Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Ermənistanda jurnalistlərin “qısnanmasının getdikcə artması”ndan narahatlıq bildirir. Təşkilat bu ölkədə jurnalistlərin defamasiya iddiaları ilə üzləşdiyini, mənbələrini qorumaq hüquqlarına hücumlar olunduğunu vurğulayır.
“Ermənistan mediasının məhkəməyə çəkilməsi, təqib olunması tendensiyasından narahatıq”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün başçısı Jeanne Cavelier fevralın 12-də bəyanatında deyib.
Mənbələri açıqlamaq tələbi
Cavelier-in sözlərincə, Ermənistanın ədliyyə sistemindən medianın işini əngəlləmək məqsədi daşıyan hüquqi prosedurlarda sui-istifadə olunur və media da özünü müdafiə üçün xeyli resurs sərf etməli olur.
RSF 1in.am xəbər saytı üçün çalışan Sona Harutyunian-ın işini misal çəkir. Onu News.am müxalifyönlü vebsayt məhkəməyə verib. Səbəb də odur ki, jurnalist Facebook postunda News.am-ın keçmiş prezident Robert Kocharian-a məxsus olduğunu yazıb.
Məhkəmə isə qərar çıxarıb ki, o, “qeyri-rəsmi platformada yalnız fikrini ifadə etməsinə baxmayaraq”, “mənbəsini göstərməli”, “faktları təsdiqləməlidir”.
Nəticədə Harutyunian yanvarın 31-də Facebook postunda yazdıqlarını təkzib edib.
Qısnamanın başqa bir qurbanı isə “Zhoghovurd” qəzetinin redaktoru Qnar Manukian-dır. O da məhkəməyə verilib, mənbələrini açıqlaması tələb olunur.
RSF bildirir ki, son 4 ildə jurnalistlərə qarşı defamasiya və təhqir iddiaları üzrə məhkəmə işlərinin sayı üç dəfə artıb. Ədliyyə departamenti 2016-cı ildə 24, ötən il isə 74 belə iddia qaldırıldığını bildirib.
Bolqarıstanda media böhranı
Parisdə mənzillənən qurum fevralın 13-də yaydığı bəyanatda isə Bolqarıstan hakimiyyətini jurnalistlərin qorxudulmasını dayandırmağa çağırıb.
Avropa Parlamentinin Prezidenti David Sassoli “bu biabırçı hücumları aydın şəkildə pisləməlidir”, – RSF-in AB və Balkan bölümünün başçısı Pauline Ades-Mevel söyləyib. Onun sözlərinə görə, blok üzvü olan ölkədə jurnalistlərin “belə institusional və sistematik şəkildə təhdid olunmasına icazə verilməlidir”.
Fevralın 4-də Sofiyada keçirdiyi mətbuat konfransında Baş nazir Boyko Borisov jurnalistləri hindtoyuğuna bənzədib, bir neçə saniyəlik hindtoyuğunu yamsılayaraq media əhlini ələ salmağa çalışıb.
Ertəsi günsə Baş prokuror Ivan Geshev Brüsseldə “Bivol” araşırmaçı xəbər vebsaytının redaktoruna qarşı kəskin davranıb.
Digər neqativ halları sadalayan RSF bildirir ki, Bolqarıstan son 10 ildə ciddi media böhranı yaşayır, çünki bir sıra media orqanları oliqarxlara məxsusdur və jurnalistlər mütəmadi qısnamaya məruz qalırlar.
RSF-in hazırladığı Dünya Mətbuat Azadlığı İndeksində Bolqarıstan 180 ölkə içində 111-ci yerdədir. Bu, AB ölkələri sırasında ən aşağı göstəricidir.