İranın Səhiyyə Nazirliyi yeni koronavirusdan təzəlikcə 122 nəfərin dünyasını dəyişdiyini bildirib. Beləliklə də ölkədə virus qurbanlarının sayı 4 min 232-yə çatıb.
Sözçü Kianoush Jahanpour aprelin 10-da bildirib ki, son 24 saatda 1972 nəfər yeni yoluxma aşkarlanıb və ümumi yoluxma sayı 68 min 192-yə yüksəlib.
Jahanpour COVID-19 respirator xəstəliyindən 35 min 465 nəfərin sağaldığını söyləyib.
Bu arada İran rəsmilərinin “aşağı riskli” adlandırdığı bizneslərin yenidən fəaliyyətə başlaması planlaşdırılır.
Prezident Hassan Rohani ölkə iqtisadiyyatının aprelin 11-dən tədricən işinə yenidən başlamasına göstəriş verib. Bu isə İranda infeksiyaların ikinci dalğasının balaya biləcəyi sarıdan əndişələr yaradıb.
“Əlbəttə, biz yeni koronavirus qurbanları istəmirik; eyni zamanda adamların acından qırılmasını da istəmirik”, – Rohani aprelin 8-də deyib. O, çox adamın iki aydır maaşsız qaldığını sözlərinə əlavə edib.
ABŞ Prezidenti Donald Trump 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana iqtisadi sanksiyaları bərpa edib.
İran fevralın 19-da koronavirusa ilk yoluxma halını açıqlayıb. Bir çox ekspertlər real ölü və yoluxma sayının rəsmilərin dediyindən yüksək ola biləcəyini deyirlər.
18 milyon iş yeri itirilə bilər
Pakistan da “əsas sektorları” yenidən işə salmağı nəzərdən keçirir. Bu arada ölkədə xəbərdarlıqlar səslənir ki, iqtisadiyyatın uzun müddətə dayanması 18 milyon iş yerinin ləğvi, ölkə əhalisinin yarıdan çoxunun yoxsulluğa sürüklənməsi ilə nəticələnər.
“Milyonların çalışdığı əsas sektorların işini bərpa edəcəyik”, – İnformasiya naziri Firdous Ashiq Awan aprelin 10-da deyib.
Həftənin əvvəlində hökumət qərar verib ki, aprelin 14-dən kənd təsərrüfatı sektoru, tikinti, sement və polad istehsalı sənayeləri fəaliyyətini bərpa etsin.
Awan daha sonra pərakəndə satış və nəqliyyat sektorlarının işə başlaya biləcəyini söyləyib. Ölkədə üç həftədir karantindir, yoluxma halları 4 min 600 nəfəri keçib.
Baş nazir Imran Khan bir gün öncə demişdi ki, aprelin 14-dən hər bir vilayətin hökuməti regionda koronavirusla bağlı vəziyyətdən asılı olaraq karantini davam etdirməyə, yaxud yüngülləşdirməyə qərar verəcək.
Dövlətə məxsus Pakistan İnkişaf İqtisadiyyatı İnstitutunun proqnozuna görə, mövcud qadağalardan dolayı 18 milyon iş yeri itirilə bilər. Qurum ən böyük zərbənin kənd təsərrüfatı, tikinti və pərakəndə satış sektorlarına dəyə biləcəyini bildirib.
“Nəticədə 120 milyon nəfər, yaxud əhalinin yarıdan çoxu yoxsulluq həddindən aşağı yuvarlana bilər”, – araşdırmanın həmmüəllifi Mahmood Khalid deyib.
BMT-nin hesablamasına görə, Pakistan əhalisinin 40 faizə yaxını yoxsulluq həddindən aşağıda yaşayır.
Hökumət 7,1 milyard dollarlıq xilas planı açıqlayıb. İslamabad donorlardan yardım və kredit şəklində 3 milyard dollar əldə edəcəyini gözləyir.