Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 02:44

Azərbaycan xəbərləri

Seçkilərə qatılacaq partiyaların sayı artıb

Milli Məclisin son iclasından görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Milli Məclisin son iclasından görüntülər

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən və səlahiyyətli nümayəndələri orada qeydə alınan siyasi partiyaların sayı 20-yə çatıb.

Bu barədə «Turan» agentliyinə MSK-dan məlumat verilib.

Məlumata görə, MSK-nın bu gün, dekabrın 26-da keçirilən iclasında daha bir partiyanın – Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bundan əvvəl Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Milli İstiqlal, Azərbaycan Demokrat, Böyük Azərbaycan və Vahid Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınmışdı. Habelə, Ana Vətən, Azərbaycan Təkamül, Müsavat, Azərbaycan Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Azərbaycan Liberal Demokrat, Azərbaycan Demokratik Maarifçilik və Müasir Müsavat partiyalarının da qurumda nümayəndələrinin qeydə alındığı bildirilir.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Bu quruma Azərbaycan Xalq Cəbhəsi Partiyası, bir sıra siyasi təşkilatlar və ayrı-ayrı siyasətçilər daxildir.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların bu fikirlərini qəbul etmirlər.

Azərbaycanda 50 civarında siyasi partiyanın olduğu bildirilir.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra da prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Bütün xəbərləri izləyin

Azərbaycanda arı ailələri də azalıb, bal istehsalı da...

Arıçılar tonlarla balı sata bilmirlər: 'Yarmarka bəs eləmir'
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Azərbaycanda ötən il bal istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, martın 12-də yaydığı məlumatda bildirilir.

Rəsmi açıqlamaya əsasən, 2025-ci ildə arıçılıqla məşğul olan 29 min 456 təsərrüfatda mövcud olan 545.1 min arı ailəsindən 4 min 757 ton bal, 122.9 ton mum, 7.5 ton vərəmum, 14.9 ton güləm və 254 kq arı südü əldə edilib: "İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28.5 manat, mumun – 17.7 manat, vərəmumun – 135.3 manat, güləmin – 154.6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6.8 manat olub".

DSK xatırladır ki, 2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5.9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2.1 faiz, bal istehsalı 7.9 faiz, mum istehsalı 6.9 faiz, vərəmum istehsalı 12.2 faiz, güləm istehsalı 11.2 faiz azalıb, arı südü istehsalı isə 6.2 faiz artıb.

Rəsmilər bunun səbəbi ilə bağlı hər hansı açıqlama verməyiblər. Amma ekspertlər bunu anormal qarsalayıblar. Onlar deyirlər ki, əslində son illər Azərbaycanın işğaldan azad edilən əraziləri arıçılığın da inkişafına təkan verməlidir. Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanda bal istehsalının 14 faiz artdığı açıqlanmışdı.

Xatırlatma

Arı mumu bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddədir. Arı şanı toxuduqdan sonra onun içərisinə bal yığır və bala qoyur.

Vərəmum bitkilərin tumurcuqlarından toplanmış qatranabənzər müalicəvi məhsuldur.

Güləmə arı çörəyi də deyirlər. Arı südü isə cavan arılarda xüsusi vəzlərdə yaranır.

Azərbaycan iqtisadiyyatı kiçilməkdə davam edir

Cənubi Qafqazda ÜDM ən az Azərbaycanda artır: Qonşuları niyə Bakını qabaqlaya bilir?
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473.1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə martın 12-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz çoxdur.

"İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 1.4 faiz artmışdır", - DSK əlavə edir.

Halbuki ötən ay DSK bildirmişdi ki, illik artım 1.7 faizdir.

Hələ onda müstəqil iqtisadçılar bunu yetərli saymamışdılar. Onlar vurğulayırdılar ki, Azərbaycan ÜDM-nin artım tempinə görə qonşularından geri qalır.

2025-ci ildə ölkədə 129.1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.4 faiz çox ÜDM istehsal olunmuşdu. Azərbaycan hökumətinin həmin ilin əvvəlinə aid proqnozuna görə, artım 3.5 faiz olmalı idi.

Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatında kiçilməni neft hasilatının azalması və onun ucuzlaşması ilə izah edirdilər.

Bu ilin martında isə dünyada neft bahalaşmaqdadır. Ölkənin ixracının 85 faizi neft və qazın payına düşür.

Putin Əliyevə zəng vurub

V.Putin
V.Putin

Martın 11-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin həmin ölkəyə humanitar yardımın keçməsinə yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı onlar Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

"Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib", - məlumatda deyilir.

Dörd il əvvəl, fevralın 22-də Moskvada Əliyevlə Putin iki ölkə arasında "…Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm iqtisadi və həm də bir çox sahələr üzrə əməkdaşlığın gücləndirilməsi vacib sayılır.

2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin Qazaxıstanda qəzasından (Qəzada 38 nəfər həlak olub) sonra iki ölkənin münasibətlərində soyuqluq müşahidə edilmişdi. Azərbaycan rəsmiləri deyirdilər ki, təyyarəyə Rusiya ərazisində silahlı müdaxilə olub, qarşı tərəf üzrxahlıq edib kompensasiya ödəməli və təqsirkarları cəzalandırmalıdır. İndiyə kimi bəzi vədlərə baxmayaraq, üzrxahlıqdan başqa Azərbaycanın sadalanan şərtləri yerinə yetirilməyib. Bununla belə, son dönəmlər hər iki ölkənin rəsmiləri əməkdaşlığın gücləndirilməsindən bəhs etməkdədirlər.

ABŞ və İsrail fevralın 28-də İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri İranın nüvə proqramını təhdid sayır, bu ölkədə azadlıqların silah gücünə yatırılması tənqidlərə səbəb olub. Lakin tərəflərin, əsasən, nüvənin zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı illərlə çəkən danışıqları nəticəsiz qalıb.

Kartof artıq hər həftə bahalaşır

Kartof
Kartof

Son həftələr Azərbaycanda kartofun qiymətində ardıcıl bahalaşma müşahidə edilir.

Bakı sakinlərinin bildirməsinə görə, qiymət artımı, əsasən, martdan özünü göstərməyə başlayıb. Onlar vurğulayırlar ki, ötən ay kiloqramı ortalama 1 manat olan kartof sortları martın əvvəlində 1 manat 20 qəpiyə yüksəlib.

Sakinlərin sözlərinə görə, kartofda qiymət artımı son günlər da davam edib. İndi marketlərdə kartofun ortalama 1 manat 50 qəpiyə təklif olunduğu vurğulanır.

Rəsmilər kartofun qiymətində 50 faizə yaxın bahalaşmanı, hələlik, izah etmirlər. Amma ekspertlər bunu, əsasən, İranda yaranan vəziyyətlə yozurlar. Onlar deyirlər ki, bu ölkə xaricə kartof ixracını müvəqqəti dayandırıb. Üstəlik, Azərbaycana Pakistan kartofu da İran üzərindən gətirilirdi.

Ekspertlər vurğulayırlar ki, Azərbaycan hökuməti son illər kartofçuluğun inkişafına diqqət yetirdiyini açıqlasa da, bu məhsulla bağlı idxaldan asılılığı tam aradan qaldırmayıb.

Azərbaycanda karbamid ixracı 30 faizdən çox azalıb

Sumqayıtda karbamid zavodu
Sumqayıtda karbamid zavodu

Azərbaycanın ixracında son illər qeyri neft-qaz malları içində mühüm yer tutan karbamid ixracı azalıb.

Bu ilin yanvarında Azərbaycandan xaricə 14.2 milyon ABŞ dolları dəyərində karbamid göndərilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın fevral sayında bildirilir.

Məlumata görə, bu, 2025-ci ilin yanvarındakı göstərici ilə müqayisədə 6.8 milyon ABŞ dolları və ya 32.4 faiz azdır.

Bu ilin yanvarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 268.4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22.6 faiz artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Rəsmilər karbamid ixracının azalmasını hələlik şərh etməyiblər. 2019-cu ildə fəaliyyətə başlayan SOCAR (Azərbaycan Dövlət Neft Şirkətinin) Karbamid Zavodunun qısa müddətdə regionun ən müasir azot gübrəsi istehsalçılarından birinə çevrildiyi iddia edilirdi. Son illər karbmid ixracı Azərbaycanın qeyri neft-qaz mallarının ixracında mühüm yer tuturdu. 30 faiz azalmadan sonra belə o, xaricə çıxarılan qeyri neft-qaz malları içində qızıl, meşə fındığı, xurma, mis filizləri və konsentratlarından sonra 5-ci yeri tutur.

Azərbaycanda un bahalaşıb

Azərbaycan hələ də buğdaya tələbatını niyə ödəyə bilmir?
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycanda son günlər unun qiymətində bahalaşma müşahidə edilir.

Hazırda Bakının topdansatış məntəqələrində 50 kiloqramlıq bir kisə un 30 manata satılır. Halbuki, bundan öncə eyni markalı 50 kiloqramlıq unun kisəsi 29 manata təklif edilirdi.

Rəsmi qurumlar bununla bağlı hər hansı fikir bildirməyiblər.

Son həftələr Azərbaycanda bəzi növ çörəklərin də bahalaşdığı ilə bağlı şikayətlər eşidilir. Ayrı-ayrı Bakı sakinlərinin sözlərinə görə, bəzi növ çörəklərin qiymətində 10-15 qəpik artım var. Amma belə şikayətləri rəsmi qurumlar təsdiqləməmişdilər.

Ekspertlər isə deyirlər ki, Azərbaycan keyfiyyətli buğda ilə özü-özünü təmin edə bilmir, nəticədə də sahibkarlar qiyməti istədikləri formada dəyişə bilirlər.

Elmar Hüseynovun qətlindən 21 il keçir

Elmar Hüseynov Heydər Əliyev haqda nələr yazırdı
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Bu gün, martın 2-də "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 21 ili tamam olur.

Onu 2005-ci il martın 2-də işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs (şəxslər) odlu silahla qətlə yetirib. Hadisənin üstündən 21 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin xanımı və azyaşlı oğlu Norveçə mühacirət edib.

E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda doğulub. 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

O, 1995-ci ildən jurnalist fəaliyyətinə başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. 1995-ci ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. Həmçinin "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı AİHM-ə onun xanımı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərlə bağlı isə 10 min avro təzminat ödəyib.

Azərbaycan hüquq-mühafizə orqanları isə bəyan ediblər ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstəriblər.

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti olacaq

Çin, Almaniya, Fransa edib, Azərbaycan yox... - Sosial media uşaqlara qadağan olunacaqmı?
Gözlə

No media source currently available

0:00 0:11:52 0:00

Prezident İlham Əliyev "uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrini üç aya hazırlayıb ona təqdim etsinlər.

Habelə, məktəbəhazırlıq qruplarında, ümumi təhsil müəssisələrində mobil, elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi tapşırılır.

Xatırlatma

Amma belə hal dünyada bir elə də yayılmayıb. Yalnız ötən il dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri, söz azadlığı müdafiəçiləri isə tənqid ediblər.

Ardınca Böyük Britaniya da, Avstraliya kimi, uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.

Azərbaycanda isə bəzi ekspertlər hökumət orqanlarının bu məhdudiyyətdən sui-istifadə edəcəklərindən narahatdırlar. Onların fikrincə, ölkədə fundamental azadlıqlar qorunmur. Hərçənd, rəsmilər bununla razı deyillər.

Zamin Salayevin də cərimə kamerasına salındığı deyilir

Zamin Salayev
Zamin Salayev

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin Salayevin cərimə kamerasına (karser) salındığı bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib. Partiyadan vurğulandığına görə, dünən, fevralın 26-da o, telefon danışığında səhhətinin yaxşı olmadığını deyib: "Əlavə edib ki, onu, deyəsən, karserə salmaq istəyirlər, müəssisə rəhbərliyi tərəfindən problem yoxdur, sifariş başqa yerdən gəlib".

Bu məlumata 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və Ədliyyə Nazirliyinin məsul şəxslərindən münasibət almaq mümkün olmayıb.

Son günlər Azərbaycan həbsxanalarında cəza çəkən başqa siyasi məhbus sayılan şəxslərdən də bəzisinin cərimə kamerasına salınması ilə bağlı şikayətlər eşidilir. Amma belə məlumatları rəsmilər nə təsdiq, nə də təkzib ediblər.

Hazırda Azərbaycan həbsxanalarına 340 civarında siyasi məhbusun olduğu bildirilir. Lakin rəsmilər siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Z.Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Salayev həmin il fevralın 7-də saxlanmışdı, o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) maddəsi ilə ittiham edilirdi. AXCP fəalı ittihamı qəbul etmir.

Xatırlatma

AXCP-nin fəal üzvlərindən (Salyan şöbəsinin sədri) Z.Salayev bundan əvvəl, 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsində 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizov ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda AXCP üzvü Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbsə məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da - Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay əvvəl azadlığa çıxmışdı.

Bu il Azərbaycanda vaxtı keçmiş kreditlər artıb

Problemli kreditlər azalmır, artır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib.

Mərkəzi Bankın (AMB) bu gün, fevralın 26-da yaydığı hesabatdan bəlli olur ki, bu, yanvarın 1-i ilə müqayisədə 6.3 faiz çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17.35 faiz artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7 faiz təşkil edib. Bu nisbət ötən ilin sonuna 1.6 faiz olub.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. Lakin sonradan vaxtı keçmiş kreditlərdə yenidən azalma müşahidə edilmişdi. Bununla belə, 2024-cü ilin sonlarından yenidən əks proses getməyə başladı.

İqtisadçılar bunu əhalinin maddi vəziyyətinin nisbətən ağırlaşması ilə izah edirlər.

Əliyev Yerevan sammitinə getməyəcək

Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti zamanı Paşinyan-Əliyev görüşü. 2 oktyabr 2025
Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti zamanı Paşinyan-Əliyev görüşü. 2 oktyabr 2025

"Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur". Yerli saytların məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb.

Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək

Bu qurum 2022-ci ildə, xüsusilə Ukraynadakı müharibədən sonra Avropada təhlükəsizlik və sabitliyi artırmaq məqsədilə təsis edilib.

Onun 7-ci sammiti ötən il Danimarkada keçirilib. Bu ilin yaz sammitinin Ermənistanda, 2028-ci ilin yazında isə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən ilin avqustunda isə Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Üstəlik, Azərbaycan Ermənistana onun ərazisindən daşınmaları da bərpa etdiyini açıqlayıb.

Xocalı faciəsindən 34 il keçir

26 fevral - Xocalı qurbanlarının anım günüdür
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Azərbaycanda hər il fevralın 26-da rəsmi qaydada Xocalı faciəsi yad edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi bildirilir. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra da Qarabağdan erməni əhali köç edib.

Ötən ilin avqustunda isə Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Üstəlik, Azərbaycan Ermənistana onun ərazisindən daşınmaları da bərpa etdiyini açıqlayıb.

Sığorta bazarı bu il 4 faizdən çox kiçilib

Azərbaycanda sığorta problemi: Sənədsiz evlərə cərimə tətbiq olunacaq?
Gözlə

No media source currently available

0:00 0:06:02 0:00

Bu ilin yanvarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 156.6 milyon manat olub. Mərkəzi Bank (AMB) bildirir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4.3 faiz azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62 milyon manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 30 faiz çoxdur.

Müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda sığorta bazarında bir elə də rəqabət mühiti yoxdur. Onların fikrincə, bu da həm dövlətin, həm də vətəndaşların maraqları ilə üst-üstə düşmür.

Halbuki, ötən il bu sahədə sürətli artım olduğu bildirilirdi. Rəsmi açıqlamalara görə, 2025-ci ildə Azərbaycanda sığorta bazarının həcmi 10 faiz artaraq 1.5 milyard manata çatmışdı.

KOBİA ilə AZPROMO birləşdirildi

İlham Əliyev
İlham Əliyev

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) əsasında yeni qurum yaradılır.

Bununla bağlı bu gün, fevralın 24-də prezident İlham Əliyev fərman verib.

Yeni yaradılan qurum İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi olacaq.

KOBİA 2017-ci, AZPROMO isə 2021-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (2003) əsasında təsis edilib.

Fərmana sözügedən qurumların kollektivlərindən münasibət almaq mümkün olmayıb.

Ötən həftə prezident Azərbaycanda 10 civarında publik hüquqi şəxsin birləşdirilərək yenidən yaradılması ilə bağlı fərman imzalamışdı. Fərman həmin qurumlarda idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə izah edilmişdi.

Müstəqil ekspertlər isə hesab edirlər ki, Azərbaycanın əsas gəliri - neft hasilatı azaldıqca və qiymətdən düşdükcə, hökumət belə optimallaşdırmaya gedir. Üstəlik, onlar düşünür ki, belə addımlar ölkədə reallıqda işsizlərin sayını artırır.

Azərbaycanda ödənişli yollarda sürət artırıldı

Prezident İlham Əliyev pullu yolun açılışında. 2023
Prezident İlham Əliyev pullu yolun açılışında. 2023

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.

Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddi minik və çəkisi 3.5 tondan az yük avtomobilləri üçün 130 kilometr/saat müəyyən edilir. İri avtobuslar, qoşqulu minik avtomobilləri və 3.5 tondan artıq yük avtomobilləri üçün isə 90 kilometr/saat.

Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.

Ölkədə hazırda əsas ödənişli yol "Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi" yeni avtomobil yoludur. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan bu yolun 129 kilometrlik hissəsi ödənişli əsaslarla fəaliyyət göstərir.

Qiymətlər avtomobildən asılı olaraq dəyişir.

- minik avtomobilləri və kütləsi 3.5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9.3 qəpik (bütün yol üçün 12 manat)

- kütləsi 3.5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri.. üzrə 1 km-ə 11.6 qəpik (15 manat)

- avtobuslar üzrə 1 km üçün 7.8 qəpik (10 manat)

- TIR-lar üzrə 1 km-ə 19.4 qəpik (25 manat)

Müstəqil ekspertlər hesab edir ki, böyük neft pullarının gəldiyi bir ölkədə ödənişli yolların olması və orada sürət həddinin artırılması sosial bərabərliyə imkan vermir. Həmin yolla müqayisədə alternativ ödənişsiz yolun isə nisbətən əlverişsiz olduğu vurğulanır.

Ekspertlərə görə, qanunvericiliyə bu dəyişiklik "pulun varsa, sürətdə problem yoxdur" deməkdir.

Davamı

XS
SM
MD
LG