to 25 people from the fire that had occ

Narkoloji Mərkəzdə 25 nəfərin ölümünə səbəb olmuş yanğınla bağlı istintaq belə nəticəyə gəlib ki, yanğın 14-cü palatadan başlayıb. Həmin palatada yatmış Məhəmməd Məmmədovun yorğanı yandırdığı və bundan sonra alovun yayıldığı iddia edilir. Lakin hadisə vaxtı Narkoloji Mərkəzdə olmuş Araz Məmmədov deyir ki, o, 14 yox, 15-ci palatada yanğın görüb.

Hadisə zamanı xəsarət almış Araz Məmmədov sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində ifadə verib.

“Mən də qaçsaydım...”

O deyib ki, üç ay idi orada müalicə olunurdu. Onu narkotik maddə asılılığına görə altı aylıq məcburi müalicəyə göndərmişdilər:

"Həmin gün yuxudan oyandım, 6-ya işləmiş əl-üzümü yuyub gəldim. Bu vaxt xəstələrdən biri qışqırdı ki, yanğın var. Çıxdıq bayıra, dəhlizin o biri başına gedəndə 15-ci otaqdan tüstü çıxdığını gördüm. Mamed (təqsirləndirilən Məhəmməd Məmmədovu nəzərdə tutur-red.) 14-cü palatada idi, orada mən yanğın görmədim. Mamed qohumum-filan deyil, nə düzdüsə, onu danışmalıyam. Vedrə ilə su gətirdik, ancaq alov yayılmışdı, xeyri yox idi. Amid (mühafizəçi-red.) 18-ci palataya qədər gedib adamları oyatmışdı. Ondan sonra korpusun qapısını açdılar, camaat qaçdı. Mən çıxanda dalımca Mamed çıxdı".

Araz Məmmədov deyir ki, təqsirləndirilən Məhəmməd Məmmədovun ən böyük günahı yanğın olan korpusdan çıxandan sonra qaçması oldu: "Bizi sonra birinci korpusa keçirdilər, o çıxıb getmişdi. Bəlkə mən də qaçsaydım, indi Mamedin yerində mən oturmuşdum".

Məhəmməd Məmmədov haqqında danışan zərərçəkmiş onun sakit adam olduğunu, Mərkəzdə müəyyən təmir işləri gördüyünü bildirib.

Cinayət işinin materiallarında yazılıb ki, Məhəmməd Məmmədov alışqanla yorğanı yandırıb.

Zərərçəkmiş bildirir ki, onlara palatada siqaret çəkməyə icazə vermirdilər, hətta buna görə cəzalandırırdılar: "Lazım olsa, lap döyürdülər də..."

Məhkəmə iclasından sonra zərərçəkmişlərdən Arifə Abbasova jurnalistlərə deyib ki, mühafizəçinin 18-ci palataya qədər gedib çıxdığı halda, qapıya daha yaxın palatalarda olan xəstələri oyatmaması şübhəlidir:

“18-ci palataya qədər gedib çıxıb, bəs qapıya daha yaxın palatada olanları, Akifi (qardaşını) niyə oyatmayıb? O palatalarda generalın oğlu olub, ona görə ora gedib çıxıb..."

Məhkəmə sentyabrın 21-də davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə baş vermiş yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan həkim Azad Ələkbərovun haqqındakı cinayət işi ayrılıb, qalan dördünün işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Onlardan Mərkəzdə müalicə olunan 64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndisi Mahir Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə, M.Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədova isə oğlundan rüşvət alıb onu orada saxlamaqda ittiham olunur.

Onların heç biri özünü təqsirli bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG