Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:47

Zəncəfil Rusiyada da bahalanıb


Moskvada supermarket, arxiv fotosu
Moskvada supermarket, arxiv fotosu

Rusiyanın Baş naziri Mixail Mişustin “Vahid Rusiya” fraksiyasının ərzaqların qiymətini müvəqqəti dondurmaq təklifini dəstəkləyib.

Dünən – aprelin 9-da baş nazirlə fraksiyanın video-müşavirəsi keçirilib. Dumanın informasiya siyasəti komitəsinin sədri Aleksand Xinşteyn deyib ki, hökumətin başçısı fraksiyanın təkliflərinin hamısıyla razılaşıb. “Buraya dərmanların, ərzaq məhsullarının və digər vacib istehlak məhsullarının qiymətlərinin məhdudlaşdırılması da daxildir”, – o deyib.

Fraksiya rəhbəri Sergey Neverov iclasda deyib ki, “təkcə limonla zəncəfilin deyil, digər ərzaq məhsullarının da qiyməti qalxır”, amma pərakəndə satış yerləri qiyməti təchizatçılardan daha çox qaldırır.

“Əsasən də böyük ticarət mərkəzləri sadəcə adamların yardım, əlavə ödənişlər formasında aldıqlarını ələ keçirirlər və bu özbaşınalığı dayandırmaq lazımdır”, – Dumanın spikeri Vyaçeslav Volodin söyləyib.

AzadlıqRadiosu-nun rus xidməti yazır ki, zəncəfil və limonun qiyməti son 2 həftədə bir neçə dəfə qalxıb, bunun bir səbəbi də onların koronovirusa qarşı “xalq təbabəti” hesab olunmasıdır. Bu məhsullar sosial əhəmiyyətli hesab olunmadığından rəsmi orqanlar qiymətə müdaxilə etmir.

Qarabaşaq və şəkər tozu

Rusiyada aprelin 6-dək həftəlik inflyasiya 0,3 faiz artıb, ilin əvvəlindən isə 1,6 faizə çatıb. Statistika komitəsi limon və zəncəfili baza inflyasiya indeksinə salmır deyə, indilik ən çox bahalaşan məhsullar qarabaşaq və şəkər tozudur (+3 faiz).

Bu həftə bir neçə böyük satış şəbəkələri qiymətlərin 5-20 faiz bahalanması haqda xəbərdarlıq edib, bunu epidemiya ilə əlaqələndiriblər. Onlar ən çox konservlərin, kofe, çay və kakaonun bahalandığını, makaron məmulatlarının qiymətində 15%-lik artım olduğunu deyiblər.

“Svoboda.org” yada salır ki, daha əvvəllər də qiymətlərin dondurulması tətbiq olunub. Onda bəlli olub ki, elə “dondurulan” məhsullar digərlərindən sürətlə bahalanır. 2007-ci ildə hökumət istehsalçılar və ticarət mərkəzləri ilə süd, yağ, çörək və yumurtanın qiymətinin dondurulması haqda razılaşma əldə edib, “The Bell” yazır. Sonucda 2007-ci ilin noyabrından 2008-ci ilin martınadək bu məhsulların qiymətində 14,6, digərlərində isə 11,8 faizlik artım qeydə alınıb.

Hökumətin də oxşar planı mövcuddur. Martda qüvvəyə minmiş qanun hökumətə fövqəladə vəziyyətdə, yaxud təhlükəli xəstəlik yayılanda dərmanların qiymətini dondurmaq səlahiyyəti verir. Əgər bir ay ərzində dərmanlar əsassız olaraq 30 faizdən artıq bahalanarsa, hökumət 90 gün ərzində preparat və tibbi vasitələr üçün maksimum əlçatan qiymət təyin edə bilər.

XS
SM
MD
LG